“Kanada itirdiyi “şayba”sını Qarabağda axtararkən bilməli idi ki...”
Trampın yenidən Prezident seçilməsi və ilkin etapda verdiyi açıqlamalar heç şübhəsiz ki, ciddi müzakirələrə yol açıb.
Əvvəla, başlayaq Rusiya-Ukrayna müharibəsinin potensial perspektivindən. Hansı ssenari izlənə bilər? Ya da nə baş verə bilər? Məncə xüsusi dəyişikliyi ehtiva edən heç nə. O baxımdan ki, Qərb və Avropada dövlət siyasəti (buna “dərin dövlət”in siyasəti də deyə bilərik) fərdlərin iradəsindən güclüdür və bu səbəbdən prosesin eyni “temp” üzərindən davam edəcəyi daha inandırıcı görünür. Əlbət, arada yumşalma imitasiyalarının, sülh gedişlərinin, pozitiv açıqlamaların da “göz oxşayacağı” istisna deyil. Fəqət, bir daha təkrar edirəm: Olumlu nəticə almaq çox çətindir! Çünki münaqişə geridönüş imkanı olmayan yerlərə qədər irəliləyib və belə olan halda silahın yerə qoyulması ya kapitulyasiya halında mümkündür, ya da tükənmə sonuclu inersiya fonunda.
İkinci məsələ Qrenlandiyanın mədəni ilhaqı barədə gedən söz-söhbətlərdir. Hansı ki, haqqında yetərincə çox danışılır. Mümkündürmü? O da real görünmür. Niyə? Çünki məlum açıqlama şərti kontekstdədir və Danimarka ilə olan ixtiyari konflikt səbəbindən verilməyib. Yaxşı bəs məqsəd, hədəf nədir? Daha doğrusu, haralara hesablanıb? Bunu anlamaq üçün sadəcə Qrenlandiyanın hərbi bazalar üçün strateji əhəmiyyətini, orada çıxarılan nadir yeraltı və yerüstü metalların (70-80 faiz etibarilə) konkret hansı ölkəyə idxal olunmasını, eyni zamanda Avropa və Rusiyaya “orbitr nəzarəti” baxımından adanın son dərəcə əlverişli mövqeyini “gözardı” etmək yetərlidir. Üstəlik, Tramp yəqin ki, həm də xələflərinə bənzəməyə çalışır və zamanında Ceffersonun fransızlardan Luiziananı, Consonun Rusiyadan Alyaskanı aldığı kimi o da Danimarkadan Qrenlandiyanı almaq istəyir. Amma bir daha təkrar edirəm: İnandırıcı deyil. Ən azından çox çətindir! Əsas da ona görə ki, adada keçirilən 2009-cu il referendumundan sonra ərazidə yurisdiksiya qaydaları tam dəyişib və artıq buranın vətəndaşları beynəlxalq hüquq tərəfindən müstəqil xalq kimi tanınır.
Üçüncü məsələ ölüm hökmünün bərpası ilə bağlıdır. Hərgah, bunu “bərpa” kimi əxz və təqdim edənlər çox ciddi bir nüansı gözdən qaçırırlar: ABŞ-nin bəzi ştatlarında ölüm hökmü onsuz da qüvvədə idi. İndi isə sadəcə masştab genişlənir. Vəssalam.
Dördüncü məsələ Trampın ÜST-dən çıxmaq barədə imzaladığı fərmandır. Düzdür, bu əsasən üzvlük haqqının ədalətsiz müəyyənləşdirilməsi ilə əlaqələndirilir, amma hər birimizə aydındır ki, mövzunun kökü tam başqadır.
Və ya nəzərə alsaq ki, mənzil-qərərgahı Cenevrədə yerləşən ÜST həm də BMT-nin ixtisaslaşmış qurumudur, o zaman məlum addım üzdə olan beynəlxalq təşkilatlara verilmiş mesaj, göstərilmiş etimadsızlıq kimi də qiymətləndirilə bilər.
Nəhayət, beşinci məsələ “sorosçu”larla bağlı ortaya qoyulan iradədir. Bəli, Tramp müdrik adamdır və gözəl anlayır ki, dünyanın rəngini dəyiş(dir)ən Maskın, Bezosun, Qeytsin qazandığı pullarla Sorosun qazandığı pullar arasında çox ciddi fərq var. Çünki birincilər inkişafı hədəfləyib, sonuncu isə dağıdıcı ruhlu tənəzzülü. Və bu minvalla proqnoz verə bilərik ki, Sorosla oxşar niyyətləri paylaşan və dədədən yetim qalan “fetöçu”ların da işi heç fərah getməyəcək. Ona görə, Türkiyə və Azərbaycanda daim fürsət gözləyən, radikal müxalifətdəki başıpozuqlar qədər riyakar və kinli olan “fetöçular”a məsləhətim budur, indidən gedib “cənazə namazlarını” qılsınlar. Gecikmədən!
Çünki, siyasi “qəza”ların bədəli normal qəzalardan daha ağır olur...
P.S. Yazını sonlandırarkən mətbuatdan oxudum ki, Tramp Kanadaya ultimatum verib və onların müstəqilliyini bir gündə yox edə biləcəyini söyləyib.
Var ol, cənab Donald! Vallahi-billahi kişi adamsan! Zatən Kanada Azərbaycanın daxili işlərinə öz uzun burnunu soxarkən, Ottavada itirdiyi “şayba”sını Qarabağ sərhədlərində axtararkən anlamalı idi ki, həyat bumeranqdır və bir gün onun da bostanı daşsız qalmayacaq...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.