Müstəqil media olmasa dövlətə güzgü tutan olmayacaq

Baxış sayı:
1729

Prezident İlham Əliyev RİA agentliyinə verdiyi müsahibədə Azərbaycanda xaricdən maliyyələşən medianın qarşısının alındığını dedi və söylədi ki, Azərbaycan ABŞ-da, Avropada heç bir medianı maliyyələşdirmirsə, onlar nədən bunu bizim ölkədə etməlidir?!

ABŞ və AB ölkələrində, doğrudan da, xaricdən maliyyələşən media qurumları ilə bağlı sərt tələblər var, məsələn, Kremlə bağlı “Russia Today” (RT), demək olar ki, haqlı olaraq hər yerdə qadağan edilib, fəaliyyətinə imkan verilmir, ofislərində axtarışlar aparılıb, bəzi jurnalistləri saxlanılıb, sonradan ölkələrdən deport ediliblər.

Amma ciddi bir fərq var: ABŞ və Qərbdə müstəqil media var, onlar maliyyəsini reklamdan qazanırlar, çünki rəqabətli iqtisadi mühit, böyük reklam bazarı var.

Məsələn, Demokratların dövründə onları sərt tənqid edən FOX TV-yə iş adamları reklam verirdilər, heç kimin ağlına da gəlmirdi ki, bu reklam ödənişinə görə Demokratlar hakimiyyəti onları təqib edəcək. Doğrudur, Respublikaçılara yaxın media qurumlarına fərqli təzyiqlər olurdu, məsələn, Taker Karlsonu FOX TV dən qovdurdular, amma o sosial şəbəkələrdə RAHAT fəaliyyət göstərdi, onmilyonlarla auditoriya, milyonlarla dollarlıq reklam müqavilələri qazandı.

Azərbaycanda media xaricdən maliyyələşməsin – eyvallah, olsun, mən razı, amma ölkədə normal iqtisadi mühit, rəqabətli iqtisadiyyat da yoxdur ki, böyük reklam bazarı yaransın, media reklamdan qazanıb fəaliyyət göstərsin.

Bundan başqa, hətta indiki dar reklam bazarında kimsə, hansısa iş adımı, şirkət müxalif, müstəqil mediaya reklam verə bilərmi – təbii ki, yox, həmən, vergilərlə bağlı böyük problemi yaranar, hələ bəlkə də ofisindən, evindən tank da çıxar.

Problem budur – ölkədə müstəqil media üçün azad, rəqabətli iqtisadiyyat lazımdır, o da yoxdur, olmadığına görə reklam bazarı da dardır.

Təsəvvür edin ki, əhalisi bizdən, az qala, 3 dəfə az olan Gürcüstanın reklam bazarının həcmi, Azərbaycan reklam bazarının həcmindən 2 dəfə çoxdur.

Ona görə də, biz milli maraqlara cavab verən müstəqil medianın yaranmasını istəyiriksə, normal iqtisadiyyat qurmalıyıq, rəqabətli iqtisadi model üçün isə ədalətli məhkəmə sistemi yaratmalıyıq, ədalətli məhkəmə sisteminə keçən yol isə azad seçkilərdən keçir.

Müstəqil media olmasa Dövlətə güzgü tutan olmayacaq, güzgüsüz isə "çirkinlikləri" görmək, onları düzəltmək mümkün deyil. Vəssalam...

Natiq Cəfərli