Körpələrə zülm vermək hansı məmurları “xoşbəxt” edir? - GÜNAY ƏSƏDOVA YAZIR

Həbsdə olan jurnalistin ailə üzvlərinin bank kartlarının bloklanması göstərişini kim verib?
Son aylar ölkəmizdə yenə də haqqın mizanı əyilib. Yenə də siyasi fəallar, media nümayəndələri bir-bir qandallanaraq, zindana atılır. Halbuki, illərdir ölkədə vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid edirdik. Ən azı, 2019-cu ildən bu yana “islahat” adı altında aparılan siyasi dəyişikliklər belə deməyə əsas verirdi. Amma…
Əlbəttə, yenə də toplum olaraq pessimist olmamalıyıq. Ümid edək ki, hər şey yaxşılığa doğru dəyişəcək. Lakin dünən oxuduğum bir xəbər məni daha çox sarsıtdı. O səbəbdən də, bu yazını yazmağı özümə borc bildim…
Öncə onu xatırladım ki, 2024-cü il fervralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Təbii ki, əksər Azərbaycan vətəndaşları kimi, mən də hal-hazırda prezident İlham Əliyevə rəqib olacaq namizəd görmürəm. Acı da olsa, qəbul etməliyik ki, prezident seçməyimiz üçün İ.Əliyevdən başqa nə müxalifətdə, nə də iqtidarda o kürsüyə sahib ola biləcək birisi yoxdur. Müsbət və mənfiləri sadalamaqla bitməz, amma mənim bu günki yazım başqa mövzu ilə bağlıdır.
…Həbs olunan jurnalistlərin bir neçəsinin ailə üzvlərinə məxsus bank kartlarının, hətta yaşlı valideynlərinin pensiya kartlarının bloklanması xəbərini çox üzülərək oxudum. Bir vətəndaş olaraq inana bilmərəm ki, dövlət başçısının bu işdən xəbəri var. İnana bilmərəm ki, Qarabağ müharibəsində öz siyasəti ilə dünyaya meydan oxuyan prezidentimiz bu qədər cılız bir qərar verə bilər.
Jurnalist Əziz Orucovun evində iki körpə balası var. Dünən o uşaqlar üçün evə alış-veriş etmək istəyən xanımı bank kartlarının bloklandığını görür. İndi o körpələr bəlkə evdə acdır, ərzağa, digət təlabat mallarına möhtacdır. Hələ yaşlı anasını demirəm. Ölkəmizdə bu kimi rəzil əməllərə kimlər qol qoyur, görəsən?! Başqalarının bədbəxtçiliyi üzərində xoşbəxt olmaq istəyənlər kimlərdir?!
Az əvvəl Xankəndində prezidentin Şəhid övladlarının əhatəsində oturduğunu, onlarla sevinib, şənləndiyini gördüm. Prezident və xanımının həmişə uşaqlara qarşı necə mehriban olduğuna çox şahid olmuşuq. Görəsən, dövlətimizin başçısı bilsə ki, (mən əminəm ki, onun bu rəzalətdən xəbəri yoxdur) idarə etdiyi ölkədə ataları həbsdə olan körpələri aclıqla cəzalandıran məmurlar var, nə edərdi?! Bu, tamamilə mənim subyektiv fikrimdir ki, ətafındakı məmurlar İlham Əliyevi bu kimi biabırçı hərəkətlərlə nüfuzdan salırlar. Bu rəzillik kimin və ya kimlərin işinə yarayır, onu bilmirəm.
Yaza-yaza düşünürəm ki, bəlkə bir "ağlı kəsən" olar, təsadüfən mənim bu yazımı oxuyar və ölkədəki real vəziyyəti dövlət başçımıza çatdırar.
Gəlin, körpələrin travmalarla, nifrətlə, kinlə böyüməsinə icazə verməyək. Vallah, unutmayacaqlar. Və beləcə, Azərbaycan gəncliyi aqressiyalarla yaşamağa davam edəcək. O uşaqlar böyüyəcək və kim bilir, bir gün o "başkəsən" məmurun kürsüsündə də əyləşəcəklər. Bəlkə də o zaman həmin körpələri aclıqla cəzalandıranlar bu həyatda olmayacaqlar, amma onlar tarixə körpə uşaqları faşistcəsinə, aclıqla cəzalandıran zümrə olaraq həkk olunacaq!
Haqqın zərbəsindən qorxun, cənablar! Qoy, böyüyən körpələrimiz bizləri daha fərəh, işıqlı sabaha aparsınlar! Körpələrin beyni ağ kağızdır, biz nə yazsaq onlar da sabah bizə onu təklif edəcəklər. Odur ki, körpələrə zlüm edərkən bir də düşünün!
Günay ƏSƏDOVA
Muxalifet.az saytının Baş redaktoru
21.12.2023