KARANTİN REJİMİNİN TƏLƏBLƏRİ HAQDA MƏLUMATSIZLIQ… - Vətəndaşların bəzi hallarda əsassız olaraq saxlanıldığı və cərimələndiyi haqda şikayətlər var

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti koronavirus pandemiyasının ölkə ərazisində geniş yayılmasını əngəlləmək məqsədilə 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək qadağaları sərtləşdirəcək. Operativ Qərargah bir neçə gün öncədən ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarı açıqlayıb. Həmin qərara əsasən, aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;
Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;
dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;
dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);
dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;
hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
kütləvi informasiya vasitələrinin əməkdaşları;
Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).
Bundan əlavə, müəyyən qrup vətəndaşlar barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə isə aşağıdakı hallarda yol verilir:
təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;
ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;
yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.
Qeyd edək ki, bu qadağalar 5 aprel 2020-ci il saat 00:00-dan qüvvəyə minsə də, son günlər bəzi vətəndaşların qanunsuz olaraq hərəkətinə mane olunduğu və yaxud cərimələndiyi haqda şikayətlər var. Redaksiyamıza daxil olan məlumata əsasən, hətta bəzi hallarda digər güc strukturunun və hüquq mühafizə orqanlarının əməkdaşları da polis tərəfindən saxlanılanaraq, qanunsuz tələblər irəli sürülür. Baxmayaraq ki, bu gecəyədək tətbiq olunan qadağalar “Evdə qal” kampaniyası çərçivəsində sadəcə tövsiyə xarakteri daşıyır. Məsələn, 65 yaşdan yuxarı insanların koronavirusa yoluxma ehtimalı daha yüksək olduğundan, həmin şəxslərin evdən çıxması tövsiyə olunmayıb. O cümlədən, digər vətəndaşların da məcbur olmadığı təqdirdə evdən çıxması məsləhət bilinməyib.
Lakin redaksiyamıza müraciət edən vətəndaşlar şikayət edir ki, onlar Operativ Qərargahın hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarını pozmadan evdən çıxmağa məcbur olduqları halda belə, polis tərəfindən kobud müdaxilələrlə qarşılaşıb, hətta heç bir xəbərdarlıq edilmədən əsassız olaraq cərimələniblər. Adının çəkilməsini istəməyən oxucumuz bildirir ki, əksər polislər ölkədəki hərəkət məhdudiyyətlərinin tələblərindən yetincə xəbərdar olmadığından, bəzi hallarda Bakı, Sumqayıt və Abşeronda sərbəst hərəkətinə icazə verilən şəxsləri də saxlayır, onlarla yersiz mübahisələr edirlər. Bu baxımdan, polis əməkdaşları da Nazirlər Kabinetinin, o cümlədən də Daxili İşlər Nazirliyinin (DİN) 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiq olunan qadağaların detalları ilə yetərincə məlumatlı olmalıdırlar.
Əlbəttə, istənilən vətəndaş polisin qanuni tələbinə riayət etmədiyi təqdirdə cərimələnə və barəsində hüquqi tədbir görülə bilər. Amma sərbəst hərəkət imkanı olan rəsmi və ya qeyri-rəsmi şəxslərin əsassız olaraq saxlanılması və yaxud cərimə edilməsi halları müşahidə olunur ki, bütün bunlar da heç də arzuolunan deyil.
Odur ki, cənab polislər, vətəndaşların qadağalara əməl etmələrini tələb edərkən, ilk öncə həmin qadağalarla daha yaxından tanış olmanız vacibdir! Unutmayaq ki, qanun hamı üçün eynidir!
Hurriyyet.org