İrəvandan sensasiyalı QARABAĞ GEDİŞİ: torpaqlarımızla bağlı İKİ MÜƏMMA

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan dünən sensasiya hesab oluna biləcək bəyanat verdi. Erməni nazir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması çərçivəsində işğal altındakı ərazilərin qaytarılmasının mümkünlüyündən danışdı və qeyd etdi: “Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik, nə də inkişaf baxımından təhlükə yaradır. Lakin təfərrüatları açıqlasam, o zaman, danışıqlar dayanar”.
Nalbandyanın bəyanatının məğzi o qədər də sensasiya deyil. Çünki “aprel döyüşləri”ndən sonra Qarabağ danışıqlarında işğal altındakı rayonların qaytarılması məsələsi gündəmdədir. Ötən ilin 16 may tarixində keçirilən Vyana, 20 sentyabrda isə baş tutan Sankt-Peterburq görüşləri bu konteksti əhatə edib.