​Jurnalistin ölümü nazirin istefasına səbəb oldu

Baxış sayı:
5311

Slovakiyanın baş nazir müavini və daxili işlər naziri Robert Kalinyak jurnalist Yan Kutsiyakın qətli fonunda meydana gəlmiş ictimai təzyiqlər altında istefa verib.
Muxalifet.az xəbər verir ki, bu barədə “iDNES.cz” məlumat yayıb.
DİN rəhbəri qətlin araşdırılmasının və günahkarların məsuliyyətə cəlb olunmasının onun üçün son dərəcə vacib olduğunu bildirib.
“Bu arada, emosiyalar ən yüksək həddə çatıb. Mən koalisiya tərəfdaşlarımın baxışlarını bölüşürəm, ona görə, hesab edirəm ki, ölkədə sabitliyin qorunması naminə bu addımı atmalıyam. Ona görə istefa vermək qərarına gəldim” deyə Kalinyak.
Onun sözlərinə görə, könüllü şəkildə qəbul etdiyi bu qərarı artıq baş nazirə bildirib. Onun parlamentdə deputat olaraq fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələ aydın deyil. Bundan əvvəl o, müxalifətin tələblərinə baxmayaraq, istefa verməkdən imtina edirdi.
Qeyd edək ki, Kalinyak 2012-ci ildən bəri Slovakiyanın daxili işlər naziri vəzifəsini tutur.
Xatırladaq ki, 27 yaşlı jurnalist Yan Kutsiyak və onun rəfiqəsi Martina Kuşnirovanın meyitləri fevralın 25-də Bratislava şəhəri yaxınlığındakı evlərində aşkarlanıb.
Onlar odlu silahla qətlə yetirilib. Gənc jurnalistin slovak siyasətçilərin italyan mafiyası ilə əlaqələrini araşdırdığı deyilir.
“Euronews”un məlumatına görə, jurnalistin qətli xəbəri Bratislava və 50 digər şəhərdə son otuz ilin ən böyük etiraz aksiyalarına yol açıb. Etirazçılar Kalinyak və baş nazir Robert Fitsonun istefasını və ölkədə növbədənkənar seçkilərin keçirilməsini tələb edib.