Hikmət Hacızadədən Moskva müftisinə cavab: “Ruslar çoxarvadlılığa əxlaqsızlıq kimi baxır”

Baxış sayı:
7394

Moskva müftisi İldar Alyautdinov  Rusiyada çoxarvadlılığın qanuniləşdirilməsi təklifini irəli sürüb. Müfti bunu qadınların kişilərə nisbətən daha çox sosial problemlərinin olması ilə əlaqələndirib. Müfti bildirib ki, bu praktika dünyanın bir çox ölkələrində tətbiq edilir. Alyautdinov misal olaraq bəzi dinləri, o cümlədən İslam dinini misal göstərib.

Müfti həmçinin qeyd edib ki, Rusiyada qadınların sayı kişilərdən 10 milyon nəfər çoxdur. Bundan əlavə, bir çox qadınlar ya dul qalıb, ya da boşanıblar. “Çoxarvadlılığın leqallaşdırılması qadın hüquqlarının qorunması demək olar” deyə müfti vurğulayıb. Rusiyalı ilahiyyatçı əlavə edib ki, çoxarvadlılıq qadınların bərabərhüquqlu ikinci arvad kimi yaşaması üçün mexanizm yaratmağa imkan verəcək.

Xatırladaq ki, Moskva müftisi 2015-ci ildə də bu cür təklif irəli sürmüşdü. Belə ki, həmin vaxt Çeçenistanda evli bir polisin 17 yaşlı qızla evlənib, media önündə toy etməsi geniş müzakirələrə səbəb olmuşdu. Moskva müftisi də həmin müzakirələrə qoşularaq öz dəstəyini vermiş və bildirmişdi ki, Rusiyada da qadınların sayı kişilərin sayından 16 faiz çoxdur, bu baxımdan çoxarvadlılıq məsələsini qanuniləşdirmək lazımdır: “Quran çoxarvadlılığa icazə verir. Amma bu, tələb deyil, istisna olaraq buyurulur. Müsəlmanlar müəyyən edilmiş şərtlər daxilində ikinci və yaxud üçüncü arvadı ala bilər. Müftinin fikrincə, Rusiyada milyonlara dul və yaxud boşanmış qadın bu qərarı dəstəkləyəcək. Qeyd edək ki, hər il Rusiyaya işləməyə milyonlarla miqrantlar gəlir. Rusiyanın özünün yaydığı statistikaya görə, təkcə bu ilin birinci yarısında bu ölkəyə daxil olan 15 milyon əcnəbinin 2,4 milyonu sırf işləmək məqsədilə gəlib. Gələn miqrantların arasında Özbəkistan vətəndaşları birinci yeri (918 min nəfər), Tacikistan ikinci yeri (524 min nəfər), Qırğızıstan isə üçüncü yeri (265 min) tutur. Ötən ilin statistikasına görə isə Rusiyaya işləməyə gedən azərbaycanlıların sayı 600 mindən çox olub. Bu da onu göstərir ki, Rusiyaya gedən miqrantların böyük əksəriyyəti müsəlmanlardır. Beləliklə, Rusiya ailə institutunda dəyişiklik edərək, çoxarvadlılığa icazə verərsə, bu, daha çox müsəlmanlar, yoxsa ruslar üçün sərfəli olar?

Hikmət Hacızadə: ile ilgili görsel sonucu

Hikmət Hacızadə: “Ruslar belə məsələyə əxlaqsızlıq kimi baxır”

Azərbaycanın Rusiyada keçmiş səfiri olmuş, politoloq Hikmət Hacızadə mövzuya bu cür münasibət bildirdi:

“Bu təklif ondan irəli gəlir ki, Rusiyada qadınların sayı kişilərin sayından çoxdur. Həmçinin müsəlman adətləri də burada öz təsirini göstərir. Guya ki, İslam dinində 4 arvad da almaq olar. Lakin inanmıram ki, bu Rusiyada mümkün olsun. Çünki Rusiya mədəniyyəti xristian-provaslav mədəniyyətidir və bu mədəniyyətdə bu cür şeylər qadağandır. Ümumiyyətlə, Rusiyada çoxarvadlılığa əxlaqsızlıq, məhəbbətin olmaması, qadının alçaldılması kimi baxırlar. Odur ki, inanmıram ki, bu təklif keçsin”.

Əhməd Qəşəmoğlu: ile ilgili görsel sonucu

Əhməd Qəşəmoğlu: “Bu kiminsə ağlına təsadüfən gələn təklif deyil”

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, təklif olunan məsələ heç də təsadüfi deyil: “Təxminən 10 ilə yaxın Rusiyada yaşamışam. Bu baxımdan bu dövləti yaxından tanıyan şəxs kimi deyə bilərəm ki, bu məsələlər elə-belə, kiminsə ağlına təsadüfən gələn təkliflər deyil. Bu cür təkliflər olanda arxada kifayət qədər düşünülmüş planlar olur. Bizdən fərqli olaraq Rusiyada kifayət qədər sosioloji problemləri araşdıran, öyrənən institutlar var. Bəli, bu məsələ özünü doğrulda bilər. Əvvəla Rusiyanın özündə də hazırda cinsi yolla yoluxan xəstəliklər sürətlə artıb. Ən qorxulu xəstəliklərin statistikası digər qonşu ölkələrdən çoxdur. Buna görə də ailə institutlarında bu cür sərgüzəştləri azaltmaq üçün belə bir modelləri ortaya qoya bilərlər. Bu, həm Rusiya vətəndaşının sayının artmasına köməklik edə, həm də əhalinin özünün keyfiyyətini müəyyən qədər dəyişə bilər. Sosial miqrantlar adətən gənc yaşında olan gənclər olur. Bu da ölkədəki  etnik münasibətlərə daha arzuolunmaz nəticələr gətirib çıxara bilir. Lakin yeni doğulmuş insanlar olanda onları bağça, məktəb yaşlarında öz ölkəsinin dəyərlərinə uyğun olaraq böyüdürlər. Belə model daha faydalı olur.  Düşünürəm ki, bu təklifin arxasında daha strateji hədəflər var”.//musavat