​Milli Şura sentyabrın 23-də mitinq keçirəcək

Milli Şura sentyabrın 23-də saat 15-dən 17-dək İnaşaatçılar metrosunun yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.
AXCP sədri Əli Kərimli bildirib ki, mitinq keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.
Milli Şura Baş Prokurorluqdankorrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını tələb edib.
“Lakin indiyədək nə prokurorluq cinayət işi başlayıb, nə də dövlət başçısı İlham Əliyev bununla bağlı izahat verməyib. Buna baxmayaraq dünyanın 8 dövlətində bu faktla bağlı cinayət işi qaldırılıb. Avropa Parlamenti Azərbaycanda bu korrupsiyanın, pul yuyulması əməliyyatının sonadək araşdırılması barədə qətnamə qəbul edib. Avropa Şurasının baş katibi Azərbaycanın Avropa Şurasından çıxarılmasının gündəmə gəldiyini vurğulayıb. ABŞ-da Azərbaycanda insan haqlarını pozan məmurlara qarşı sanksiyalar anons edilib. Amma, Azərbaycan iqtidarından heç bir səs yoxdur. Azərbaycan xalqı bu vəziyyətlə barışa bilməz”, Əli Kərimli qeyd edib.
AXCP sədri bildirib ki, Milli Şura xalqın pullarının geri qaytarılmasını, günahkarların cəzalandırılmasını tələb etmək üçün ümumxalq mitinqi təyin edib.
“Biz bu mitinqdə xalqın oğurlanmış pullarının geri qaytarılmasını tələb edəcəyik. Korrupsionerlərin, oğruların məsuliyyət daşımasını tələb edəcəyik”, o qeyd edib.