Müxalif partiya təyyarə qəzasında həlak olanların ailələrinə BAŞSAĞLIĞI VERDİ

Baxış sayı:
527

Bu gün Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxstanın Aktau şəhərinin yaxınlığında təcili eniş edərkən qəzaya uğramışdır. Qəza nəticəsində çoxlu sayda insan faciəli şəkildə həlak olmuşdur. Qəzanın baş vermə səbəbləri barədə hal-hazırda çoxlu sayda versiyalar mövcuddur.
ADP baş vermiş təyyarə qəzasında aralarında Azərbaycan vətəndaşlarının da olduğu çoxsaylı insan tələfatını dərin üzüntü ilə qarşıladığını bildirir.
ADP hesab edir ki, Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması səbəbləri obyektiv, hərtərəfli və şəffaf şəkildə araşdırılmalı, bu barədə müntəzəm olaraq ictimaiyyətə məlumatlar verilməli və cəmiyyətdə yaranan narahatçılıqlara son qoyulmalıdır.
ADP baş vermiş təyyarə qəzasında həlak olan bütün insanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr diləyir, bu ağır günlərdə onların kədərinə şərik olduğunu bildirir, yaralılara isə tezliklə öz sağlamlıqlarına qovuşmasını diləyir.
ADP Qazaxstanın dövlət orqanlarının baş vermiş qəzaya operativ və adekvat davrandıqlarını və xeyli insanın həyatını xilas etdiklərini təqdir edib və qardaş Qazaxstan dövlətinə minnətdarlığını bildirir.
ADP bir daha xalqımızın bu cür faciələrlə üzləşməyəcəyinə əminliyini ifadə edir, dövlətinizə əmin-amanlıq və xalqınıza rifah dolu günlər arzulayır.
Muxalifet.az