NAXÇIVANDA VƏTƏNƏ XƏYANƏT EDƏN CASUSA HÖKM OXUNDU - Ağır cəza
Məhkəmə Naxçıvan barədə məlumatlar toplayan casusa cəza təyin edib.
APA xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etmiş Füzuli Əsədov dövlətə xəyanətdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
Füzuli Əsədov 15 sentyabr 2023-cü il tarixində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat-istintaq tədbirləri ilə həbs edilib.
Füzuli Əsədov Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirməkdə təqsirləndirilib.
İttihama əsasən, o xarici xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilərək, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə məlumatlar toplanması barədə tapşırıqlar alıb, Naxçıvan MR-da yerləşən hərbi hissələrin, strateji müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin yerləşdiyi yerlər barədə və sair məlumatlar toplamaqla xarici xüsusi xidmət orqanının nümayəndəsinə ötürüb.