​MÜFƏTTİŞLƏR MÜDAXİLƏ ETDİ: 20 mindən çox gecikdirilən ödəniş...

Baxış sayı:
2755

Gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib.
Bu barədəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətlərinin bir qismində ayrı-ayrı işəgötürənlər tərəfindən əmək haqlarından, zərərə görə ödənclərdən və sairdən ibarət sosial xarakterli ödənişlərin gecikdirildiyi ifadə olunub.
Xidmət belə müraciətlərin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlərin görülməsini və cari ilin birinci rübündə 20 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Həmin vəsaitin 51,1 faizi əmək haqlarından, 43,9 faizi zərərə görə ödənclərdən, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan ibarət olub. Bu istiqamətdə tədbirlər görülərkən aidiyyəti işəgötürənlərə əməyin ödənilməsinin təminatları, əmək haqqının ödənilməsinin formaları, qaydaları, müddətləri, əvəzçilik üzrə əmək haqqının ödənilməsi və s. barədə qanunvericilik ətraflı izah olunub.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, Bakının rayonlarında, habelə Sumqayıt şəhərində, Şəmkir, Tovuz, Lənkəran, Masallı və digər rayonlarda təbliğat-marifləndirmə məqsədilə regional seminar-müşavirələr də keçirilib.