"Banka qoyduğum 300 min dollar yoxa çıxıb" - ŞİKAYƏT

Baxış sayı:
1097

Bakı şəhər sakini Rüfət Razim oğlu Əsgərov 2008-ci ilin iyun ayında “MuğanBank”a (lisenziyası 2023-cü ildə ləğv edilib) yerləşdirdiyi əmanətin yoxa çıxdığını iddia edir.

R.Əsgərov “Qafqazinfo”ya bildirib ki, illər əvvəl banka qoyduğu 300 min dollar pulu və faizlərini geri ala bilmir:

“Əmanəti və faizini müddət bitəndən sonra götürəcəkdim. Yeddi müqavilə bağlayaraq əmanət yerləşdirdim və həmin gün Azərbaycandan çıxıb başqa ölkəyə getdim. İldə bir-iki dəfə Gəncəyə gedərkən banka baş çəkərək müqaviləm haqqında maraqlanırdım, hər dəfə mənə heç bir problemin olmadığı deyilirdi. 2019-cu ilə qədər bu formada davam etdi”.

2020-ci ildə banka zəng edib bildirdim ki, bir həftəyə Gəncəyə gələcəyəm, əmanətimi hazırlasınlar, gəlib götürəcəyəm. Həmin vaxt mənə dedilər ki, “sizin bank hesabınız yoxdur”, guya mən şəxsən gedib əmanəti tam şəkildə çıxarmışam. Onlar göstərdiyi tarixdə isə mən Azərbaycanda olmamışam”.

Məsələ ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, məhkəmə çəkişməsi davam edir: “Vətəndaş Əsgərov Rüfət Razim oğlunun özünün də bildirdiyi kimi, hazırda bankla sonuncu arasında məhkəmə mübahisəsi davam edir. Kreditorun mübahisələndirdiyi tələb üzrə məhkəmə yekun aktı qanuni qüvvəsini aldığı təqdirdə tərəfimizdən qərarla bağlı ətraflı məlumat təqdim edilə bilər”.