İDARƏ RƏİSİ GÜVƏNDİYİ ŞƏXSLƏRİ İŞƏ GÖTÜRÜB, HƏR BİRİNİN MAAŞ KARTINI ÖZÜNDƏ SAXLAYIR – “Onların hər birinə ayda 20 manat verirdi, sonra…”

Baxış sayı:
1001

Göyçay şəhəri, Şəhriyar küçəsi, bina 8b, mənzil 7a ünvanında yaşayan Bayramov İlham Emin oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:
Cənab Prezident!
Sizə bildirmək istəyirəm ki, mən Bayramov İlham Emin oğlu 2017-ci il tarixdən Göyçay Məşğulluq Mərkəzində (11 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı) işsiz kimi qeydiyyatda olmağıma baxmayaraq, işlə təmin etmirlər. Dəfələrlə rayon icra hakimiyyəti başçısının müavinlərinin qəbulunda olmuşam. Lakin Göyçay Sanitar-Təmizlik İdarəsi Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olanlardan yalnız öz şəxsi maraqlarına uyğun gələn vətəndaşları işə qəbul edirlər.
Sanitar-Təmizlik idarəsinin hazırda rəisi olan Fuad Bəşirov bir zamanlar kafelərdə ofisiant işləyirdi. Daha sonra isə firmalardan mağazalara uşaq bezləri paylamağa başladı. Lakin sonradan başına “tale quşu” qondu və Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürovun himayədarlığı sayəsində Göyçay Sanitar-Təmizlik idarəsinə rəis vəzifəsinə təyin olundu. Sabiq rəis Loğman Əliyevi isə “torbasını tikərək” həbsə yolladılar.
Bu gənc kadr vəzifəyə gəldiyi vaxtdan az sonra uğursuz fəaliyyətini büruzə verdi. Çinarlar şəhəri olan Göyçay zibilliklərə qərq oldu, ağaclar susuzluqdan qurudu, hər yeri üfunət, zibil iyi bürüyüb. Sanitar-Təmizlik idarəsində məsuliyyətsizlik, özbaşınalıq, korrupsiya halları artmağa başladı. Fuad Bəşirov öz yaxınlarını və güvəndiyi işçilərinin yaxınlarını Məşğulluq xətti ilə işə qəbul etdi. Lakin həmin işçilərin əksəriyyəti heç işlədikləri idarənin harada yerləşdiyindən belə xəbərsizdilər. Yalnız staj qarşılığında işə qəbul edilmiş bu vətəndaşların maaş kartları Fuad Bəşirovla və rayon icra hakimiyyətliyinin yüksək vəzifəli şəxləri arasında bölüşdürülür.
Lakin bir müddət sonra ölkəmizdə məmur həbsləri başladı və bundan qorxuya düşən Göyçay Sanitar-Təmizlik idarəsi maaş kartlarını sahiblərinə payladılar. Minimum əmək haqqı olan aylıq 250 (iki yüz əlli) manat sabit puldan cəmi 20 (iyirmi) manat həmin işçilərə, qalan məbləğ isə Fuad Bəşirova və rayon rəhbərliyinə çatırdı. Ancaq bu cür bölüşdürmə ədalətsiz olduğu üçün bəzi işçilər arasında narazılığa səbəb oldu. Ona görə də 20  manat məbləğ 100 manata qədər qaldırıldı. İşdə adı gedən, özləri isə heç vaxt işə gəlməyən həmin işçilər yalnız Monitorinq qrupları tərəfindən yoxlamalar gəldiyi zamanı özlərini apar-topar idarəyə çatdırırlar. Eyni zamanda həmin işçilər guya gündəlik işə çıxırmış kimi ayda bir və ya iki dəfə idarəyə gəlib qeydiyyat-davamiyyət kitabcasına imza atırlar. Bunu isə subut etmək üçün həmin işçilərin maaş kartlarından hər ay bankomatdan pulun kimlər tərəfindən alınması yoxlanılmalıdır. Çünki, bilindiyi kimi, bankomatda bütün əməliyyatlar kamera ilə çəkilir və yaddaşda 5 il saxlanılır.
Göyçay Sanitar-Təmizlik idarəsinin isə gündəlik işə çıxan 15-20 işçisi var. Məhz onlar say azlığına görə rayonun təmizliyinin öhdəsindən layiqincə gələ bilmirlər.
Həmçinin, idarəyə məxsus dövlət əmlakı olan xüsusi təyinatlı nəqliyyat vasitələrinin bəzilərini özəl məqsələr üçün icarəyə veriblər.
Əlbəttə, mən yalnız yuxarıda qeyd etdiyim faktlardan xəbərdaram. Heç şübhəsiz ki, Göyçay Sanitar-Təmizlik idarəsində mənim bilmədiyim əlavə nə qədər cinayət halları mövcuddur.
Cənab Prezident!
Xahiş edirəm, yuxarıda qeyd etdiyim faktların mənim iştirakımla araşdırılması üçün tapşırıq verəsiniz. Siz vakant iş yerlərini kasıb və işsiz insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutduğunuz halda, Fuad Bəşirov, Rəşad Şükürov və ya icra başçısı Mehdi Səlimzadə kimi vəzifəli şəxslər öz aralarında həmin pullardan necə yararlanmağı və maaş kartlarını hansı yollarla mənimsəməyi planlaşdırırlar.
Lakin mən ümid edirəm ki, Siz Ali Baş Komandan olaraq məzlumun haqqının məmur tərəfindən ayaqlar altına alınmasına imkan verməyəcəksiniz.
Sizdən bir daha xahiş edirəm, mənim Göyçay Sanitar-Təmizlik idarəsində işlə təmin olunmağıma köməklik göstərəsiniz ,Fuad Bəşirovun isə tutduğu vəzifədən azad edilib, cəzalandırılması üçün tapşırıq verəsiniz, eyni zamanda mənim təhlükəsizliyimin təmin edilməsinə tapşırıq verəsiniz”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.