​HƏYATININ QROSSMEYSTERİ – Sərdar Cəlaloğlu yazır

Baxış sayı:
486

Servantesin vaxtilə dediyi “həyat - şahmat partiyasıdır” fikri həqiqətdirsə, onda hər bir adam bu partiyada oyunun taleyini həll edən yeganə qrossmeysterdir... Və hər bir adamın həyatının dəyəri öz partiyasını nə dərəcədə bacarıqla oynaması ilə ölçülə bilər.
XX əsrin əvvəllərindən başlayaraq, universal elm yenidən tarix səhnəsinə qayıdır. Bu elmin fərqi təcrübədə tam kimi təqdim olunan idrak obyektini eyni anda hərtərəfli, yəni müxtəlif elm sahələrinin vəhdətində öyrənməkdən ibarətdir. Universallıq dilimizdə müxtəlif cəhətli, hərcəhətli, hərtərəfli, hər şeyi qavrayan, öz sənətinin bütün ixtisaslarına yaxşı bələd olan işçi mənalarını verir.
Yeni dövrdə Azərbaycanda universal elmin tarixi çox da zəngin deyil. Azad Mirzəcanzadənin başçılıq etdiyi universalistlərin siyahısına çox az adamın adını yazmaq olar. Belə alimlərdən biri də geologiya-mineralogiya elmləri doktoru, əməkdar idman və bədən tərbiyəsi xadimi, əməkdar məşqçi, Azərbaycanın maarif əlaçısı, Dünya Şahmat Federasiyasının məktəb və kompüter  komissiyalarının üzvü Çapay Əli oglu Sultanovdur. Çapay müəllimin universallıq keyfiyyətinə həm də “Azərbaycanın görkəmli politoloqu” adını da əlavə etmək lazım gəlir. Belə ki, Çapay Sultanov özünün geologiya-minerologiya sahəsindəki elmi və qrossmeysterlik bilgilərini siyasi təcrübəyə tətbiq edərək, bir-birindən dəyərli “Neft”, ”İblis damğalı”, ”Yarımçıq qalmış ucuş: ikinci cəhd”, ”Basqın”, ”Bakı neftini itirsəydi, SSRİ və Avropa faşizmə qarşı dura bilərdimi?”, ”XXİ əsrdə neft-qaz strategiyası və siyasəti”, ”İmperiyanın son zərbəsi: Bakı 20 yanvar 1990” kimi çox möhtəşəm, yaxın tarixin yerli və qlobal siyasi hadisələrinə həsr edilmiş kitablarını ərsəyə gətirmişdir.

Çapay müəllimin kitablarını oxuduqca, onun nə qədər geniş diapazona malik alim olmasının, nə qədər zəngin biliyə, məlumata və kəskin mühakimə qabiliyətinə, strukturalist dünyagörüşünə, milli, regional və qlobal çərçivədə baş verənlər arasında məntiqi rabitəni doğru-düzgün müəyyən etdiyinin, həm də bu zaman öz millətinə, xalqına və dövlətinə nə qədər sevgi və canıyananlıq nümayiş etdirdiyinin şahidi olursan.
Məncə, Azərbaycanda Çapay müəllim qədər 20 Yanvar soyqırımına aparan yolu ən incə detalları ilə bilən və dəyərləndirən ikinci bir müəllif tapmaq çətindir. Onun dünya imperiyalarının müqayisəli təhlilində çar və sovet, eləcə də Qorbaçov Rusiyasının Azərbaycanla bağlı imperiya siyasətini aydın və təkzibedilməz faktlarla izahı Azərbaycan politoloji ədəbiyyatına xüsusi töhfə kimi dəyərləndirilməlidir.
Çapay müəllim neftin dünya və regional siyasətdə rolu ilə bağlı həddən artıq çoxlu elmi faktlara söykənərək XIX-XXI əsrlərdə qlobal siyasətin kommunikasiya və karbohidrat yataqları üzərində nəzarət uğrunda mübarizədən ibarət olduğunu çox aydın bir şəkildə sübut edə bilmişdir.
“Əsrimiz kompüter əsridir” fikri Azərbaycanda hamıya hakim olsa da, çox az adam bilir ki, Azərbaycanın kompüterləşdirilməsində Çapay müəllimin müstəsna xidmətləri vardır. Məhz buna görə o, Dünya Şahmat Federasiyasının kompüter komitəsinə üzv seçilmişdir. Məncə, Çapay müəllimin kompüter texnologiyasına xüsusi marağı da bu texnoloji yeniliyin fəlsəfəsinin şahmat fəlsəfəsinə yaxın olmasıdır.
Çapay Sultanovun hər kitabı ilə bağlı bir dissertasiya müdafiə etmək və ya monoqrafiya yazmaq mümkündür. Dəyərinə görə bu kitabları sıralamaq da mümkün deyil, çünki onun bütün kitabları dəyəri və əhəmiyyətinə görə yalnız birinci sıranı təşkil edir. Yüzlərlə kitabın verdiyi bilgiləri bir kitabda ifadə etməsinə görə, əslində Çapay müəllimin 10-15 kitabı bütöv bir kitabxanaya bərabər politoloji bilgi təqdim edir...
Mən Çapay müəllimin kitabları içərisindən hər bir praktik siyasətçi üçün stolüstü kitab olacaq, “Şahmat prizmasının içindən...” adlı kitabı haqda qısa da olsa bəzi fikirlərimi bildirmək istəyirəm.
Əslində, siyasi fəaliyyətin bir “oyun olması”nı Amerikanın məşhur psixoloqu və mütəfəkkiri Bernin, “Oyun oynayan insanlar, insanların oynadığı oyunlar” adlı kitabında elmi şəkildə sübut edilmişdir. Digər bir alim, Niderland tarixçisi və mədəniyyətşünası Yohan Heyzink “Homo Ludens” oynayan adam adlı kitabında tarixin və mədəniyyətin insan oyunlarının nəticəsi kimi meydana çıxdığını geniş və hərtəfəli şəkildə şərh etmişdir. Hətta insanlığın bir tarixi forması “Oyun oynayan insan” kimi təyin edilmişdir. Bütün bunlardan cıxış edib demək olar ki, hər bir insanın həyatı həmin insanın yaşam boyu oynadığı ictimai-siyasi oyunların məcmusundan ibarətdir. Bu baxımdan Çapay müəllimin siyasi fəaliyyətlə şahmat oyunu arasında apardığı paralellik elmi nöqteyi-nəzərdən doğru və düzgündür.
Haşiyə cıxım ki, şahmat və siyasət arasında paralellik aparılması təzə bir ideya deyil. Hətta şahmatın bir hökmdarın sifarişi ilə kəsf edildiyi, oyunun dövlətlər arasında hakimiyyət uğrunda mübarizəni özündə simvolizə etdiyini, bəlkə də buna görə ən çox hakimiyyət nümayəndələrinin hakimiyyət əzmini nümayiş etdirmək üçün oynadıqları bir oyun olması da bunun politoloji bir oyun olduğunu söyləməyə əsas verir.
Məlumdur ki, Çapay Sultanovdan xeyli qabaq ABŞ siyasətinə uzun illər yön verən, praktik təcrübəsi və nəzəri-siyasi baxışları ilə dünyada məşhur olan Zbiqnev Bjezinskinin “Böyük şahmat taxtası” adlı kitabında qlobal siyasəti şahmat fəlsəfəsinə uygun şərh edərək dünya şöhrəti qazanmış və bununla bir politoloji elm zirvəsini fəth etmişdir… Çapay Sultanov “Şahmat prizmasının içindən...” adlı kitabı ilə sübut etdi ki, elmdə konkret bir zirvə yoxdur. Hər bir fəth edilmiş zirvədən sonra öz fatehini gözləyən başqa zirvələr gəlir. Bu kitabın Bzejinsikinin kitabından fərqi müəllifin qrossmeyster, yəni şahmat idman növünün bütün incəliklərini bilən bir alim olmasıdır.

Şahmat oyunu şahmat taxtasından, şahmat füqurlarından və şahmat oynayan qrossmeysterlərdən ibarətdir. Tarixdə baş verən siyasi hadisələrə məhz şahmat prizmasının içindən baxıldıqda ayrı-ayrı siyasi coğrafiyaların şahmat taxtasına oxşadığı, həmin coğrafiyada iştirak edən dövlətlərin və siyasi liderlərin şahmat füqurlarına uyğun siyasət aparması, regional siyasətə pərdə arxasından yön verən, istqamətləndirən süper güclərin qrossmeysterlər kimi çıxış etdiyini asanlıqla görmək olur. Baxmayaraq ki, analogiya qüsurlu məntiq üsuludur və ciddi elmlər analogiya məntiq üsülündan uzaq dururlar, amma şahmatla siyasət arasındakı əlaqələri analogiya məntiq üsulundan fərqli bir üsulla dərk etmək mümkün deyil və heç bir məntiq üsulu bu əlaqələri izah etmək baxımından belə əlverişli deyil.
Çapay müəllim şahmatın ən qədim intellektual oyun olmasını, özündə idman, elm və incəsənətə xas elementləri birləşdirdiyini qeyd edərək, bu oyunun məntiqinə uyğun ictimai-siyasi həyatın ən müxtəlif və mürəkkəb hadisələrini idrak etməyə imkan verdiyi qənaətinə gəlir. Çapay müəlim yazır: ”Bu oyun şəxsiyyətin formalaşmasına yardım edir, məntiqi düşünməni öyrədir və öz fəaliyyətini planlaşdırmağı, diqqəti cəmləşdirməyi və səbrliliyi öyrədir”. Zatən, yeni dövrün məşhur alman siyasi nəzəriyyəçilərindən Maks Veber də siyasətçi üçün üç əsas keyfiyyət - ehtiras-hadisələrə nüfuz etmək qabiliyyəti (məntiqi düşünmə), göz ölçüsü (planlaşdırma və zamanlama) və məsuliyyət hissini (səbrlilik) müəyyən etmişdir. Buradan aydın olur ki, siyasi işlə şahmat oyununun həddən artıq ortaq tərəfləri vardır və şahmatın məntiqindən çıxış edib siyasi hadisələri planlaşdırmaq, həyata keçirmək, nəticələrini proqnozlaşdırmaq və siyasi mübarizədə qələbəni təmin edəcək taktiki (şahmatda qambit) və strategiya (sahmatda debüt) siyasəti düzğün qurmaq mümkündür.
Çapay müəllimə görə, “şahmat oyunu həm də psixologiya və pedaqogikada elmi tədqiqatları modelləşdirmək, mümkün elementlər arasından ən yaxşısını seçmək imkanı verir”. Psixologiya ilə sıx bağlı olan siyasi fəaliyyəti də məhz buna görə şahmata uyğun modelləşdirmək və konkret situasiya üçün ən məqbul siyasi gedişi seçmək mümkündür.
Kitabın birinci “Siyasi şahmatlar” adlı fəslində Çapay müəllim dünyanın ən nəhəng tanınmış mütəfəkkir və siyasətçilərin şahmat və siyasət arasındakı əlaqə ilə bağlı fikirlərini araşdırır. Və belə qənaətə gəlir ki, şahmatla siyasət, siyasətlə iqtisadiyyat bir-biri ilə sıx bağlı olan faktorlardır. Müəllifin hərb işi ilə şahmatı əlaqələndirməsi də düzgün bir fikirdir. O yazır: “Hərbi leksiondakı “minalı sahələr” ifadəsi şahmatda da yaxşı məlumdur - bu onda olur ki, rəqibə “minalanmış” şahmat sahəsinə girməsi təklif edilir, bundan sonra onun mövqeyi dağılırr”. Həqiqətən, hərb elmi tarixində özündən çox-çox güclü rəqibini istədiyi müstəviyə çəkərək, yalnız bundan sonra onun uzərində möhtəşəm qələbə çalan sərkərdələr haqqında kifayət qədər bilgilər vardır. O, vaxtı ilə Kirovun “erməni dilində danışan hər bir kənd Ermənistana, Azərbaycan dilində danışan hər bir kənd Azərbaycana verilməlidir” fikrini Cənubi Qafqazın rus siyasətçilər tərəfindən necə siyasi minalanmasına nümunə göstərir. Tarixin sonrakı mərhələlərində Qarabağa muxtariyyat statusunun verilməsinin necə təhlükəli siyasi minalanma olduğu son Qarabağ uğrunda çoxillik Ermənistan-Azərbaycan qarşıdurmasında bir daha üzə çıxdı.
Bu fəsildə şahmatın tarixi ilə bağlı verilən məlumatlar da olduqca maraqlıdır. Çapay müəllim yaxşı şahmat oynayan siyasətçilərin həm də yaxşı siyasətçi olması ilə bağlı müxtəlif dövlətlərin və liderlərin tarixindən, xüsusən Azərbaycan və sovet siyasətçilərinin həyatından xeyli maraqlı faktları oxuculara təqdim etməklə, oxucunu ana mövzunun düzgün müəyyən edilməsinə və praktika üçün əhəmiyyətinə inandırmağa çalışır. Müəllif özünün nəzəri mülahizələrini həm də Azərbaycanda baş verən hadisələrlə əlaqələndirdiyindən, hər bir azərbaycanlı üçün bu kitabın əhəmiyyətini bir qədər də artırır.
(Ardı var)
Sərdar CƏLALOĞLU