Gəncəmizdə açılan qəfil atəş... – ELMAR VƏLİYEV KİMDƏN VƏ NƏ ÜÇÜN QORUNURDU?

İyulun 3-də qədim Gəncəmizdə qəfil açılan atəş səsləri şəhərin sükutunu pozdu. Belə ki, əslən Gəncədən olan, Rusiya vətəndaşı Yunis Səfərov Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisi Qasım Aşbazova atəş açaraq, hər ikisini ağır yaraladı. Bu olay hələ də ölkə mətbuatında gündəm olduğundan, təkrarçılğa yol vermədən, hadisənin pərdəarxası məqamlarına diqqət edək... Elmar Vəliyev kimdir və Y.Səfərov niyə Rusiyadan gəlib onu öldürmək istəyib? İcra başçısına qarşı bu qədər nifrətə, xalqın ona qəzəbinə və ona öldürməyə cəhd edəcək qədər cinayətə əl atmağa səbəb nə idi? Xatırladaq ki, əmək fəaliyyətinə 1982-ci ildən başlayan Elmar Vəliyev bir sıra vəzifələrdə çalışıb. O, bu vəzifə pillələrində yüksəlməklə 2001-2004-cü illərdə Azərbaycan Dövlət Gömrük Komitəsində rəis müavini, 2004-2011-ci illərdə isə Yevlax şəhərinin icra başçısı vəzifəsində çalışıb. 18 fevral 2011-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə Gəncə şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Təbii ki, Elmar Vəliyev Azərbaycanda dəbdəbəli həyat tərzi sürən icra başçılarından və əksər məmurlardan heç də geri qalmadı. Əksinə, onun milyonluq villaları, bahalı maşınları və müasir dəbə uyğun kostyumları zaman-zaman media səhifələrinə də “ayaq açdı”. Məsələn, ölkəmizdə neftin qiymətinin kəksin ucuzlaşması nəticəsində iqtisadi böhran yarandığı bir vaxtda E.Vəliyev özünə 500 min dollara zirehli “JEEP-LEXUS” markalı avtomobil sifariş etmişdi. Həmin ərəfədə mətbuat onu da yazırdı ki, başçının ən ucuz kostyumunun qiyməti 13-14 min manat, ayaqqablarının qiyməti isə 8-10 min manatdır. Bu isə o deməkdir ki, icra başçısı təkcə bir qat üst geyiminə 25-30 min manat xərcləyirmiş. Belə desək, sırdan bir müəllimin təxminən 10 illik məvacibini... Elmar Vəliyevi digər icra başçılarından fərqləndirən bir neçə özəl səbəb də vardı. Məsələn, əksər icra başçılarınin cəmi bir nəfər şəxsi sürücü və ən yaxşı halda 1 nəfər cangüdənlə gəzdiyi halda, E.Vəliyev bir deyil, bir neçə sürücü və 10 nəfərə yaxın cangüdən saxlayıb. Üstəlik, onun nəinki Gəncədə, hətta zaman-zaman Bakı şəhərlərində belə, karteclə hərəkət etdiyi haqda informasiyalar var. Deyilənə görə, o, öz ətrafında “Naxçıvanın xanı varsa, niyə Gəncənin də xanı olmasın?” – kimi fikirlər səsləndirərək, özünü respublikamızın ikinci böyük şəhərinin xanı hesab edirmiş... Bütün bunlar öz yerində. Bəs, Elmar Vəliyevi bir neçə sürücü və çoxsaylı cangüdən saxlmağa nə vadar edirdi? O, təhlükəsizlik tədbirini getdikcə gücləndirməklə özünü kimdən qorumağa çalışırdı? Bəlkə, xalqın heysiyyatı ilə oynadığının və gəncəlilərin nifrətini qazandığının özü də fərqində idi və düşünürmüş ki, bu qəzəb bir gün çevrilib onu “boğa bilər”? Onu da qeyd edək ki, 3 övlad atası olan E.Vəliyev övladları, hətta nəvələri üçün böyük varidat toplayıb. Məsələn, Azərbaycanın ən səfalı güşələrindən biri olan Göy-Göldə 19-cu əsrdə malakanlar tərəfindən salınmış Mixaylovka kəndini öz dədə mülki kimi “özəlləşdirməsi” buna sübutdur. Kənddə villalar kompleksi inşa etdirən (6 iqamətgah, şəlalər, hovuzlar, daha nələr, nələr...) icra başçısı həqiqətən də xanlara layiq həyat tərzi sürürmüş. Ən qəribəsi də budur ki, prezidentin dövlət büdcəsindən Gəncə şəhərinin abadlaşdırılmasına ayrılan milyonlarla vəsait hesabına alınan daş piltələr, işıq dirəkləri, park üçün nəzərdə tutulan dekorativ ağaclar və müxtəlif növ bitkilər E.Vəliyevin villarındakılarla eynidir. Bütün bunlara bir yana, icra başçısı Gəncədə hər sahədə özünə biznes qurmağı da bacarıb. Məsələn, orta məktəblərdə şagirdlərin geyimi birbaşa onun nəzarətində olub. Nəzərə alsaq ki, şəhərdə təxminən 37 min nəfər şagird var, onların hamısı da məktəbli formasını məhz E.Vəliyevin fabrikindən almalıdır, bu, heç də az vəsait etmir. Üstəlik, icra başçısına aid olan “Lalə” tikiş fabriki məktəbli formalarına paytaxtdan da baha qiymətə, 60 manata satışa çıxarır. Belə iddialar da var ki, 21 fevral 2015-ci ildə Azərbaycanda həyata keçirilən devalvasiyadan öncə manatın ucuzlaşacağından xəbər tutan E.Vəliyev dərhal milyonlarla manatı dollara çevirərək az müddətdə böyük pullar qazanıb. Məlumata əsasən, bu haqda dövlət rəhbərliyinə məlumat verilsə də, icra başçısının bağlı olduğu şəbəkə onu qoruya bilib... Yeri gəlmişkən, icra başçısı öz çevrəsini daha da genişləndirmək üçün oğlunu da daxil olduğu şəbəkəyə yerləşdirib. Qeyd edək ki, icra başçısının oğlu Elmir Vəliyev “Kəpəz” futbol komandasının Müşahidə Şurasının, “Gəncə Avropa Gənclər Paytaxtı - 2016" İctimai Birliyinin sədri və Azərbaycan Respublikası Milli Məclisinin sektor mudiri vəzifələrində çalışır. Qardaşı Xanlar Veliyev Azərbaycanın hərbi prokurorudur. Əlbəttə, bütün bunlar sadəcə üzdə görünənlərdir. Amma yenə də ortaya bir sual çıxır. Bu qədər sərvət sahibi olan icra başçısı niyə rəhybərlik etdiyi şəhər əhalisinin heç olmasa 5 faizinin rəğbətini qazana bilməmişdi? Bu hadisə baş verən gündən yaddaşımda dahi Nizaminin Xəmsəsindəki "Sultan Səncər və Qarı” poeması canlanır: Sultanın zülmü elə car oldu, Heç özü də bilmədən, bəlaya düçar oldu... Günay ƏSƏDOVA