KORONAVİRUS ƏLEYHİNƏ PEYVƏNDLƏRİN AZƏRBAYCANA TƏDARÜKÜ DAYANDIRILIB - "Verilən vədə əməl olunmayıb"

Baxış sayı:
1652

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev koronavirus pandemiyasına qarşı dünya dövlətlərinin birgə mübarizəsinın və bu sahədə sıx əməkdaşlığın vacibliyini dəfələrlə vurğulayıb. Bu mənada vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsü pandemiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq üçün vacib komponent olduğu bildirilib. 

COVAX platformasının bütün ölkələr üçün effektli peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı hazırlanmış peyvəndlərə ədalətli əlçatanlığı təmin etmək məqsədilə yaradılmış mexanizm olduğununu nəzərə alaraq, Azərbaycan ötən il COVAX platformasına ilk qoşulan 50 ölkədən biri olub.

Bunu jurnalistlərə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, lakin COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə hazırkı dövrədək əməl olunmayıb: "Bu günlərdə COVAX tətəfindən daxil olmuş məktubda Azərbaycanı yaxın zamanda müvafiq vaksinlə təmin edə bilməyəcəkləri bir daha qeyd olunmuşdur.

Azərbaycan Respublikasının vaksin istehsal edən müxtəlif şirkətlərlə uğurlu əməkdaşlığı nəticəsində ölkəmizə Çin dövlətinin istehsalı olan "Coronavac" vaksinlərinin gətirilməsi təmin edilmişdir.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə sahəsində Azərbaycanı örnək dövlətlərdən biri kimi göstərmişdir. Bu gün Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradıldığı halda, ölkəmizə qarşı bu münasibəti yanlış hesab edir, təsisatın məram və məqsədinə zidd olduğunu bildiririk.

COVAX-ın bütün üzv ölkələrlə əməkdaşlığının ədalətli şəkildə davam edəcəyinə, növbəti mərhələdə təxirə salınmadan başqa üzv ölkələrlə bərabər Azərbaycanın da peyvəndlə təmin olunacağına inanırıq".

Ekspertlərin fikrincə, bütün bu ciddi problemlər ilk növbədə COVAX layihəsinin təşəbbüskarlarının səriştəsizliyi ilə bağlıdır. Layihə çərçivəsində vaksinlərin ədalətli paylanılacağına söz verilsə də, əslində, bunun əksi baş verir.

Vaksinləri istehsal edən şirkətlər kommersiya maraqlarını rəhbər tuturlar və zəngin ölkələrə çoxlu sayda vaksin göndərirlər ki, bunun da nəticəsində vaksinlərin başqa ölkələrə çatdırılmasında fasilələr və gecikmələr müşahidə olunur.

Bu prosesə məhz COVAX layihəsi çərçivəsində nəzarət edilməli idi, vaksin istehsalçıları qarşısında isə konkret tələblər qoyulmuşdu. Vaksinlərin əksəriyyətinin bir neçə ölkədə yığılması ədalət prinsipinin pozulmasıdır və koronavirus pandemiyası ilə ümumi mübarizəyə mənfi təsir göstərir.