Putinin növbəti siyasi manevri...

Və yaxud Rusiyanın Suriyada aktivləşməsinin səbəbləri
Rusiya prezidenti Donbasda savaşı səngitmək və “barış əldə olundu” illüziyası yaratmaqla, qoşunları Suriyaya göndərmək, orada vəziyyəti gərginləşdirməklə bir neçə məqsədi hədəfləyir...
Rusiya prezidenti növbəti dəfə Krımda görsəndi, özü də tək deyil, italyan dostu sabiq baş nazir Silvio Berluskoni ilə qol-qola gəzərək. Bu, təbii ki, Berluskoniyə Krımın gözəlliyini nümayiş etdirmək istəyindən irəli gəlmirdi. Çünki Silvio belə “gözəl” və “gözəlçələri” həyatında çox görüb və belə qısa müddətli qeyri-siyasi illüziyalara aldanacaq biri deyil. Bu, Putinin ucunda bir geosiyasi məqsəd olan dəstək gəzintisiydi və bununla dünyaya “Krımdan gözünüzü çəkin, o artıq bizimdir” mesajı verilirdi. Xüsusilə də sentyabrın 28-də başlayacaq BMT yubiley assambleyası ərəfəsində...
Amma bunu Donbas haqda demək olmaz. Çünki Krımdan sonra Ukraynanın 8 əyalətinin Putinin ayaqlarına səriləcəyini vəd edənlər yalnız Donetsk və Luqanskın bir həssəsini ələ keçirə bildilər ki, burada da Putinin dostlarıyla əlini-qolunu sallayaraq gəzməsi mümkünsüz hala gəlib. Bununla da “Novorossiya” ideologiyası suya düşüb, “möhtəşəm rus ordusu”, “yaşıl adamcıqlar” mifi sabun köpüyü kimi yox olub.
Ancaq bu, o qədər də asan başa gəlməyib. Rusiyanı “Böyük səkkizlər”dən çıxarmaq, rus ailələrinə minlərlə “qruz 200” kodu altında göndərilən cənazə tabutları, bir tərəfdən Qərbin Ukraynaya dəstəyi, digər tərəfdən Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalar, neftin qiymətinin dünya bazarında aşağı salınması, Malayziya təyyərəsinin vurulması, Rusiyanın beynəlxalq səviyyədə diplomatik izolə olunması kimi böyük bir bədəl ödənilib. Məhz bu bədəlin hesabına Yaltada Putinə verilən “niyə DNR və LNR-i Rusiyaya birləşdirmirsiniz” sualına, “bu, mənimlə deyil, Kiyevlə danışılmalıdır”, deyə cavab verdi. Bu isə təbii olaraq ictimai rəydə “Putin Donbası təhvil verir” kimi suallar yaratdı.
Gerçəkdə isə son Minsk danşıqlarından sonra cəbhə xəttində nisbi sakitlik hökm sürür. Artıq bu regionlarda seçkinin keçirilməsindən söhbət gedir. Hətta Donbasda olan rus qoşunlarının Suriyaya göndərilməsi haqda intensiv informasiyalar dolaşır.
Baş verən hadisələrin zamanına diqqət edəndə bunların heç də təsadüf olmadığı qənaəti yaranır. Putin öz siyasətində BMT-nin yubiley toplantısı ərəfəsində kardinal dəyişikliklər edir. Anlayır ki, Donbasda olan savaşın zəfəri hərbi yolla olmayacaq, əksinə, həm getdikcə güclü ordu yaradan Ukraynanın güclü dirənişi, həm də Qərbin artan sanksiyalarıyla itkilərin miqyası artacaq. Ona görə də Putin artıq Kiyevlə hər sahədə əməkdaşlığın başladılmasından danışmağa başladı. Üstəlik, Putinin geri çəkilməsi üçün heç bir zaman olmayacaq qədər zəmin, şərait, bəhanə də yaranıb. Artıq Ukrayna Radası “mərkəzsizləşdirmə” qanununu birinci oxunuşda qəbul edib, yaxın günlərdə isə qəbul edilməsi gözlənilir. Bu kontekstdə oktyabrın-25 yerli seçkilərin keçirilməsi planlaşdırılır ki, danışıqlarda bu seçkinin bütün Donbas ərazisində keçirilməsi də müzakirə olunur. Bununla da Putinə rus xalqına “Donbas üçün müəyyən statuslar, özünüidarə hüquqları qazandırdıq” kimi moizələr oxumağa şərait yarandı.
Ancaq bu hələ savaşın sonu demək deyil. Sadəcə Putinin növbəti siyasi manevridir. O, Donbasda savaşı səngitmək və “barış əldə olundu illüziyası” yaratmaqla, qoşunları Suriyaya göndərmək, orada vəziyyəti gərginləşdirməklə bir neçə məqsədi hədəfləyir.
Birincisi, dünyanın diqqətini Ukraynadan yayındırmaq və “orada savaş bitdi” deyə fikir yaratmaqla daha ağır sanksiyaların qarşısını almaq və gələcəkdə məhdudiyyətlərin aradan qaldırılmasına nail olmaq.
İkincisi, ağırlıq mərkəzini Suriyaya yönəltməklə sosial-demoqrafik vəziyyəti gərginləşdirmək və Avropaya qaçqın miqrasiyasını stimullaşdırmaq, Suriyada ikinci hərbi bazasını yaratmaqla orada həlledici gücə çevrilmək və Suriyanın gələcək siyasi taleyində söz sahibi olmaq.
Üçüncüsü, İŞİD-ə qarşı mübarizədə daha böyük koalisiya təklifi verməklə həm “sülhpərvər” imicini yenidən bərpa etmək, həm də bu mübarizədə Əsəd rejiminin tərəf olaraq çıxış etməsini təmin etməklə beynəlxalq rəydə yenidən legitimləşdirmək.
Dördüncüsü, bu planın İranla razılaşdırılmış şəkildə həyata keçirməklə rəsmi Tehranın gələcəkdə Qərbin təsir dairəsinə düşməsinin qarşısını almaq.
Beşincisi, Suriyada möhkəmlənməklə ABŞ-ı Rusiyanı ikinci dünya gücü səviyyəsində qəbul etməyə məcbur etmək.
Altıncısı, Putinin BMT-nin yubiley assambleyasına əli dolu getməklə, həm Ukraynada savaşı dayandırdığını, həm də İŞİD-ə qarşı yeni “Putin planı”nı təklif etməklə dünya liderləri tərəfindən tətbiq edilən diplomatik və siyasi izolədən çıxmaq.
Bütün bunların fonunda Putinin siyasi planında daha 2 alt məqsədin yatdığinı təxmin etmək olar. Birincisi, Rusiya bununla BMT TŞ-da səsvermə hüququnun əlindən alınmasının qarşısını almaq,(artıq Ukrayna belə bir təkliflə çıxış edəcəyi bəllidir), ikincisi, Malayziya təyyarəsinin vurulma məsələsini beynəlxalq tribunaya daşınması məsələsini birdəfəlik ləğv etmək istəyir. Çünki tribunal vasitəsilə Putin öz gələcək siyasi karyerasının məhv olacağını bilməmiş deyil. Ən azından ortada gözü çıxmış slavyan qardaşı Serbiya diktatoru Miloşeviçin faciəvi həyat praktikası var.
Bütün bu deyilən səbəblər toplusunu cəmləsək, o nəticəyə gəlmək olar ki, Putin Qərblə buzları əritmək, anlaşmaq istəyir. Rusiya XİN rəhbəri Lavrovun ciddi-cəhdlə “əgər Obama istəsə Putin onunla görüşməyə hazırdır” fikri də bu kontekstdə dəyərləndirilməlidir. Çünki bu münasibətlərin tənzimlənməsi üçün Nyu Yorkda qərar verəcək tək kişi məhz Obama və ABŞ-dır.
Ancaq Putinin Qərblə anlaşacığı yönündə o qədər optimist olmağa da dəyməz. Ən azından ABŞ dövlət katibinin köməkçisi Nulandın Kiyevdə keçirilən beynəlxalq forumda işlətdiyi bir fikir buna əsas vermir. Xanım Nuland bildirib ki, “Krım Ukraynanın suverenliyi altına qayıtmayınca, Rusiyaya tətbiq olunan sanksiyalar götürülməyəcək”. Krım isə Putinin rus xalqına verə biləcəyi son narkotik saqqızdır və tək hakimiyyətdə qalma nədənidir. Krımı çəkərsiniz, Putinin hakimiyyətdə tək qalma səbəbi də aradan qalxar. Ona görə də, Putinin Suriyada güclənməklə bağlı yürütdüyü yeni siyasət çox keçməz ki, Rusiyanın özünün əleyhinə çevriləcək. Çünki Suriya bataqlığı Rusiyanın boyuna görə deyil. Üstəlik, bunu nə ABŞ, nə də region dövlətləri Türkiyə və Səudiyyə Ərəbistanı da istəmir. Ona görə də Rusiyanın növbəti zərbə alıb yenidən Donbasa qayıdacağı gün çox da uzaqda deyil. Bununla bağlı biz yuxarıda Donbasda dayandırılan savaşın müvəqqəti xarakter daşıdığını yazmışdıq. Bəli, Rusiya yenidən Donbasa qayıdacaq və “nə müharibə, nə sülh” siyasəti davam edəcək, ən azından Qərb dünyasına və Ukraynaya təsir imkanlarını saxlamaq üçün.
Natiq Miri