İran koronavirusa qarşı ordu yeridir, Gürcüstan Azərbaycanla sərhədlərini bağlamağı nəzərdən keçirir - REGİONDA DRAMATİK VƏZİYYƏT

Baxış sayı:
3371

İran prezidenti Həsən Ruhani bəyan edib ki, ölkədə baş qaldıran koronavirus epidemiyasına qarşı ordunu da səfərbər etmək qərara alınıb.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, belə bəyanat İran prezidentinin rəsmi saytında yerləşdirilib. Son məlumatlara görə İranda koronavirusa onlarla yoluxma halı qeydə alınıb, azı 8 nəfər ölüb. Virus ölkənin 12 əyalətində, o cümlədən paytaxt Tehranda, Qum və Məşhəd şəhərlərində qeydə alınıb.

“Bütün dövlət orqanları, silahlı qüvvələr, ictimai təşkilatlar cəmiyyətin sağlamlığı üçün bütün zəruri tədbirləri görəcəklər. Biz xəstəlik üzərində ən qısa zamanda ən az mümkün itkilərlə nəzarət təmin etmək istəyrik”,-Ruhani bildirib.

Xatırladaq ki, əksər ölkələr İranla gediş-gəlişi dayandırıb, Azərbaycan istisna olmaqla qonşularının hamısı bu ölkə ilə sərhəd qapılarını bağlayıb. İranla birbaşa sərhədləri olmayan Gürcüstan isə virusdan qorunmaq üçün özünün quru sərhədlərini, o cümlədən Azərbaycanla sərhədlərini bağlamağı istisna etmir. Gürcüstan artıq İranla hava reyslərini dayandırıb, öz vətəndaşlarını bu ölkəyə getməməyə çağırıb.

“Gələcəkdə əgər zərurət yaranarsa quru sərhədlərimiz üzərindən hərəkəti də məhdudlaşdıra bilərik”,-Gürcüstan XİN-in rəsmi məlumatında deyilir.

Bəyanatda deyilir ki, Gürcüstan hökuməti hadisələrin inkişafını izləyir və qonşu ölkələr Azərbaycan və Ermənistanla bu məsələ ilə bağlı əlaqələri davam etdirir. Baş nazirin sərəncamı ilə hökumətlərarası qrup yaradılıb və bu qrup 24 saat rejimində dünyada koronavirusun yayılması ilə bağlı situasiyanı izləyir. Virusun Gürcüstan ərazisinə keçməsinin qarşısını ala bilmək üçün konkret addımlar atır və əhalinin müdafiəsi üçün maksimal tədbirlər görülür.

Bu arada Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ölkə hökumətinə çağırış edərək İranla bütün gediş-gəlişi dayandırmağa, iranlıların ölkəyə girişini bağlamağa çağırıb. “İranlıların ölkəyə buraxılması qəti istisna edilməlidir, bu böyük epidemiyanın qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır”,-o bildirib.

Saakaşvili əlavə edib ki, buna görə onu ksenofob hesab etmək lazım deyil. “Bu hamıya aiddir. Tbilisidə mənim oğlum də yaşayır və oxuyur. Orada sizin uşaqlarınız da oxuyur, özünüz də orada yaşayırsınız. İranla bütün gediş-gəlişi dayandırmaq, iranlıların Gürcüstana girişini müvəqqəti dayandırmaq lazımdır”,-o bildirib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İranla quru sərhədlərinin bağlandığını elan edib. Bu arada Ermənistanda yayılan şaiyələrə görə İrana yaxın Qafan şəhərində bir  neçə nəfər koronavirusa yoluxub və xəstəxanaya yerləşdirilib. Lakin Qafandakı xəstəxanadan bu xəbəri təkzib ediblər.

Koronavirusun İranda yayılması ilə bağlı regionda yaranmış dramatik vəziyyət getdikcə dərinləşir.