"Koronavirusdan xilas olmaq üçün hökumət, özəl biznes və vətəndaş cəmiyyəti səfərbər olunmalıdır" - MÜSAHİBƏ

Baxış sayı:
1705

“Medprosvet” şəbəkə qrupu Nazirlər Kabineti yanında koronavirus infeksiyasına qarşı mübarizə üzrə Operativ Qərargaha müraciətlə imza toplanması təşəbbüsü ilə çıxış edib. Müraciətdə ilk ikigünlük sərt karantin (lokdaun) zamanı şəbəkə qrupu tərəfindən qeydə alınmış çatışmazlıqlar sadalanıb və onların həlli yolları təklif edilib.

Müraciətdə şəbəkə qrupu “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 6 və 7 iyun 2020-ci il tarixlərində tətbiq etdiyi vətəndaşların hər cür hərəkətinin düşünülməmiş, ikigünlük məhdudlaşdırılmasından narahatlığını ifadə edib. İnsanlar faktiki olaraq 5 regionda ev dustaqlığına alınıb. Şübhəsiz ki, bütün dünyada, o cümlədən ölkəmizdə koronavirus pandemiyasının yayılmasına qarşı mübarizəyə yönəlmiş karantin tədbirlərinin qəbulu  zəruridir və səmərəlidir. Xahiş edirik ki, həmin müddətdə ölkənin 5 regionunun düşdüyü vəziyyətlə bağlı yoxlama aparasınız”.

Müraciətdən sonra, iyunun 10-da “Medprosvet”in rəhbəri, həkim Zaur Orucov Azərbaycan prezidentinin köməkçisi və ombudsman ilə görüşüb. 

- Sizinlə görüşdən sonra Operativ Qərargaha müraciət etmək təşəbbüsü ilə çıxış etməyə sizi nə vadar etdi? Məgər hökumət nə etməli olduğunu bilmir?

Z.Orucov Turan-ın bu sualına belə cavab verib:

- “Medprosvet" qrupu dörd ildən çoxdur fəaliyyət göstərir. İnsanlar bizə inanırlar. İlk ikigünlük lokdaundan sonra bizə sadalanan problemlərlə bağlı çoxlu müraciətlər oldu. Biz onları topladıq və dövriyyəmizə yerləşdirdik.

Mən hesab etmirəm ki, hökumət hər şeyi bilir və bizim əlavə etməyə sözümüz yoxdur. Hökumətdə də elə insanlar işləyirlər ki, bizim aşağıda gördüyümüzü yuxarıdan görmürlər. Prezidentin köməkçisi və ombudsman ilə görüşdə yeni  çox şey öyrəndim və onlar da bizdən bir çox vacib şeyləri öyrəndilər. Bütün dünyada hakimiyyət xalqla, onun nümayəndəsi - vətəndaş cəmiyyəti ilə birlikdə disputlar və müzakirələr vasitəsilə fəaliyyət göstərir. Hakimiyyət anlayır ki, hadisələrə yuxarıdan nəzarət yetərli deyil. Əgər insanlar özləri ölkəyə nəzarəti ələ almasalar, heç kim onlara bu hüququ verməyəcək. Biz gənc deyilik, yetkin millətik, dövlət müstəqilliyinin bərpasından neçə illər keçir. Öz ölkəsinə görə məsuliyyəti üzərinə götürməyin vaxtıdır.

 14-15 iyun tarixlərində monitorinq keçirirsiniz?

-  Hazırda biz ikinci lokdaunun icrası ilə bağlı yenə də yerlərdən məlumat toplayırıq. Amma bu gün total karantinin ilk iki günündə olan səhvlər təkrarlanmır. Başqa problemlər ortaya çıxıb. Abunəçilərimizin 95%-i bunlardan danışır. Bu, içməli su qıtlığıdır, su təchizatındakı fasilələrdir.  Və aydın olmayan diaqnoz və ya nəticəsi mənfi olan xəstələri koronavirus klinikalarının qəbul etməməsidir. Amma biz bilirik ki, mənfi nəticə hələ xəstənin koronavirus xəstəsi olmaması demək deyil. Koronavirus üçün nəzərdə tutulmayan xəstəxanalar isə öz tibb personalını və xəstələri yoluxdurmamaq üçün nəticəsi müsbət olan xəstələri qəbul etmirlər.

Nəyə görə əhalinin bir hissəsi koronavirus təhlükəsinin olmasına inanmır, hesab edir ki, bütün ölkələrdə hakimiyyətlər vətəndaşları aldadırlar və adi qripi qlobal problem kimi qələmə verirlər?

- Belə bir dünya trendi var - tibbi biliklərlə bağlı nihilizm. Savadsız insanlar həkimlərə, tibbə qarşı inamsızlıq edirlər. YouTube-da cahillərin Yer kürəsinin düz olduğunu açıqlayan videoçarxları 5-10 mln. baxış toplayır. Səriştəli mütəxəssislərin Yerin gerçək quruluşunu açıqladıqları və sübut etdikləri çarxları isə milyon tamaşaçı da izləmir. Elə rahatdır ki, bu sahədə heç bir biliyi olmadan, heç bir şəxsi uğurları olmadan, divanda oturaraq mütəxəssisləri savadsızlıqda ittiham etmək. Belə şəxs özünü önəmli hiss edir, çünki tanınmış mütəxəssislərlə mübahisə edir... Təbii ki, bütün dünyada keyfiyyətli populyar informasiya qıtlığı müşahidə olunur və bu da xalqın elmə artan inamsızlığına təsir göstərir.

Bir də deyirlər ki, ikigünlük lokdaunlar səmərəsizdir, çünki üçüncü gün hər şey açılır və insanlar yenidən ictimai nəqliyyata oturur, birlikdə işləyir...

- Lokdaunların effektivliyi barədə suala cavab vermək üçün məndə məlumat yoxdur. Bununla bağlı, çox güman ki, ilkin verilənlərin çoxuna “əl gəzdirərək” ikigünlük sərt karantinlərin effektivliyini nümayiş etdirən əyrini çizən statistikaya müraciət etmək lazımdır. Onu karantin qadağaları olmadan müvafiq göstəricilərlə müqayisə etmək lazımdır.

Lokdaunun həftəsonu təcrübəsi bizim ixtiramız deyil. Türkiyə və İsrail təcrübədən keçirib və olduqca uğurla.. Lakin artıq ikinci lokdaunda bizim sistem bu cür tədbirlərin əhali üçün minimum itkilərlə reallaşdırılmasına hazır olmadığını nümayiş etdirir. Yenə də bir çox problem var, mən səhərdən şəbəkədə şikayətləri toplayıram, nəşrlər edirəm, məmurlarla və KİV ilə ünsiyyət qururam. Narazılıq axını artır.

Cəmiyyətdə çoxlu şayiələr var ki, həkimlər adi xəstəyə pul təklif edirlər ki, özünün koronaviruslu olduğunu etiraf etsin. Adamlar bir-birini inandırırlar ki, bundan ötrü həkimlərə əlavə pul verirlər və onlar da buna gedirlər. Bu, düzdür?

- Mən bu şayiələrin təsdiqini tapmağa çalışdım, bu barədə danışanlardan sübut göndərməyi xahiş etdim və o zaman  onlar yoxa çıxdılar və öz statuslarını sildilər. Mən xəstələrə kovid diaqnozu qoymaq üçün pul verilməsi barədə heç bir fakt tapa bilmədim.

Xəstəliyi yüngül keçirən koronaviruslu şəxslərin xəstəxanaya yerləşdirilməməsi ilə bağlı Operativ Qərargahın son qərarını necə qiymətləndirirsiniz?

- Operativ Qərargahın bu qərarı düzgün və gecikmiş qərardır. Həkimlərin çoxu iki ay bundan öncə deyirdi ki, bütün yoluxanların xəstəxanaya yerləşdirilməsindən imtina etmək lazımdır. Bizim üçün hələ çox lazım olacaq resurslara qənaət baxımından bu düzgün qərardır,  çoxdan qəbul edilməliydi. Ancaq çətinlik ondadır ki, özünü təcrid edənlərin heç də hamısı öz evində karantinə əməl etməyəcək. Lakin insan amilinə düzəliş var. Bir insana necə başa salasan ki, o, xəstədir, özü və başqaları üçün təhlükəlidir, evdə oturmalıdır. Hər kəsə polis nəzarəti tətbiq etmək olmaz. Xəstəliyin yüngül formasında olanlar evdə qalmalı və müalicə olunmalı, qaydaların yerinə yetirilməsinə dair iltizam verməlidir.

İkinci lokdaunun nəticələrinə görə açıq məruzəniz və prezidentin köməkçisi ilə görüşünüz olacaq?

- Bəlkə də yeni görüş olacaq, mən buna çox ümid edirəm. İstənilən halda hesabat hazırlayıram.

Cəmiyyət ikiyə - Yeni Yasamal yaşayış massivində polisə zibil atanları təqdir etməyənlərə və polisi səlahiyyət həddini aşmaqda ittiham edənlərə bölünüb. Siz hansı qrupa aidsiniz?

- Sözsüz ki, prinsipcə qanunların pozulmasını təqdir etmirəm. Amma ilk çətin lokdaunu yaşamış insanları da başa düşmək olar. Yeni Yasamalda baş verən hadisələrin bütün iştirakçılarına düzgün hüquqi qiymət verilməlidir. Düşdüyümüz vəziyyətin mürəkkəbliyindən irəli gələrək hesab edirəm ki, günahkarlar tam şəkildə inzibati cəza almalıdırlar, lakin cinayət cəzası yox.

İcazə verin, bir şeyi də deyim: kütləvi xəstəliklərə qarşı mübarizə təkcə dövlətin səylərini tələb etmir. Hesab edirəm ki, hökumət özəl biznesin və vətəndaş cəmiyyətinin çox böyük reallaşmamış potensialını səfərbər etməlidir, sadəcə, ona “nəfəs”, güzəştlər verməlidir ki, biznesmenlərin dövlətlə birlikdə problemlərin həlli ilə məşğul olmağa stimulu olsun. Məsələn, pandemiya zamanı logistik qərarlar üçün ASAN xidmət - yarıdövlət kampaniyası qoşulur. Köməyə özəl nəqliyyat şirkətlərini çağırmaq olar, onlara əlverişli iş qaydaları yaratmaq olar. Və o zaman xəstələrin, yüklərin və həkimlərin daşınması məsələsi həllini tapacaq. Dövlət biznes və vətəndaş cəmiyyəti ilə birlikdə səfərbər olunmalıdır. İkinci lokdaun yeni çatışmazlıqları aşkar edib ki, tək ASAN xidmət bunu həll edə bilməz. Dövlətin xalqı yalnız elektorat hesab etməməsinin vaxtıdır, xalqın isə böyümək vaxtıdır.
Koronavirusdan xilas olmaq üçün hökumət, özəl biznes və vətəndaş cəmiyyəti səfərbər olunmalıdır