“Bir yumruq atdım, tutmadı, ikincisi sifətindən dəydi...” - YOLU KEÇƏN PİYADANI YUMRUQLA ÖLDÜRƏN ABDULLA / VİDEO

Baxış sayı:
3388

Kiyevdə yolu keçən piyadanı ona söydüyü üçün yumruqla vurub öldürən Azərbaycan vətəndaşı Abdulla Əzizli ötən gün çıxarıldığı məhkəmədə həbs olunub. Ukrayna KİV-ləri artıq iki gündür bu səs-küylü hadisə haqda yazır, geniş reportajlar verir.

TSN telekanalının məhkəmədən hazırladığı reportajda deyilir ki, taksi sürücüsü işləyən Abdulla məhkəmədə verdiyi ifadədə piyadanı öldürmək istəmədiyini deyib. Lakin ölən şəxsin yaxınları buna inanmır və ədalət tələb edir.

Hadisə fevralın 19-da baş verib, “Hyundai” avtomobilinin sürücüsü piyada keçidində yolu keçən Kiyev sakinini yumruqla vurub. Aldığı zərbədən 52 yaşlı Vladislav Kornienko yerə yıxılıb, sürücü isə hadisə yerindən uzaqlaşıb. Kornienko təcili yardım briqadası gələnə qədər keçinib, polislər sürücünü çox keçmədən yaxalayıblar. Hadisə sərxoş halda yolu keçən piyadanın ona yol vermədiyi üçün sürücünü söyməsi səbəbindən baş verib.

Məhkəmədə zərərçəkmiş qismində Kornienkonun qızı Polina ifadə verib. Deyib ki, atasının başına gələnlər haqda xəbərlərdən və internetdə yayılan videodan öyrənib. O, təqsirləndirilən şəxsin cəzalandırılmasını tələb edib, bildirib ki, Abdulla atasını qəsdən öldürüb.

Abdulla Əzizli isə məhkəmədə deyib: “Mən sadəcə olaraq qorxutmaq istəyirdim. Bilmədim ki, belə olacaq. Mən and içirəm ki, onu öldürmək niyyətim olmayıb”.

Abdulla əlavə edib ki, piyada onu söydüyü üçün maşından düşüb ona bir yumruq vurub:“Bir yumruq atdım, tutmadı, ikincisi sifətindən tutdu, o yıxıldı. Ola bilsin heç yumruqdan ölməyib, yıxılanda başı yerə dəyib ölüb”.

Azərbaycan vətəndaşı ukraynalı ilə evli olduğu üçün bu ölkədə yaşayış icazəsinə malikdir, taksi sürücüsü işləyir. İdarə etdiyi avtomobil qaynanasının adınadır. Məhkəmədə onun ifadəsini arvadı Mədinə göz yaşları içərisində dinləyib. “O, istirahət günü olmadan işləyir. Heç kimlə dalaşmayıb. O, qəddar deyil. Çox xeyirxah adamdır. Biz onlara (həlak olanın ailəsinə,-red.) kömək etməyə hazırıq, nə lazımsa edə bilərik”,-o bildirib.

Bu zaman hakim ölən şəxsin qızına sual edib: “Bu üzrxahlığı qəbul edirsənmi?”. Polina isə “Yox” cavabı verib.

Məhkəmədə vəkil Abdullanın barəsində daha yumşaq qərar çıxarılmasını xahiş edib, amma məhkəmə 2 aylıq həbs qətimkan tədbiri seçib. İrəli sürülən ittiham üzrə Abdullanı 10 ilə qədər həbs gözləyir./Virtualaz.org