​İki dövlət arasında baş verənlər açıq müharibəyə səbəb ola bilməz — Politoloq rəyi

Yəməndən Səudiyyə Ərəbistanı ərazisinə ballistik raket atılıb.
Muxalifet.az xəbər verir ki, Səudiyyə bu hücumlara görə İranın məsuliyyət daşıdığını bildirib.
Yəməndən Kral Xalid beynəlxalq hava limanına atılan raketlər savaş elanı kimi dəyərləndirilib. Rəsmilər tərəfindən verilən açıqlamada Yəməndəki xusilərin İranın dəstəyi olmadan belə addım ata bilməyəcəkləri qeyd edilib.
Açıqlamada deyilir: “İranın rolu və bu mövzuda xusilərə birbaşa əmri, qonşu ölkələri hədəf alan açıq bir hücum aksiyasını təşkil edir. Regional və qlobal səviyyədə sülh və təhlükəsizliyi təhdid edir. Səudiyyə Ərəbistanı İranın bu mövqeyini savaş hərəkəti olaraq dəyərləndirəcək”.
Bir çox siyasətçi iki ölkə arasında baş verənlərin müharibəyə yol açdığını düşünür. Azərbaycanlı siyasətçilər isə məsələyə birmənalı yanaşmırlar. Politoloq Ceyhun Mahmudlu“Ölkə.Az”a açıqlamasında bildirib ki, İranla Səudiyyə Ərəbistanı arasında rəqabət uzun müddətdir davam edir. Onun sözlərinə görə, bu rəqabət bütün məsələlərdə özünü biruzə verir.
“Həm mədəni, həm iqtisadi, həm siyasi və həm də hərbi sahədə hər iki ölkə bir-birindən üstün olmağa çalışır. Müqayisə edəndə isə görərik ki, Səudiyyə Ərəbistanının hərbi arsenalı daha müasir və daha kütləvidir. İranın hərbi texnikası 70-80-ci illərdən qalmadır. İranın əsas silahı özünə məxsus ortamənzilli ballistik raketləridir. Bu baxımdan İran Səudiyyə Ərəbistanına uduzur”, - deyə politoloq bildirib.
Ceyhun Mahmudlu deyir ki, bu vaxta qədər İranla Səudiyyə Ərəbistanı arasında baş verənlər gizli müharibə idi: “Onlar müxtəlif vasitələrlə bir-birinə zərbələr endirirdilər. İran birbaşa olaraq müharibəyə qoşulmasa da, Yəməndə yaşayan Husilərə dəstək verir. Onların vasitəsilə də, Səudiyyə Ərəbistanı ilə müharibə aparmış olurdu. Həmin ərəfədə də Husilər bir neçə dəfə Səudiyyə Ərəbistanı ərazisini bombalamışdılar. Onların da əsas silah təminatçısı İrandır”.
Siyasətçi deyir ki, iki ölkə arasındakı müharibə xəbərdarlığı isə real deyil: “İki dövlət arasında baş verənlər açıq müharibəyə səbəb ola bilməz. Hər iki dövlət çox güclüdür və enerji ölkələridir. Xüsusilə neft bazarında OPEK vasitəsilə əməkdaşlıq edirlər. İki dövlət arasında müharibənin başlaması çox böyük faciələrə səbəb ola bilər. Bunu hər iki dövlətin rəhbərliyi gözəl bilir. Bu səbəbdən də, onlar müharibəyə getməyəcəklər”