“Məhkəmələr narkotik alverçisini azadlığa buraxmamalıdır" - Şəmsəddin Əliyev

Baxış sayı:
3432

“Polis əməliyyat planının məxfiliyini açıqlamadığı üçün hakimlər narkotik alverçilərinə bəraət verir”

“Azərbaycanda narkoloq məzunlarımız demək olar ki, yox dərəcəsindədir...”

Narkomaniyaya qarşı münbarizə ilk öncə hər bir fərdin özündən başlayır. Bu narkotiklərə sadəcə “Yox!” deməkdir. Bu deyim hər kəsin şüarı olmalıdır. Narkomaniya ilə mübarizə hər şeydən əvvəl dövlətimizin, xalqımızın “olum, ya ölüm” məsələsidir. Bəs, bu şüarla narkotikdən imtinanı hər kəs edə bilirmi? Ümumiyyətlə, Azərbaycanda narkomaniyaya və narkotklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə yetərli səviyyədə aparılırmı? Bu və digər suallara hüquqşünas Şəmsəddin Əliyevlə müsahibəmizdə cavab tapmağa çalışdıq.
 
- Şəmsəddin bəy, ölkəmizdə narkomaniyaya və narkotik ticarətinə qarşı mübarizə getməsinə baxmayaraq, prosesin qarşısını kəsmək olmur. Öncə ondan başlayaq ki, siz bu mübarizəni qənaətbəxş hesab edirsinizmi?
 
- Onun qarşısını kəsmək mümkün də olmayacaq. Çünki dünyada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq normalar var. Amma nə qədər ki, bazar açıqdır, bağlanmayıb, o bazarda istehsal var, əmtəənin kiməsə satılması, daşınması, tədarükü var (söhbət beynəlxalq aləmdən gedir), narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizənin də nəticəsi olmayacaq. Bunu hamı qəbul etmir, amma mənim üçün bu gün Azərbaycan dövlətinin narkotiklərə qarşı apardığı mübarizə şəffafdır. Bu mübarizə Daxilli İşlər Nazirliyinin tarixində hamıya görk olacaq həddə gedir. İki il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə prinsipial mövqe, aşkarlanan faktların artımı ilə müşahidə edilir. Əgər 5 il bundan əvvəl Azərbaycanda cinayətkarlıq 27, 26, 25 min civarında qeydə alınırdısa, indi 31-36 mindir. Bu, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin artmasının nəticəsidir.
 
Nə qədər ki, işğal olunmuş ərazilər Azərbaycanın nəzarətində deyildi, orada İran və Ermənistan tərəfi narkotik vasitələri kultivasiya edirdi, qanunsuz daşınma və ötürülməni həyata keçirirdi, bundan əldə edilən gəlirləri də “Hizbullah”a, HƏMAS-a, PKK silahlılarına ötürürdü. Bu pullar istənilən ölkənin daxili sabitliyini pozmağa, müdaxilə etməyə, hədələnməsinə sərf olunurdu. Amma beynəlxalq aləmdə bazar bağlanmayıb. Əfqanıstan, Kolumbiya açıq bazardır.
 
- Bəs niyə bu bazar bağlanmır?
 
- Ona görə bağlanmır ki, həmin bazarlar inkişaf etmiş, hətta demokratik-hüquqi dövlətlər olan güclü, qüdrətli dövlətlərin maraqlarına xidmət edir. Bütün bunlara baxmayaraq, narkotiklərin qanunsuz dövriyyəsinə dair beynəlxalq normalar, konvensiyalar var. BMT-nin kifayət qədər aktları var. Beynəlxlaq hüququn subyekti olan bütün dövlətlər bu normaları ratifikasiya edib.
 
Hesab edirəm ki, beynəlxalq normaların tələblərinə Azərbaycan qədər riayət edən az dövlət var. Bizdə narkomanların sayının statistikasında yanlış rəqəmlər ola bilər. Bəzən deyirlər ki, bu say 30 mindir, bəzən deyirlər 20 mindir. Bu rəqəmlərə baxmayaraq ölkədə narkodispanserlərin sayını artırmaq lazımdır. Bu yola düşən insanları müalicə etmək məsələsi dövlətin konstitusion vəzifələrindən və məqsədlərindən biridir. Nə qədər də olmasa söhbət Azərbaycan vətəndaşlarının sağlam həyatına, genefonduna, ictimai asayişə təsir edə biləcək məsələdən gedir. Narkodispanserlərdə isə çarpayıların sayı azdır.
 
Təəssüf doğuran bir hal da ondan ibarətdir ki, bizim Tibb Universitetində narkoloq-mütəxəssislərin sayı azdır. Deyək ki, mən illərlə polisdə işləmişəm, hüquqşünasam, kifayətə qədər təcrübəm var, məsələnin bu tərəfi ilə bağlı nəsə deyə bilərəm. Amma narkoloq ixtisasına yiyələnə biləcək sırf narkoloq məzunlarımız demək olar ki, yox dərəcəsindədir.
 
- Sizcə, bu səhlənkarlıqdan irəli gəlir, yoxsa...?
 
- Mən deməzdim ki, bu səhlənkarlıqla bağlıdır, yaxud diqqətdən yayınıb. Sadəcə Elm və Təhsil Nazirliyi bunu özünün tədris istiqamətinə salmalıdır. Məsələn, insan alveri ilə bağlı cinayətlər, narkotik vasitələrin qanunsuz dövriyyəsi - bunları orta məktəblərdə də tədris etmək lazımdır. Bunun zərərli vərdiş olduğunu, hansı fəsadlar törədə biləcəyini insan kütlələrinə çatdırmalıyıq.
 
- Müşahidələrinizə əsasən nə deyə bilərsiniz, Azərbaycanda narkomaniya cavanlaşır?
 
- Təbii ki, cavanlaşma var, amma ümid də var. Deyək ki, bir orta məktəbdə direktorun 7 müavini var. Yaxud ən azı 3 müavin var: tədris üzrə, təli-tərbiyə üzrə və s. Onların hər biri öz vəzifə funksiyasını yerinə yetirməyi bacarmalıdır. Məktəblərin sanitar qovşaqlarında şpritslərə rast gəlinir. Bunu valideynlər də deyir, müəllimlər özləri dəhlizlərdə qeyri-rəsmi də olsa deyirlər. Bu hal olmasa belə, bu cür söz-söhbət varsa, deməli təhlükə var, qarşısını almaq lazımdır. Məktəblərdə, universitetlərdə kifayət qədər narkoloq olmadığından, bu qurumların auditoriyası qarşısında onların çıxışlarını təşkil etmək olmur. Psixoloqa yox, narkoloq-mütəxəssisə ehtiyac var. Bizim psixloqlarımız şəhərdəki əczaxanalar kimi çoxalır. Bunun nə mənası var?! Sovet zamanında psixoloq var idi? Müəllim, pedaqoq həm də psixoloqdur, psixiatrdır, amma o narkoloq deyil. Narkoloq auditoriyada elə bir həddə çıxış etməlidir ki, insanlar onun çıxışını dinləyəndən sonra bədəninə üşütmə düşsün. Vahiməyə qapılsın ki, doğrudan da narkotiklərə yaxın durmaq olmaz. Əgər bir orta məktəbdə 3 narkoman şagird varsa, o kollektivə kifayətdir. Bir nəfər də olsa çoxdur. Çünki bu fakt bütün o kollektivin adına ləkədir. Valideyn bunu bilməyə bilər, çünki alışandan sonra qarşısını almaq çox çətindir. Alışmaq nədədir, onu narkoloq deyə bilər. Mən də deyə bilərəm ki, siqaretə alışdınsa o asılılıq yaradır. Bu asılılıq yaratdıqdan sonra insan öz iradəsini cilovlaya bilmir, o asılılığın köləsinə çevrilir. Siqareti almağa pulu olmasa da, onu dilənəcək, yoldan ötən birindən siqaret istəyəcək. Sonra o siqaret narkotik vasitələrin qəbuluna çevriləcək. Təbii ki, narkotikin təsirindən nəşələnən şagird yanında oturan yoldaşını da yoldan çıxaracaq. Onda yavaş-yavaş onların “kruq”u böyüyəcək. Təhlükə bundadır.
 
Narkomanlıq insanda bihuş olmaq, asılılıq yaradan bir hal olduğuna görə, cəmiyyət üçün çox təhlükəlidir. Ona görə narkotik vasitələrə uyan gənc sonradan öz ehtiyaclarını ödəmək üçün istənilən hərəkətə, ağır cinayətə əl ata bilər. Hətta anasının barmağındakı üzüyü, boğazındakı boyunbağını zorla aparıb sata bilər. Bütün bunların qarşısını almaq üçün geniş maarifləndirmə tədbirləri tədris proqramlarına salınmalıdır. Həm orta məktəblərdə, həm ali məktəblərdə mütləq maarifləndirmə aparılmalıdır. Azərbaycan polisində, prokurorluq orqanlarında, məhkəmələrdə kifayət qədər mütəxəssis var ki, pulsuz-təmənnasız təlimlərdə iştirak edə bilər. Niyə bunlardan faydalanmayaq? Axı söhbət xalqımızın genefondundan gedir.
 
- Narkomaniya və narkotik ticarətinin qarşısının alınması ilə bağlı qanunverciliyin dəyişəcəyi haqda fikirlər səsləndirlir. Sizcə, yeni qanunda nə kimi dəyişikliklər olmalıdır?

 
- Narkotilərin qanunsuz dövriyyəsi ilə bağlı dövlətin birgə fəaliyyət proqramı var. Proqramda Nazirlər Kabinetinin tərkibinə daxil olan mərkəzi icra hakimiyyətlərinin, DİN-in, Elm və Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin və s. nazirliklərin təmsilçiləri Narkotiklərlə Mübarizə üzrə Komissiyanın tərkibindədir. Amma qanunvercilikdə narkomanların müalicə olunmasının tərəfdarıyam. Öz ehtiyacını ödəmək üçün 5-10 qram narkotiklə tutulan adamları tutulmağının tərəfdarı deyiləm. Nazirlər Kabinetinin bir qərarı var, səhv etmirəmsə, 2005, yaxud 2010-cu ilin qərarıdır. Orada göstərilir ki, hansı narkotik vasitə və neçə qram miqdarında məsuliyyət yaradır. Az qramla tutulan narkomanları cəmiyyətə reinteqrasiya etmək üçün onun müalicəsini təşkil etmək lazımdır. Əgər belələrinin sayı çoxdursa, deməli, dispanserlərin region üzrə sayı və oradakı çarpayıların sayı artırılmalıdır ki, vətəndaşlarımız müalicə olunsun və cəmiyyətə qaytarılsınlar. Məsələn, İsrail dövlətində bir sutka ərzində residiv narkoman müalicə olunur...
 
- Bu necə baş verir?
 
- O artıq İsrailin Səhiyyə Nazirliyinin nailiyyətidir. Rusiya Dövlət Dumasının üzvlərinin arasında da adi narkomanlar üçün əlçatmaz olan kokain, heroin kim narkotikləri qəbul edənlər olur. Amma onlar sonradan özlərini müalicə etmək üçün İsrailə gedirlər. Bilirsinizmi, həkim onlara nə deyir: siz tam müalicə olundunuz. Amma bundan sonra narkotikə alışmamağınız sizin iradənizdən asılıdır. Bunlar bir-birinə kompleks şəkildə bağlı olan hallardır. Mən narkotik vasitələri alver məqsədilə qanunsuz əldə edən, saxlayan, kultivasiya edənlərin cəzalandırılmasının tərəfdarıyam.
 
- Problemin qarşısını almaq üçün narkotik satıcılarının cəza müddətinin artırılması təklif edilir. Siz bu barədə nə düşünrsünüz? Sizcə, bu effekt verərmi?
 
- Mən onlara verilən cəzanın sərtləşdirilməsini tərəfdarıyam. Hesab edirəm ki, narkotik satıcılığı qəsdən törədilən cinayətdir. Bu cinayətə gedən adam nə etdiyinin fərqindədir. Nəticəsini də bilir, arzulayır, pul əldə etmək məqsədilə bunu edir. O bilir ki, bu narkotik vasitəni kiməsə satacaq, satdığı bundan istifadə edəcək, xəstə olacaq. Onlara qarşı cəza 15 il həbsə qaldırılmalı, sərtləşməlidir. Bu, onun əməlinin təhlükəlilik dərəcəsindən asılıdır. Cəza müddəti 10 il, 15 ilə qalxmalıdır.
 
- Narkotik satışı ilə məşğul olan şəxslər məhkəmə zalından azadlığa buraxılır. Hansı ki, polis həmin şəxsləri narkotiki satan anda yaxalayır. Burada uyğunsuzluq yoxdurmu? Necə olur ki, polis onları iş başında tutur, məhkəmə isə ittiham “təsdiqini tapmadığı” səbəbindən onları buraxır?

 
- Bir şəxsin nakomanlığa qurşanması, onun ticarəti ilə məşğul olmasını öyrənmək üçün, bilirsinizmi, nə qədər vaxt lazımdır? Və bunu sübut etmək üçün polis mütləq mənada faktların sübutu üçün alverçini iş başında yaxalamalıdır. Yəni polis bunun üçün xüsusi əməliyyat planı qurur və burada təsadüfi şəxslərin tutulması mümkün deyil. Bu məsələ yoxlanılır və şahidlərin iştirakı ilə rəsmi təsdiqini tapır, sənədləşir. Fakt bir neçə dəfə rəsmi araşdırılıb təsdiqlənməlidir ki, polis alverçini həbs etsin. Sonradan narkotik alverçisinin vəkili məhkəmədə vəsatət qaldıraraq əməliyyat planının təfərrüatlarının açıqlanmasını tələb edir, bu təfərrüatlar isə məxfiliyini saxlamalıdır. Məxfilik baxımından açıqlana bilməz. Bu səbəbdən, vəkil həbsin və ittihamın qurama olduğunu iddia edir. Təbii ki, məhkəmə də məcbur qalıb alverçiyə bəraət verir. Alverçini azadlığa buraxmaq tamailə yanlış yanaşmadır, addımdır. Bu mənim hüquqşünas həmkarlarımın narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə yanlış addımıdır. Narkotik alverçisini müdafiə etmək olmaz. Bu polisə də narkotiklə mübarizədə çətinlik törədir. Bu dövlətin narkotiklərə qarşı mübarizəsinə zərbədir. Diqqət edin, narkotiklərə qarşı bu miqyasda geniş mübarizə heç vaxt aparılmayıb. Polisimizin apardığı mübarizə bütün dünyaya görk olacaq səviyyədədir. Bu artıq iffət, namus söhbətidir. Narkotiklərlə mübarizədə polis zərrə qədər də həddini aşmır. Əksinə, polisin ortaya qoyduğu iş vətənə sədaqətinin canlı təzahürüdür.
 
Hazırladı: İ.SABİRQIZI