İkinci qrup əlil “MuğanBank”dan şikayətçidir – BANK PREZİDENTİN GÖSTƏRİŞİNƏ QARŞI ÇIXMAQDA İTTİHAM OLUNUR

Baxış sayı:
3811

Ucar şəhəri, Heydər Əliyev Prospekti, ev 87, mənzil 16-da yaşayan ikinci qrup əlil İsmayılzadə Akif Səlim oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. «MuğanBank» ASC-dən şikayət edən A.İsmayılzadənin məktubunu olduğu kimi dərc edirik:
“Mən ikinci qrup əliləm. Heç bir yerdən əlavə gəlirim yoxdur, aylıq 240 manat pensiya puluna möhtacam. Onun da bir hissəsini ölkənin sosial potensialını ağlar günə qoymuş acgöz bank məmurları sümürürlər. Əlbəttə, onlar bunu eyni səviyyədə olan İcra və Probasiya məmurlarının əliylə edirlər.
Belə ki, hamı kimi mən də problemli krediti olan vətəndaşların siyahısında idim. Ucar rayon İcra və Probasiya şöbəsinin 27.07.2018-ci il tarixli 684 saylı məktubunda göstərdiyi 588,09 manat qalıq borcunun ödənilməsi üçün DSMF-nin Ucar şöbəsi hər ay pensiyamdan 50,11 manat tutaraq «MuğanBank» ASC-yə köçürür. Mənim bu banka 01.03.2019-cu il tarixinədək qalıq borcum 237,32 manat olmuşdur. Həmin vaxt cənab Prezidentin problemli kreditlər barədə 28.02.2019-cu il tarixli məlum fərmanından sonra, 01.03.2019-cu il tarixdən pensiyamdan pulun tutulması dayandırıldı və bir il möhlət verildi.
Bir ildən sonra, yəni 2020-ci ilin mart-aprel aylarından mənim pensiyamdan 60,18 manat (əvvəlkindən 10,07 manat çox) tutulmağa başlanıldı. Hansı ki, cənab Prezidentin məlum fərmanında göstərilir ki, bir il möhlətdən sonra qalıq borcları beş il ərzində ödənilsin. Ölkədə karantin rejimi olduğu üçün aidiyyatı qurumlarla əlaqə yarada bilmədim. Nəhayət, DSMF-nin Ucar rayonu üzrə şöbəsi 29.04.2020-ci il 20631213248 saylı məktubuyla müraciətimə cavab yazaraq bildirdi ki, Ucar rayon İcra və Probasiya şöbəsinin 20.02.2020-ci il tarixli 151/2020saylı məktubuna əsasən, «MuğanBank» ASC-yə olan 313,16 manat qalıq borcu, üstəgəl 20,00 manat rüsum puluna görə aylıq olaraq 60,18 manat olmaqla, pensiyamdan tutulur. Hansı ki, yuxarıda qeyd etdiyim kimi, cənab Prezidentin məlum fərmanına qədər mənim 237, 32 manat qalıq borcum qalmışdır. «MuğanBank» ASC-nin fikrinə görə, bu qalıq borcum “balalayır”. Yoxsa, mənim qalıq borcum naməlum səbəbdən 95, 84 manat şişirdilməzdi.
Odur ki, mətbuat vasitəsi ilə aidiyyatı qurumlardan, əsasən də Mərkəzi Bankın sədri Elman Rustəmovdan və Ədliyyə Naziri Fikrət Məmmədovdan xahiş edirəm, bu özbaşınalığı edən şəxslərə qarşı hüquqi tədbir görsünlər və mənə hesablanan 95,84 manat pulun da araşdırılıb, silinməsi üçün lazımi göstəriş versinlər”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.