“Əliyev-Paşinyan debatı ağır psixoloji təəssürat yaratdı” - ERMƏNİ POLİTOLOQ

Baxış sayı:
1648

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen şəhərində “Xalqları sülhə hazırlamaq” proqramı çərçivəsində keçirilən debat düşmən ölkədə böyük əks-səda doğurub.

Erməni ekspertlər debat zamanı olduqca sönük və əzik görünən Nikol Paşinyanı sərt şəkildə tənqid edirlər. Bunlardan biri də politoloq, “Politekonomiya” araşdırma institunun direktoru Andranik Tevanyandır.

Ermənistan mediası xəbər verir ki, A.Tevanyan N.Paşinyanın bütün parametrlərlə İlham Əliyevə uduzduğunu yazır: “İlk öncə psixoloji hazırlıq və bədən dilindən danışmaq lazımdır. Əliyevin davranışı, onun duruşu, Paşinyanın üzünə rişxəndlə gülməsi (özəlliklə baş nazir velosiped icad edirmiş kimi özünün mikroinqilabı haqqında danışanda) onu göstərdi ki, bu savaşdan məğlub ayrılan tərəf biz olduq. 

Hətta Azərbaycan xarici işlər naziri E.Məmmədyarov belə, özünü gülümsəməkdən saxlaya bilmirdi. Bu isə bizim dövlətimizin rəhbərinə, daha doğrusu, elə dövlətimizin özünə açıq-aşkar hörmətsizliyin nümayişidir. Paşinyan onunla belə davranılmasına görə özünü qınamalıdır. Təsəvvür edin ki, indi kulislərarxası görüşdə necə mənzərə görünür. Münhendə Paşinyanın özünü necə apardığı, kimin diktə etdiyi, kiminsə uduzduğu açıq-aşkar göründü.

Söhbətin məzmununa gəlincə, Azərbaycan tərəfi on illərdir ki, təkrarladıqları arqumentlərini irəli sürdü. Paşinyanın mövqeyi isə “Münaqişənin nizamlanması Azərbaycan, Ermənistan və “Qarabağ” xalqı tərəfindən həll olunmalıdır” ki, boş sözdən ibarət oldu. Elə təsəvvür yarandı ki, Ermənistan baş nazirinin bundan başqa söyləyəcək bir sözü yoxdur.

Rəsmi Bakı Qarabağı Azərbaycanın tərkibində görür və Şuşanı, habelə digər bölgələri azərbaycanlılara yenidən qaytarmaq istəyir. Bunun üçün İlham Əliyev mərhələli variant təklif edir. Paşinyan isə Əliyevin qətiyyəti fonunda özünü “sülh göyərçini” kimi göstərməyə çalışırdı. Lakin bu, həm mənasız, həm də təhlükəli mövqedir.

Belə göründü ki, Əliyev-Paşinyan debatı ağır psixoloji təəssürat oyatdı. Biz əslində, Nikol Paşinyanın əsl çəkisini gördük. Paşinyanın bunun üçün nə siyasi savadı, nə operativ reaksiya qabiliyyəti, nə də cürəti var. Bunun əvəzində bizlərə hələ də “Böyük Tiqran”dan danışır. Nikol Paşinyan bir daha göstərdi ki, dövlət rəhbəri kostyumu ona çox böyük gəlir”./Musavat.com