“İqtidar və müxalifətin qarşılıqlı kompromislərə getməsinə ehtiyac var”

Baxış sayı:
2275

“İstər müxalifət, istərsə də iqtidar tərəfindən prinsipial mövqelərin ifadə olunma ritorikası dəyişilməlidir”

Bugünlərdə, daha dəqiq desək, mayın 18-də Pənah Hüseynin təşkilatçılığı ilə Azərbaycan Xalq Partiyasının (AXP) qərargahında bir qrup müxalifət partiyasının yığıncağı keçirilib. Toplantıda AXP sədri ilə yanaşı, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, Ağ Patiya başqanı Tural Abbaslı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Azərbaycan Xalq Demokrat Partiyasının sədri Rafiq Turabxanoğlu iştirak edib. Qeyd edək ki, görüşün mövzusu ilə bağlı özünün “facebook” səhifəsində paylaşım edən Pənah Hüseyn iclasda COVİD-19 pandemiyası ilə bağlı elan olunan karantin rejimi müddətində yaranan mövcud durum, müxalifətin fəaliyyəti və digər məsələlərin müzakirə olunduğunu bildirib: “Azərbaycanda fəaliyyət göstərən bir qrup siyasi partiya sədrlərinin iştirakı ilə ölkədəki mövcud ictimai siyasi vəziyyətə dair müzakirə keçirdik. Razılaşdırıldı ki, müzakirələrdə bu gün müəyyən edilən konkret mövzular (“Azərbaycan pandemiya və postpandemiya dövründə”. “Təsbitlər, proqnozlar, təkliflər, erməni təcavüzünə qarşı mübarizədə mili birlik platforması”, “İqtidar müxalifət siyasi dialoqu” və s.) ayrıca tədbirlər şəklində davam etdirilsin”.

Onu da bildirmək lazımdır ki, sözügedən toplantıda iştirak edən Ümid Partiyasının sədri çıxışını bitirdikdən dərhal sonra tədbiri tərk edib. ADP sədri Sərdar Cəlaloğlu Müsavat TV-nin “Canlı debat” verilişindəki çıxışında buna münasibət bildirərkən, qeyd edib ki, hazırda müxalifətin hansısa konfiqurasiyasında iştirak etmək İqbal Ağazadəyə siyasi cəhətdən məqbul deyil: “Azərbaycanda çox ciddi siyasi mədəniyyət problemi var. Bəzi adamlar iclas başlayan kimi deyirlər ki, “xahiş edirəm, birinci mənə söz verin, işim var, gedəcəm”. Bir fikir deyirlər, hamı ona qulaq asır. Amma onun fikrinə əks fikir deyənə və ya başqasına qulaq asmırlar, çıxıb gedirlər. Bu nə deməkdir? Biz də bir iclas çağırmışıq. İki saatdır. Əgər bu iki saat ərzində bu iclasda otura bilməyəcəksənsə, öncədən xəbər et ki, mən bu müddətdə burda otura bilməyəcəm, üzrlü say. Yox, əgər bilibsən ki, bu, iki saatlıq iclasdır, axıra qədər otur, hamının dediyinə qulaq as”. Tədbirin təşkilatçısı Pənah Hüseynin konkret bir predmet ətrafında deyil, məsləhətləşmə xarakterli tədbir keçirdiyini vurğulayan ADP sədri bildirib ki, toplantıda iştirak edənlərin bir çoxunun rəyi ilə Ümid Partiyasının sədrinin rəyi üst-üstə düşməyib: “Mənim başa düşdüyüm odur ki, İqbal bəy açıq şəkildə seçkiyə hazırlaşır. Bütün fəaliyyətini də təkrar seçkiyə indeksləyir. Orda açıq şəkildə belə cümlə işlətdi ki, “mən sabah gedəcəm seçkiyə. Mənim yanımdakı şəxs də mənə alternativ olan hökumətin adamını müdafiə edəcək”. Onun tədbiri tərk etməsinin səbəbi bu idi. İqbal bəy təkrar seçkilərə getmək istəyir. Ona görə də bu dəqiqə müxalifətin hansısa konfiqurasiyasında iştirak etmək ona siyasi cəhətdən məqbul deyil. Çünki burda mövqe ortalığa qoymalı, açıq şəkildə fikir bildirməlidir. Ola bilər, seçkidə onun əleyhinə olan adamlarla da müttəfiqlik edəcək. Biz orada seçki ilə bağlı bir araya yığışmamışdıq. Bunu anlamaq lazımdır”.

Təkrar parlament seçkilərindən söz düşmüşkən, xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 13-də keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə bağlı qəbul edilən qərara əsasən, nəticələri ləğv edilmiş dörd seçki dairəsində – Hüseynbala Mirələmovun qələbə qazandığı deyilən 33 saylı Xətai Birinci Seçki Dairəsi, Rauf Arifoğlunun qalib gəldiyi bildirilən 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, Hadı Rəcəblinin qələbəsi elan edilən 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və Çingiz Qənizadənin lider namizəd olaraq açıqlandığı 80 saylı İmişli-Beyləqan Seçki Dairəsində yenidən seçkilər keçiriləcək. Belə ki, Seçki Məcəlləsinin 172-ci maddəsinə əsasən, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, MSK təkrar seçkilər keçirir. Təkrar seçkilərin vaxtına gəlincə, seçki qanunvericiliyində ləğv edilən nəticələrdən sonra təkrar seçkilərin konkret müddəti göstərilməyib.

“Bu tip təhdidlərə qarşı müəyyən mübarizənin və fəaliyyətlərin də həmin qanunlarda öz əksini tapmasına ciddi ehtiyac var”

Beləliklə, İqbal Ağazadənin sözügedən toplantını yarımçıq tərk etmə səbəbi, o cümlədən müxalifət liderlərinin yığıncağında müzakirə olunan məsələlərə dair ətraflı məlumat almaq məqsədiylə müraciət etdiyimiz AXP sədri Pənah Hüseyn “Hürriyyət”ə bildirdi ki, görüşdə 9 siyasi partiya rəhbəri iştirak edib. O, həmçinin, görüşün “Youtube” kanalında canlı yayımlandığını və orada toplantıda müzakirə olunan məsələlərin şəffaf şəkildə öz əksini tapdığını qeyd etdi. Nəzərinizə çatdıraq ki, “facebook” statuslarının birində ölkənin Milli Təhlükəsizlik Konsepsiyası və Müdafiə Doktrinasının yenidən işlənməsinin vacibliyini vurğulayan Pənah Hüseyn qəzetimizə açıqlamasında dedi ki, koronavirus pandemiyası özünün miqyasına, neqativ təsirinə görə cəmiyyətin və dövlətin həyatı maraqlarını təhdid etmək dərəcəsindədir: “Milli Təhlükəsizlik Konsepsiyasında dövlətin və cəmiyyətin, ümumilikdə milli təhlükəsizliyin, eyni zamanda ona qarşı təhdidlərin nədən ibarət olması və bununla mübarizənin istiqamətləri öz əksini tapıb. Pandemiya da özünün miqyasına, neqativ təsirinə görə cəmiyyətin və dövlətin həyatı maraqlarını təhdid etmək dərəcəsindədir. Bu baxımdan, bu tip təhdidlərə qarşı müəyyən mübarizənin və fəaliyyətlərin də həmin qanunlarda öz əksini tapmasına ciddi ehtiyac var”.

“İqbal bəy əvvəldən demişdi ki, onun işi var və bu səbəbdən də bir qədər tez gedəcək, məncə burda hansısa bir məna axtarmaq doğru deyil”

Ümid Partiyasının sədri İqbal Ağazadənin toplantını tərk etməsinə gəlincə, AXP sədri hesab edir ki, burada qeyri-adi və ya mübahisəyə səbəb olacaq heç nə yoxdur: “İqbal bəy əvvəldən demişdi ki, onun işi var və bu səbəbdən də bir qədər tez gedəcək. Demək olar ki, İqbal bəy bütün toplantıda iştirak edib, axırıncı da o, çıxış etmişdi. Odur ki, məncə burda hansısa bir məna axtarmaq doğru deyil. Qulamhüseyn bəy də təxminən, İqbal bəylə bir vaxtda toplantını tərk etmişdi. Həmin vaxt müzakirələr qurtarmışdı və təkliflər də bildirilmişdi. Bir qərarın verilməsi və yaxud qərar layihəsi müzakirə olunması da gözlənilmirdi”. Sözügedən görüşün sonunda Azərbaycan Milli İstiqlal Partiyasının təşkilatçılığı ilə növbəti bu cür toplantının keçirilməsinin qərara alındığını deyən Pənah Hüseynin fikrincə, iqtidarla müxalifət arasında normal siyasi dialoq mühitinin formalaşdırılması üçün hər iki düşərgənin qarşılıqlı kompromislərə getməsinə lüzum var: “Yəni həm iqtidar, həm müxalifət, ümumiyyətlə siyasi partiyalar tərəfindən qarşılıqlı müəyyən kompromislərə getməyə, uzlaşdırmaya ehtiyac var. Təbii ki, bu məsuliyyət daha çox iqtidarın üzərindədir. Əvvəla, ona görə ki, hazırkı təşəbbüs iqtidarındır. İkincisi isə dialoq üçün əlverişli siyasi mühitin yaranmasından ötrü bir sıra addımlar var ki, onlar olduqca zəruridir. Məsələn, siyasi məhbuslar məsələsi, son dövrdə həbslərlə bağlı müəyyən addımların atılması, siyasi partiyalar üçün müəyyən şəraitin yaradılması, eyni zamanda dialoqun gündəminin və çevrəsinin müəyyənləşdirilməsində maksimum tolerantlıq, qeydə alınmış bütün siyasi partiyaların bu dialoqa dəvət olunması və s. Mənə elə gəlir ki, bu kimi addımlar atılsa, tərəflər arasında dialoq səmərəli ola bilər. Bunların isə xeyli hissəsi iqtidarın iradəsindən asılı olan məsələlərdir. Düşünürəm ki, istər müxalifət, istərsə də iqtidar tərəfindən ritorika dəyişilməlidir. Təbii ki, söhbət prinsipial məsələlərdən getmir. Həmin prinsipial mövqelərin ifadə olunma ritorikası dəyişilməlidir, xüsusən də iqtidar tərəfindən. Buna ehtiyac var, çünki hazırda bir sıra siyasi partiyaların da aid olduğu çevrələr üzərinə dalbadal xəyanət ittihamı və s. kimi məsələlər səsləndirilir. Əlbəttə, belə bir ritorikada səmərəli münasibətlərin qurulması real görünmür”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org