İRƏVAN APRELDƏ MÜHARİBƏYƏ HAZIRLAŞIR? - Ermənistanın hərbi avantüraya hazırlaşdığına dair sübutlar açıqlandı / VİDEO

“Rəsmi İrəvanın son hərəkətlərinin məntiqi – revanşist əhval-ruhiyyənin güclənməsi və sürətlə hərbiləşməsi göstərir ki, bölgə Ermənistanın təhriki ilə yeni bir müharibənin astanasındadır. Ermənistan artıq müharibəyə hazırlığını gizlətmir. Belə ki, ötən həftə hökumət iclasında 1 aprel - 13 iyun tarixlərində ehtiyatda olan hərbçilər üçün təlim toplanışlarının keçiriləcəyi elan edilib. Bu təlimlər rekord səviyyədə – 10 həftə davam edəcək ki, bu da standart hazırlıq müddətlərini əhəmiyyətli dərəcədə üstələyir”.
Bu barədə “Caliber”-də yayımlanan məqalədə bildirilir.
Nəşr yazır ki, etibarlı mənbələrdən daxil olan məlumatlara əsasən, İrəvan müharibəni aprel ayında başlatmağı planlaşdırır.
“Toplanmış faktlar və məlumatlar Ermənistanın sərhəddə təxribatlara və təcavüzə planlı şəkildə hazırlaşdığını göstərir. Bu da yeni eskalasiya təhlükəsini daha real edir. Biz artıq əvvəlki hesabatlarımızda Ermənistanın hərbi planlamasında "blitskriq" – yəni, sərhəd boyunca yaşayış məntəqələrinin ildırım sürətilə işğalı konsepsiyasının nəzərdən keçirildiyini bildirmişdik. Son aylarda Ermənistanın hərbi avantüraya hazırlığına dair sübutlar daha da aydın görünür”, - məqalədə deyilir.
Yazıda daha sonra deyilir ki, eskalasiya prosesində xüsusi rolu AB-nin rəsmi olaraq "müşahidə" kimi təqdim edilən, lakin tamamilə fərqli məqsədlərə xidmət edən missiyası oynayır: “Sərhəd boyunca kəşfiyyat fəaliyyətləri aktivləşdirilib - xüsusilə mümkün toqquşma bölgələrində. Avropalı "müşahidəçilər" sistemli şəkildə ərazini tədqiq edir, Azərbaycanın hərbi mövqelərini öyrənir, zəif nöqtələri müəyyənləşdirir. Əslində, monitorinq adı altında Ermənistan hərbi komandanlığına məlumat ötürülməsi baş verir ki, bu da neytrallıq prinsipinin kobud şəkildə pozulması deməkdir.
Bu fəaliyyət Ermənistanın sürətli hərbiləşməsi ilə üst-üstə düşür. Ən bariz nümunələrdən biri də Azərbaycanla şərti sərhəd boyunca on yeni möhkəmləndirilmiş hərbi mövqenin inşasıdır. Bu mövqelər öz strukturu və yerləşməsi baxımından müdafiə üçün deyil, hücum üçün nəzərdə tutulub. Onların strateji əhəmiyyətli ərazilərə nəzarəti təmin etmək məqsədilə yaradıldığı açıq-aşkar görünür. Bütün bu mövqelər tunellər sistemi ilə birləşdirilib ki, bu da Ermənistanın diversiya qruplarının Azərbaycana qarşı təxribat keçirməsinə imkan yaradır”.
Yazıda deyilir ki, planın əsas məqsədi sərhəddə vəziyyəti sürətlə dəyişmək, Azərbaycanı məcburi şəkildə reaksiya verməyə vadar etmək və beləliklə, öz təcavüzünü ört-basdır etməkdir. Bu tip planları həyata keçirmək üçün ciddi resurslar tələb olunur. Son iki ildə Ermənistanın hərbi alışları kəskin şəkildə artıb – Fransa və Hindistandan milyardlarla dollar dəyərində silah alınıb.
Hindistan: 2022-ci ildə Ermənistan Hindistandan 15 ədəd “Akash” zenit-raket kompleksinin satın alınması üçün 710 milyon dollarlıq müqavilə imzalayıb. Bu sistemlər döyüş təyyarələrini, qanadlı raketləri və pilotsuz uçuş aparatlarını 25 km məsafədə məhv edə bilir.
Fransa: Ermənistan “CAESAR” 155 mm-lik özüyeriyən artilleriya qurğuları, “Pantserfaust 3” tank əleyhinə sistemləri, “R511” və “R530” hava-hava raketləri, “ERYX” tank əleyhinə raketləri, “Apilas” reaktiv qumbaraları və “BGM71-TOW” tank əleyhinə raket kompleksləri əldə edib.
Ermənistanın hərbiləşdirilməsinə Avropa Sülh Fondu vasitəsilə maliyyə ayrılır.
Bu silahlanma Ermənistanın iddia etdiyi "müdafiə strategiyası" ilə heç bir şəkildə uyğun gəlmir. Bütün faktlar göstərir ki, İrəvan yeni aqressiyaya hazırlaşır.
Daha bir kritik element isə Lori bölgəsində, Yunanıstanın fəal dəstəyi ilə tikilən Harkop körpüsüdür. Bu körpü Ermənistanın hərbi texnikasını və canlı qüvvəsini qısa müddətdə sərhədə cəmləşdirməyə imkan verəcək.
Nəticə: Gələcəkdə hansı ssenari gözlənilir?
Bütün bu faktlar vahid bir strateji planın – yeni eskalasiya hazırlığının tərkib hissəsidir. Ermənistan və onun xarici havadarları qarşıdurmanı qızışdırmaq üçün məqsədyönlü şəkildə çalışırlar. Azərbaycan dəfələrlə sülh dialoquna hazır olduğunu sübut edib, lakin hər hansı zorakı ssenari dərhal və sərt şəkildə yatırılacaq.
“Dəmir Yumruq” yerindədir və Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan hər hansı addım sürətli və ağır nəticələrlə qarşılanacaq. Ermənistan rəhbərliyinin hələ də düşünmək üçün vaxtı var. Əks halda, Ermənistanın tikinti texnikası tezliklə İrəvanda başqa məqsədlər üçün lazım olacaq – "Erablur" qəbiristanlığının genişləndirilməsi üçün./azpolitika