Məhkəmə müdafiəsi hüququna məhkəmənin “vəkil sapalağı”

Baxış sayı:
473

MPM-in 67-ci - vəkilin prosesdə məcburi iştirakı maddəsi ləğv edilməlidir
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 67.1-ci maddəsinə görə, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr  yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir və işdə iştirak edən şəxslər iclasda  yalnız vəkillə birgə iştirak edirlər. 2007-ci ildən qanuna edilən bu “vəkil sapalağı”nın başlıca məqsədi- amacı mülki prosesin iştirakçılarının peşəkar hüquqi yardımla təmin edilməsi olsa da, gerçəkdə hüquqa, məhkəmə təminatına qadağadan özgə bir şey deyil. Nədən məqsədlə, niyyətlə arzu, nəticə-sonuc düz gəlmir.
Ən başlıcası, söhbət keyfiyyətli hüquqi yardımdan gedirsə, vətəndaşın istədiyi hüquqçunun xidmətindən yararlanmağına qadağa qoyulması, yalnız Azərbaycan Respublikasında vəkil kimi səlahiyyəti təsdiq olunmuş şəxslərin, yəni Vəkillər Kollegiyasının üzvlərinin “diplomlarının- orderlərinin tanınması” dövlət hakimiyyətinin  səmimiliyini heçə çıxarır. İcra hakimiyyətindən qanunvericiyə qəbul etdirilən, məhkəmə hakimiyyətinin peşəkar hüquqi yardım tanımasına baxın, hüquq doktorundan, professordan, keçmiş hakimlərdən, prokurorlardan, ədliyyə işçilərindən, vəkillərdən...  VK-nın orderi tələb olunur! Hüquq doktoruna sıradan “paykovoy” vəkil  yardım edəcəksə, hansı keyfiyyətli hüquqi yardımdan danışmaq olar? Eyni zamanda, mülki proses iştirakçısını zorla vəkillə müqavilə bağlamağa məcbur etmək heç də xoş niyyətdən xəbər vermir. Yaşayış minimumunun 300 manat, vəkil orderinin 320 manat civarında olduğu ölkədə vəkillə müqavilə bağlamağın mümkünsüzlüyü şübhə doğurmur.
Düzdür, qanunverici maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olan şəxslərə, 1-2-ci dərəcəli əlillərə, insan alverinin qurbanlarına , məişət zorakılığından əziyyət çəkmiş şəxslərə, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş şəxslərə, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvlərinə, işsiz statusu olan şəxslərə dövlət hesabına hüquqi yardımla təmin olunmaq hüququ verir, amma hüququn gerçəkləşməsini məhkəmənin uyğun qərardadından asılı edir. Məhkəmə hakimiyyəti ədalət, vicdan hissini unudub, qərəzini qüvvəyə mindirəndə heç bir əlil-qazi, yetim-yesir arayışı yardıma çatmır. Ünvanlı sosial yardım, əlillik, pensiya təyinatında məmur-həkim “resepti” kimi, vəkil təyinatında da hakim-vəkil yoxlaması “büdcənin pulsuz vəkil haqqı ilə çökdürülməsinə” yol vermir. 
İnzibati mübahisələrə dair işlərdə kassasiya icraatında vəkilin məcburi iştirakı nəzərdə tutulmasa da, hüquqi yardım göstərmək vəzifəsi məhkəmənin üzərinə qoyulsa da, hakimlər nəinki İPM-in 13 və 48-ci maddələri əsasında özləri yardım edir, heç dövlət hesabına vəkil ayrılmasını da təmin etmədən iddianı mümkün saymırlar. Halbuki Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli, 5 saylı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 3-cü bəndində yardım etmək vəzifəsinə əməl edilmədən iddianın mümkün sayılmamasının yolverilməzliyi təsbit olunub. Di gəl, kimdir prosessual qanunvericiliyi, Ali Məhkəməni, Plenumu sayan? Hakimlərin saydığı yalnız qeyri-prosessual sifarişdir. Qeyri-prosessuallığa, məhkəmə qərəzinə baxın, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov, Aytən Oruczadə və s. və i.a, tam tərkibdə) 1-ci dərəcəli Qarabağ əlilinin kassasiya hüququna 3 il olar qadağa qoyub ki, vəkildən imtina əsas insan və vətəndaş hüquq və azadlığıdır və 3 il qabaq qəbul olunmuş vəkildən imtina qərardadı preyudisial akt sayılır, daha heç vaxt 1-ci dərəcəli əlilə dövlət hesabına vəkil ayrıla bilməz!(?)
Ali Məhkəmə də bu preyudisiallığı qüvvəyə mindirib, Konstitusiya Məhkəməsi də 1 ildir susmaqla Konstitusiyanın qüvvəsiz olduğunu, əlillərə, yetim-yesirə yardım etmədiyi gerçəkliyini təsbit edir. 
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası da dövlət hesabına hüquqi yardımdan 1-2-ci dərəcəli əlillərə, yetim-yesirə pay düşmədiyini aktlaşdırmaqda İnzibati Kollegiyadan geri qalmır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2 il qabaq 2 ayrı tərkiblə (sədrlik edən Günay Axundova, Cəmilə Musayeva, Fuad Babayev və sədrlik edən Fuad Abdıyev, Fərrux Qasımov , Anar Tanrıverdiyev) “Azərişıq” ASC-yə qarşı xidmərtən imtinaya qiymət verilməsi tələbi ilə Sabunçu məhkəməsinin (Adilə Paşayeva) cavabdehin qeyri-prosessual basqısı ilə istehlakçı hüququnun müdafiəsi ilə bağlı işin inzibati məhkəməyə aid olması “əsasında” icraata xitam verməsi qərardadından şikayəti təmin etməyib və kassasiya şikayəti verməyə də dövlət hesabına vəkildən imtina edib ki, iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinin pensiyası, gəlirləri vəkilin dövlət hesabına ayrılmasına əsas vermir. 2 ildir Prezident (Administrasiyası), Milli Məclis, Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası eyni iş üzrə 2 ayrı apellyasiya heyətinə MPM-in 67 1.1, 67-1.4.1 maddəsinin tələbini anlada bilmir, sadəcə məhkəmə anlaqsızlıq edir. 2-3 il geriyə getməyə ehtiyac yoxdur, Bakı Apellyasiya Məhkəməsinin mülki və inzibati kollegiyaları kassasiya hüququna qadağa qoymaq barədə “məhkəmə təcrübəsinin vahidliyi” prinsipinə elə can-başla əməl edirlər ki, keçmişə şükür edirsən! 
MPM-in 402.2.2-ci maddəsinə görə, kassasiya şikayətinin geri qaytarılması haqqında qərardaddan (ali instansiyanın şikayəti mümkünsüz sayıb qaytarması istisna olmaqla) kassasiya şikayəti verilə bilər. Bakı AM-in MK-sının (sədrlik edən Rafael Eyvazov, Fuad Babayev, Cəmilə Musayeva) hüquqi faktın müəyyən edilməsindən imtina qərardadından 1-ci dərəcəli Qarabağ əlilinin kassasiya şikayəti geri qaytarılıb və MPM-in 402.2.2 maddəsi əsasında bu geriqaytarma qərardadından kassasiya  şikayəti verməyə dövlət hesabına vəkil ayrılmasına ərizə verilib. Ərizəyə baxılmadan şikayət kassasiya instansiyasına göndərilib. 1-ci dərəcəli əlil kassasiya qaydasında işə baxan heyətə dövlət hesabına vəkil ayrılmasına ərizə verib. Ali instansiya işi vəkilin tərtib etməməsi əsası ilə mümkün saymayıb və geri qaytarıb. İndi bir aydır Bakı AM-in sədri Rafael Eyvazov olan heyəti dövlət hesabına vəkillə təminat barədə əlilin ərizəsinə baxmır. Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə üçlüyünün kassasiya hüququna vəkil qadağası da çeşidli bəhanələrlə zəngindir. Bəhanəyə baxın, 1-ci dərəcəli Qarabağ əlilini məhkəməyə müraciət etdiyinə görə 400 manat cərimə edən üçlüyün qərardadından şikayət geri qaytarılıb, kassasiya hüququ təmin edilməyib ki, 1-ci dərəcəli əlil olmaq, SN-in rəyi
ilə xaricdə müalicəyə ehtiyacın olması barədə tibbi sənədlər imkansızlığı sübut etmir və dövlət hesabına vəkil ayrılmasına əsas vermir. (?) Onu da vurğulayaq ki, cərimə qərarı inzibati xəta aktıdır və belə işlərdə vəkilin iştirakı məcburidir. Xumar Mərdanova və heyəti isə MK-nın sədri Rafael Eyvazovun qeyri-prosessual göstərişini prosessual qanunvericilikdən üstün tutur. Niyə də tutmasın, 1959-cu ildən özgənin əmlakı olan mənzili ələ keçirməyə 12 ildən sonra  apellyasiya aktı ilə nail olmaq sədrin razılığı olmadan mümkün deyil axı! İndi sədrin tapşırığına necə əməl etməmək olar? 
Nə isə, uzatmayaq, yoxsa bir qəzet səhifəsinə sığmaz. Göstərilənlər MPM-in 67-ci maddəsi ilə təsbit olunan vəkilin prosesdə məcburi iştirakının kassasiya hüququna, məhkəmə müdafiəsi hüququna qadağadan özgə bir şey olmadığını sübut edən faktlardır. Bir hüquq ki, məhkəmənin qərəzindən asılı ola, o hüququn gerçəkləşməyəcəyi bəri başdan bəlli edir. Onu da vurğulamaq mütləqdir ki, işlərə yazılı icraat qaydasında, yəni tərəflər çağırılmadan, iclas keçirilmədən baxılması qanuniləşibsə, vəkilin məcburi iştirakına nə ehtiyac? Bu ehtiyac yalnız və yalnız vətəndaşın hüququna qadağadan yanadır. Qadağanın aradan qaldırılması vəkilin məcburi iştirakının qanundan çıxarılması ilə mümkündür.
Məğrur BƏDƏLSOY