​NİYYƏTİ BƏLLİ MƏNSİMOV

Baxış sayı:
1134

Bu yaxınlarda mətbuatda Mübariz Mənsimovla bağlı iki yazı oxudum. Biri xeyriyyə əməliylə bağlıydı. “Palmali”nin prezidentinin millət vəkili Qənirə Paşayevanın müraciətindən sonra mərhum aktrisa Xanım Qafarovanın qızına Bakının mərkəzində ev bağışladığı yazılmışdı. Məlum xəbərdən sonra sosial şəbəkələrdə Mənsimov müzakirəyə çıxarıldı. Bundan əvvəlki xeyriyyəçi əməllərini qabardanlar çoxluq təşkil edirdisə, şirkət rəhbərinin bu addımla gündəmə gəlmək istəyindən bəhs edənlər də yox deyildi. Hər nə isə, diqqətlər Mübariz Mənsimova yönəlmişdi. Görünür, özü də vətəni Azərbaycanda gündəm yaratdığının fərqindəydi. Və növbəti müsahibə üçün əla məqam yarandığını yaxşı anlayırdı.
İndiyə qədər mətbuatın onlarla müsahibə təklifini geri çevirən “M.M.”in xeyriyyə xarakterli xəbərdən bir neçə gün sonra qafqazinfo.az saytının suallarını xüsusi həvəslə cavablandırmasına səbəb də bu idi. Fürsət düşmüşkən, SOCAR rəhbərliyi ilə yaranmış problemlərə aydınlıq gətirmək, bununla da ictimaiyyətdə zərərçəkən obrazı yaratmaq. Düzdü, dünən gün ərzində həmin müsahibəni tapıb, köşə üçün bəzi materiallardan istifadə etmək arzum “suya düşdü”. Öyrəndim ki, Mənsimovun SOCAR, dolayısıyla Rövnəq Abdullayev haqda söylədikləri saytlardan “süpürülüb”. Yenilik deyil ki. Siliblər, canları sağ olsun. Onsuz da silə-silə gedirik, harda qırılar, qırılar. Amma Mübariz bəyin bəzi fikirləri beynimin bir küncündə “əyləşib”.
2004-cü ildə Lənkəranda o dövr üçün əzəmətli sayılan stadionu tikməklə, ardınca da “Xəzər Lənkəran”ı yaratmaqla cənub zonasının fağır insanlarının rəğbətini qazanmağa başlayan prezidentin adı dillər əzbəri olmuşdu. Başına and içilirdi, küçə və məktəblərə adının verilməsinin mümkünlüyü qədər nüfuz sahibi olmuşdu. Ölkənin üzdə olan futbolçularını milyonları hesabına Lənkərana dəvət edər, Türkiyənin “qoca ulduzlar”ına ağ-yaşıl formanı geydirər, qazanılan uğurlardan sonra kollektiv üzvlərinə evlər, maşınlar hədiyyə edərdi. Adamın pulunu balta kəsmirdi. “Tanrım, bir insan bu dərəcədə səxavətli ola bilərmi” sualı təkcə mənim yox, yüzminlərin başında dolaşırdı. Futbolu o qədər də sevməyən biri bu idman növünə niyə bu qədər yatırım etsin axı? Məgər bu, əsəbi vaxtında “stadionu eşşək fermasına çevirəcəm” deyən həmin Mənsimov deyildimi? Bu qədər pul xərcləyən oliqarxda eşşək ferması sevdası hardan idi? Hə, deməli, ya bu sahəyə maliyyəni hansısa məqsədlərinə görə ayırırmış, ya da kimlərsə onu buna məcbur edirmiş. Bu sualın cavabı şəxsən mənim üçün illərdi qaranlıq qalmışdı. Ta, bir neçə gün öncə Mənsimovun “qafqazinfo”ya məlum müsahibəsini oxuyana qədər.
Anladım ki, Mübariz bəyin “səxavət”inin arxasında cənublulara olan sevgi, onları sevindirmək, başlarını qatmaq istəyi yox, tam başqa səbəb dayanırmış. Adamın şirkəti uzun illər SOCAR-la əməkdaşlıq edirmiş deyə, bunun qarşılığında futbola yatırım edirmiş. Ki, yuxarı qüvvələr Mübariz bəyin neft-tanker əməkdaşlığından qazandığı pulu ölkəsinə xərclədiyini görsün. Ona daha artıq səlahiyyətlər və mümkün qədər isti kresloların birində yer verilsin. Qısa deyim, sağa-sola xərclədiyi milyonları sırf şəxsi maraqları üçün hesablayırmış.
Belə deyildi? Deyildisə, özünün də söylədiyi kimi, 2015-ci ildə SOCAR-la “Palmali” arasında münasibətlərin soyuması ilə “Xəzər Lənkəran”ın büdcə baxımından zəifləməsi və yekunda tarixin yaddaşına qovuşması niyə eyni vaxta təsadüf etdi? Mənsimov klubu lənkəranlılar futbolsuz qalmasın deyə saxlayırdısa, niyə Rövnəq Abdullayevlə şəxsi münasibətlərinin pozulmasından sonra cənubda olan-qalan futbolu da yox etdi? Klub rəsmiləri hər imkanda hakimləri, AFFA və PFL rəsmilərini günahkar bilir, “Xəzər Lənkəran”ın süquta uğramasını kənar qüvvələrin təsiri ilə əlaqələndirirdilər. Halbuki bir nömrəli səbəb “Palmali”nin əlini tədricən “Xəzər Lənkəran”ın üzərindən çəkməsiydi.
Ölkənin başında oturanlara “Xəzər Lənkəran” üçün etdiklərini göstərmək idi niyyəti. Hə, niyyət nədən ibarət idi? Futbola maliyyə ayırdığını reklam etməklə İlham Əliyevin biznesmenlərə vergi imtiyazından bəhrələnmək, gəlirli layihələrini bir az da genişləndirmək, yekun nəticədə özünü işsizlərin qayğısına qalırmış kimi göstərmək. Üstəgəl, heyvandarlıq, südçülük kimi qazanc yerlərinin üzərinə daha bir neçəsini əlavə etmək. Mənsimovun məsum görkəmin altında gizlənənlər bunlar idi. Amma bu işə biznesmen taktikası ilə yox, vaxtilə ona doğma sənət olan aşpaz təfəkkürüylə yanaşması layihələrin reallaşmasına imkan vermədi. Bu səviyyəyə çatmasında əsas pay sahibi olmuş qayınatasının sərt üzünü görmək qorxusu da vardı içində. Sabah kişinin beyni çönər, “Palmali”nin rəhbər postunda əyləşməsində birbaşa öz rolunun olduğunu başa qaxınc edər. Belə anda yeganə çıxış yolu qayınatanın çörək verdiyi işə arxa çevirib, ümidi Azərbaycandakı qazanc yerlərinə bağlamaq olacaqdı. Mənsimov bunlar üçün çalışırdı, tər tökürdü. Siz də yapışmısız xeyriyyəçilikdən, Lənkəranda futbolun olmasını istəməsindən, məqsədinin “Xəzər Lənkəran”ı tanıtmaq olmasından, nə bilim, nə.
“Xəzər Lənkəran”ı düşünən olsaydı, rəhbər statusundan istifadə edib kluba ayrılan pulları talayan qardaşı Mais Mənsimovla Tuyqun Nadirovu çoxdan yox edərdi. “Xəzər Lənkəran”la maraqlanardı, mətbuatda yazılanlardan nəticə çıxarardı. Etmədi, çünki ona futbol yox, planlı siyasətini həyata keçirmək lazım idi. O da olmayınca, lənkəranlılar “Xəzər Lənkəran”sız qaldı. Bu da sizə xeyirxah Mübariz Mənsimov./"Futbol+"