Dişsiz ağızın marçıltısı – ELDƏNİZ QULİYEV YAZIR

Baxış sayı:
685

Əvvəli olmayan yolun axırı da olmur!..

Ərz eləyim ki, bu gün xalqımız iki daşın  arasında - iqtidar olmaq istəyən müxalifətlə, müxalifət olmaq istəməyən iqtidarın arasında əsir-yesir qalıb... Bizlər bu "daşların" arasından xilas olmaq üçün nə edirik, yaxud çarəni nədə görürük?..

İqtidar cənablarının, özlərindən savayı heç kimi qane etməyən idarəçilik üsul-idarəsinə yetərincə müqavimət göstəririkmi?

Digər tərəfdən, demokratik düşərgənin mücadilələrinə lazımi dəstək veririkmi?..

Suallar ritorik səslənsə də, cavab verirəm: bəli, bir tətəfə yetərincə müqavimət göstərilir, digər tərəfə isə dəstək verilir.
 
Misal üçün, sosial şəbəkə platformalarında kifayət qədər tələblər, çağrışlar, xahiş-minnətlər, hətta qəzəb və nifrətlə dolu postlar tirajlanır. "Belə hökumət olmaz!", "Dərəbəylikdir!" "Təngə gəlmişik!", "Ölkə avtopilotla idarə olunur!", " Qiymətlər gicitkan kimi camaatı dalayır!..", "Təhsili bərbad, səhiyyəsi dəhşət!", "İstefa!" və sairə və ilaxır bu kimi etirazl-qəzəbli şüarlar, eləcə də demokratik düşərgəni körükləyən, sərt və qətiyyətli mübarizəyə səsləyən yazılar, statuslar paylaşılır, çıxışlar edilir.
 
Nəticə varmı? Təəssüf və səd heyif ki, yox!.. Bir tərəfin vecinə də deyil, digər tərəf isə bir qulağından alıb, o biri qulağından buraxır...
 
Diqqət yetirin: vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri, internet Tv kanalları, blogerlər, siyasi fəallar, o cümlədən, müxalifət üzvlərinin həbsinə ürəyi yanan minlərlə sadə vətəndaşlar birmənalı şəkildə münasibət bidirir, bildirməkdə davam edirlər də...
Bundan artıq nə etmək olar?..
 
Daha kəsərli "nə isə" etmək potensilalında olan siyasi partiya liderləri də eynisini, yəni ediləndən artığını sərgiləməkdən o yana geçmirlər. Qorxudanmı, konyunkturadan, hiyləgərlikdənmı, kreativ mübarizə vasitələri tapmaqda aciz olduqlarındanmı, anlamadıqlarındanmı - bilmirəm. Müsbət nəticə verəsi, real təsir göstərəsi əsaslı
bir iş görülmür ki, görülmür.
 
Son zamanlar aparıcı müxalif partiyaların fəaliyyətini (bəlkə də, fəaliyyətsizliyini), müşahidə edən cəmiyyət artıq başa düşüb ki, ölkədə yetərincə boşboğaz, laqeyd və ifrat proqmatik  "dostları" var... Və bu, hamıda tərs və qəfil şillə effekti yaradıb!..
 
İndi gəlin, əyri oturaq düz danışaq...
 
İqtidarın nə, müxalifətin isə nəmənə olduğu az-çox məlumdur. Yəni, iqtidarı BELƏ, müxalifəti isə ELƏ olan məmləkətin durumu elə-belə də olmalıdır...
 
Amma bu iki sosial-siyasi qurumdan əlavə, özgə bir "güc mərkəzi"də var. Ki, onun barəsində ya danışılmır, danışanda da daha çox, ağız büzülür, çiyin çəkilir... Kimdir, ya kimlərdi onlar? Onlar, belə demək mümkünsə, son dərəcə tədbirli-ehtiyatlı və hiyləgər fərdlərdən ibarət olan, bir budaqda oturub min budağı silkələyən kiçik-kiçik cəmiyyətlər, mini qruplaşmalar, eləcə də, hər an fürsət gözləyən böyük-böyük ambisiyalı zatlardı.
 
- Onlar saatlarla pusquda durub  ov gözləyən ovçuya bənzəyirlər;
 
- onlar siyasi həbs və işgəncə təhlükəsinə, şər-böhtanlara baxmayaraq, öz amalları  uğrunda mübarizə aparan  insanları üzdə dəstəkləyib, arxada onların məğlub olmasını, hətta həbsxanalarda çürüyüb ölməsini istəyirlər. Hətta bunu gizli bir ləzzətlə gözləyirlər də!.. (?!)
 
- bu fürsətcil bəy-cənablar üçün, sanki fəal insanlarının zəifləyib sıradan çıxması onlara qucaq-qucaq şanslar yaradacağı arzusundadılar;
 
- onlar məzmunca iyrənc, formaca hirsli-hikkəlidilər, - əyinlərinə psevdo-patriot qiyafəsi geyib, üzlərinə yaltaq-yalaq iqtidar maskası taxırlar;
 
- onlar, eyni zamanda, tamamən saxta və sözün əsl mənasında  buqələmundular. Bir göz qırpımında rənglərini, əqidələrini dəyişə bilir və  özlüyündə elə zənn edirlər ki, bir ayaqları müxalifətdə, bir ayaqları iqtidarda olsa... başlarını cəmiyyətdə saxlaya bilərlər. Ümid edirlər ki, müxalifət hakimiyyətə gəlsə, yaxud mövcud iqtidar hakimiyyətdən yıxılsa... baş rolun tərəf müqabili, vəzir-vəkili və əlbəttə ki, təlxəyi onlar olacaq;
 
- onlar təbiətən hər şeydən və hamıdan it kimi  qorxurlar və hamıya da it kimi "ham-ham" edirlər. Amma buna rəğmən, hər zaman ön plana atılmağa da hazırdılar. Himə bənddilər ki, zəifləyib haldan düşmüş, idarəçiliyində xaos yaranmış hakimiyyətin, yaxud özünə qarşı inamı və müqavimət immunitetini itirmiş müxalifətin üzərinə, daha qəti, daha pafoslu və daha radikal hücumların imitasiyasını yaratsınlar;
 
- onlar suda batmır, odda yanmırlar, müxalifətin də, iqtidarın da içərisində eyni komfortla mövcud ola bilirlər;
 
- onlar atmilçəyi kimi bir şeydilər, - ha qoyursan, ha uzaqlaşdırırsan, yenidən - vızha- vız gəlir, ürək bulandırırlar;
 
- onlar həmişə və hər yerdədilər, heç vaxt, heç yerdən yox olmurlar...
 
Qəribə fenomendir, deyilmi?!..
 
Belə məxluqlarda kiminsə dərdinə qalmaq, kiminsə ağrı-acısını, göz yaşlarını duymaq, acımaq, bir sözlə, manqurt kimi empatiya hissindən yerli-dibli məhrumdular.
 
Öz xöşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaqdan böyük günah yoxdur!
 
Yeri gəlmişkən, əqrəb dünyada yeganə həşaratdı ki, hirsindən özü-özünü çalıb öldürür... Yəni quyruğundakı zəhərli neştərini öz başına sancır!..
 
...Dünyada əqrəb xislətli nə qədər hikkəli, zəhərli insanlar, varmış!..
 
Sözün doğrusu, bizlər iki daşın arasında qalmağa, az da olsa öyrəşmişik. Yəni bizi sağdan da, soldan da əzib-sıxışdıran daşlara vərdişkar kimiyik. Ən təhlükəlisi və ən qorxulusu, məncə, üçüncü tərəfdir. Çünki, o daş, nə yazıq ki, birbaşa başımıza düşür!..
 
Demək istədiyim budur ki, yuxarıda qeyd etdiyim  tərəflərin üçü də dayanmadan dişsiz ağızlarını marçıldadırlar... Marçıltı isə, bildiyiniz kimi, ac qarınların qurultusunu daha da artırır!..
 
Eldəniz QULİYEV
 
P.S. Lütfən, bütün bu dediklərimi acı təəssüf hissim və ürəyimin ağrısı kimi qəbul edin...