Üç ölkə “saat əqrəbləri”ni tutuşdurur - Bakıda

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimində əsas hədəf və mesaj; tale ortaqları regiondakı işğal ortaqlarına qarşı, yaxud Ermənistan inkişaf yoluna çıxmaq istəyirsə... Dünən Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi başlayıb. Musavat.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə “Qafqaz Qartalı-2019" təlimi start götürüb. Təlimdə hava komponentlərindən də istifadə olunmaqla şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqlar yerinə yetiriləcək. Oktyabrın 1-dək davam edəcək təlimdə Pakistan hərbi qulluqçuları müşahidəçi qismində iştirak edir. ***** Qeyd edək ki, bundan qabaq analoji təlim Gürcüstanda keçirilib. “Qafqaz Qartalı-2019" bu xüsusda üç qonşu dövlət arasında öncəliklə hərbi sferada əməkdaşlığın yüksələn xətlə davam etdiyini göstərir və yəqin ki, ən çox işğalçı Ermənistanda, yumşaq desək, qıcıq doğuracaq. Daha bir neçə amilə görə. Hər halda, gerçək belədir ki, Gürcüstanın Ermənistanla münasibətləri ilk baxışda normal olsa da, hər iki tərəfdən yüksək çinli rəsmilərin, o cümlədən müdafiə nazirlərinin İrəvan və Tiflisə qarşılıqlı səfərləri vaxtaşırı reallaşsa da, Gürcüstan-Ermənistan əlaqələri on illər ərzində dərinə işləyə bilməyib. Bunun bir səbəbi Ermənistanın bölgədə Rusiya üçün yeganə forpost rolu oynaması, Rusiyanın isə Gürcüstanla münasibətlərinin böhran yaşamasıdırsa (2008-ci ildən iki ölkə arasında diplomatik əlaqələr də kəsilib), digər səbəb Tiflisin obyektiv səbəblərdən Bakı və Ankaranın yanında durması, Türkiyə və Azərbaycanın yer aldığı təhlükəsizlik sistemində təmsil olunmaq zorunda qalmasıdır. Bu da təbiidir. Çünki inkişaf, tərəqqi hələ də imperiya ədaları ilə yaşayan, postsovet ölkələrin müstəqilliyinə və suverenliyinə yuxarıdan aşağı baxan, onları özünün “arxa bağçası” sayan Rusiya ilə müttəfiqlikdə yox, NATO üzvü Türkiyənin təmsil olunduğu proqressiv və etibarlı sistemə qoşulmaqdadır. Üstəgəl, Azərbaycanla Gürcüstan tale ortaqları, Rusiya ilə Ermənistan isə işğal ortaqlarıdır. Şübhəsiz, sonuncu amil də regionda dost-düşmənlərin geosiyasi, geohərbi və geoiqtisadi maraqlar əsasında təsnifatına özünəməxsus təsirini göstərir. Ortaq geoiqtisadi maraqların başında isə bölgədən keçən və Avropaya doğru uzanan iri neft-qaz kəmərləri, dəmir yolu xətləri, habelə hazırda tikilməkdə olan və gələn il tam istismara veriləcək Cənub Qaz Dəhlizi (TAP, TANAP) gəlir. Onların təhlükəsizliyi Bakı, Ankara və Tiflisi birgə addımlar atmaq zorunda qoyur ki, “Qafqaz Qartalı-2019" təlimləri öncəliklə bu hədəfə xidmət edir. Beləcə, 3 qonşu dövləti yaxınlaşdıran daha bir ortaq maraqdan - təhlükəsizlik maraqlarından danışmaq lazım gəlir. Başqa sözlə, Bakı birgə təlimləri əslində ən əvvəl bölgədə iki işğalçı və müttəfiq ölkənin - Ermənistan və Rusiyanın Ankara-Bakı-Tiflis “oxu”na qarşı mümkün təhdid və hədələrini neytrallaşdırmağa, onları belə addımlardan çəkindirməyə hesablanıb. Xüsusən də vaxtaşırı neft-qaz kəmərlərini, Mingəçevir SES-i vurmaqla hədələyən Ermənistana çox ciddi mesajdır. Təsadüfi deyil ki, düşmən ölkədə bir müddətdir Azərbaycan, Türkiyə və Gürcüstan arasında artıq ortaq hərbi birləşmələrin, hətta ortaq ordunun yaradıldığı, Ermənistanın bölgədə tədricən təkləndiyi haqda həyəcanla danışırlar. Ancaq bunun yeganə səbəbkarı Ermənistanın özü və apardığı işğalçılıq siyasətidir. Ona görə ki, bu işğalçılıq olmasaydı, Güney Qafqazın üç ölkəsi vahid mövqedən, müttəfiq kimi, geosiyasi yumruq kimi çıxış edər, ortaq inkişaf yolu tutar, Rusiya regionda at oynatmazdı. Bu mənada “Qafqaz Qartalı - 2019" təlimləri həm də üç ölkənin ”saat əqrəbləri"ni tutuşdurması anlamına gəlir. *****