Muxalifet.az-ın “Media və məmur” layihəsi başa çatdı – YENİ LAYİHƏLƏRİMİZİ GÖZLƏYİN!

Baxış sayı:
7507

Hörmətli oxucular!
Muxalifet.az xəbər portalının təxminən 1 ilə yaxındır ki, həyata keçirdiyi və Azərbaycan mediasında ilk dəfə tətbiq olunan “Media və məmur” layihəsi artıb başa çatıb.
Saytımızın maraqla izlənilən məqalələri arasında “Media və məmur” bölümünə daxil olan yazılar ötən aylar ərzində böyük marağa səbəb oldu. Hətta, belə deyə bilərik ki, bu layihəmiz rüşvətxor və korrupsioner məmurların, çoxsaylı qanunsuzluğa yol verən deputat və icra başçılarının “qorxulu röyasına” çevrildi. Çünki onlar hər həftə Muxalifet.az-ın “güzgüsündə” özlərini görməyə məcbur idilər.
Xatırladaq ki, “Media və məmur” layihəsini hazırlayan əməkdaşlarımız indiyədək hansısa məmurun qanunsuz fəaliyyətini bir-bir araşdırmaqdansa, həftə ərzində elektron KİV-lərdə onlar barədə dərc olunan tənqidi yazıları toplamaqla məşğul idi. Həftənin yekununda isə, əsasən ilk üçlükdə olan məmurlar, deputatlar, icra başçıları və qanunsuz fəaliyyətlə məşğul olan digər rəsmi şəxslər haqqında yazılar dərc olunurdu.
Sözsüz ki, hər zaman öncül yerlər uğrunda mübarizə aparan məlum təbəqənin insaları, heç bir halda bizim layihənin “qalibi” olmaq arzusunda deyildilər. Amma, təəssüflə qeyd etməliyik ki, layihə müddətində apardığımız araşdırmalar bir çox məmurların adının tez-tez “Media və məmur” bölümündə yer aldığını ortaya qoymaqla, onların fəaliyyətinə də qiymət vermiş oldu. Bundan narahat olan bəzi məmurlar dəfələrlə redaksiyamıza müraciət edərək, adının “Media və məmur” layihəsinə düşməməsi üçün bizə “anlaşma” təklif etsələr də, kimsəyə güzəşt olunmadı.
Bu layihəyə başladıqda 2019-cu ilədək davam etdirməyi qarşıya məqsəd qoymuşduq. Budur, deyilən vaxt gəlib çatdı və biz “Media və məmur” bölümünü saytımızdan çıxarmağa qərar verdik.
Amma bu, heç də o demək deyil ki, korrupsioner, rüşvətxor məmur ordusu haqda yazmağa son qoyduq. Əksinə, 2019-cu ilin əvvəlindən başlayaraq həyata keçirməyi qərara aldığımız bir sıra yeni layihələrdə sözügedən məmurlar haqqında daha geniş araşdırma aparmağa və onların fəaliyyəti ilə bağlı oxucularımıza dəqiq faktlar təqdim etməyə çalışacağıq.
Odur ki, növbəti iş günündən etibarən yeni layihələrimizi izləməyi unutmayın. Muxalifet.az bundan sonra da qanunsuzluğa, özbaşınalığa və digər neqativ hadisələrə qarşı mübarizə aparan hər bir vətəndaşın “danışan dili” olmağa davam edəcək. Bizi izlədiyiniz üçün hər birinizə təşəkkür edirik!
 
Muxalifet.az