Müxalif partiya Rusiyanı sülh sazişinə əngəl olmaqda İTTİHAM EDİR

Baxış sayı:
9230

Partiya Putin Rusiyasının Azərbaycan və Ermənistana bu və ya digər formada təzyiq edərək sazişin uzadılması ilə bağlı cəhdlərini pisləyib
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a bildirilib ki, toplantı iştirakçıları son günlər İran-İsrail arasında baş verən hərbi qarşıdurmadan və bu qarşıdurmanın Yaxın və Orta Şərqdə sülhün və təhlükəsizliyin pozulmasına gətirə biləcəyi ehtimalından ciddi narahat olduğunu bildirib. Adı çəkilən hər iki ölkə ilə iqtisadi, siyasi, tarixi yaxınlıq, xüsusiilə İsraillə strateji, hərbi əlaqələr həlqəsinə daxil olan dövlətimizin hazırkı vəziyyətdə neytrallığını saxlamağın vacibliyinə diqqət çəkən partiya yetkililəri bu dövlətlərə çağırış edərək hərbi münaqişədən yayınmağı və münasibətlərini beynəlxalq hüququn ana prinsipləri ilə tənzimləməyi onların diqqətinə çatdırıb.
İdarə Heyəti Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması ilə bağlı yaranan maneələrdən, Putin Rusiyasının hər iki ölkəyə bu və ya digər formada təzyiq edərək sazişin uzadılması ilə bağlı cəhdlərini qətiyyətlə pisləyib və hakimiyyəti təhrikedici güclərin Ermənistanı hərbi münaqişəyə sürükləmədən əvvəl sülh sazişini gerçəkləşdirməyə, Cənubi Qafqazın aparıcı dövləti olaraq regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərini gücləndirməyə çağırıb.
İdarə Heyəti ABŞ konqresmenlərinin, bir sıra beynəlxalq təşkilatların Azərbaycanda söz, mətbuat, ifadə, birləşmə azadlığının, qanunun aliliyi prinsipinin pozulması, eyni zamanda etnik ermənilərin hüquqlarının gözardı edilməsi ilə bağlı qaldırdıqları məsələyə münasibət bildirib. Qeyd edilib ki, insan hüquq və azadlıqları ilə bağlı kollektiv Qərbin irəli sürdüyü tələblər gerçəkliyi əks etydirir və hakimiyyət bu sahədə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməli, ölkədə hər kəsin azad fəaliyyətinə yol açan demokratik idarəetməni təmin etməlidir. Etnik ermənilərin Azərbaycanda hüquqlarının pozulması məsələsinə münasibət bildirən rəsmilər Qərbin bu cür yanaşmalarının əsasız olduğunu, onların könüllü olaraq ölkəmizi tərk etdiyini və istədikləri zaman çərçivəsində, Azərbaycan qanunlarına tabeçilik göstərmək şərti ilə geri qayıtmalarında heç bir problem olmadığını bildirib və Qərb dövlətlərini zaman-zaman ölkəmizə qarşı tətbiq etdikləri ikili standartdan əl çəkməyə, hər iki xalqın suveren hüquqlarına ədalətlə yanaşmağa səsləyib
İdarə Heyəti Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı Narişkinin Azərbaycana səfəri, səfər zamanı Azərbaycan və Rusiyanı gözləyən xarici və daxili təhdidlərə birgə cavab verməli olduğunu dilə gətirməsini, sosial-siyasi böhran zamanı yarana biləcək təhlükələri aradan qaldırmağın zəruriliyini, sistemdən kənar müxalifətin zərərsizləşdirilməsi kimi səsləndirdiyi bəyanatlara münasibət bildirib. Partiya yetkililəri Rusiya rəsmisinin əvvəlki dövrlərdə olduğu kimi özünü tabeliyində olan ölkənin canişini kimi təqdim etməsini, dövlətimizin müstəqil xarici və daxili siyasətini müəyyənləşdirən persona rolunda çıxış etməsini qətiyyətlə pisləyib və bu hərəkətləri ölkəmizin müstəqilliyinə, suveren hüquqlarına müdaxilə və yeni işğal cəhdi kimi dəyərləndirib.
İdarə Heyəti nufuzlu “Transparency İnternational” təşkilatının 2023-cü il üzrə dünya ölkələrində korrupsiya göstəriciləri ilə bağlı açıqladığı hesabatında Azərbaycanın 180 ölkə sırasında 157-ci yerdə qərarlaşmasını ciddi narahatlıqla qarşılayıb və hakimiyyəti ölkənin bel sütununu qıran, iqtisadi qüdrətini zəiflədən, siyasi çəkisini azaldan, demokratik nüfuzunu sıfırlayan korrupsiya fasktlarına qarşı amansız mübarizə aparmağa, korrupsiya və rüşvətin kökünün kəsilməsi üçün ciddi islahatlar keçirməyə çağırıb.
İdarə Heyəti bir sıra sahələr üzrə cərimələrin ifrat dərəcədə artırılacağı ilə bağlı müzakirələrə də münasibət bildirib və bu cərimələrin vətəndaşların sosial vəziyyəti, aldıqları əmək haqqı ilə ziddiyyət təşkil etdiyini diqqətə çəkib və ölkədə sosial-iqtisadi gərginliyə aparan bu cür radikal cərimə artımlarının yolverilməz olduğunu qeyd edib.
Muxalifet.az