Karantin rejimi ilə bağlı yeni qərar - NƏLƏR DƏYİŞİR?

Baxış sayı:
786

Sentyabrın 12-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair Qərar imzalanıb.

Muxalifet.az-ın məlumatına görə, Qərara əsasən 2020-ci il 14 sentyabr saat 06:00-dan etibarən:

- Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir;

- Sentyabrın 30-dək digər ictimai nəqliyyat növləri kimi şənbə və bazar günləri Metropolitenin sərnişindaşıma fəaliyyətinə fasilə verilir;

- Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilir.

Sentyabrın 30-dək ölkə üzrə xüsusi karantin rejimi tətbiq edilmiş ərazidə aşağıdakı sahələrdə tətbiq olunan məhdudiyyətlər saxlanılır:

- yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış;

- ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları;

- “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu;

- dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi;

- bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla);

- tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili;

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşə;

- istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;

- muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;

- iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;

- ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;

- tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti;

- idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

- masaj və hamam xidmətlərinin göstərilməsi;

Əlavə olaraq sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;

- ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi;

- 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi;

- çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;

- 2020-ci il 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.

Bu Qərarda qeyd edilmiş məhdudiyyətlər istisna olmaqla bütün iş, xidmət və digər sahələrdə fəaliyyətə icazə verilir.