"Get, ay batandan sonra gəl” – ELDƏNİZ QULİYEV YAZIR

Baxış sayı:
5603

Yadımdadı, balaca uşaqdım... Bir dəfə şirin çay stəkanıma bolluca duz qatıb  qurtumladım... ödüm ağzıma gəldi. O gün, bu gün, - anlayıb əxz elədim ki, axmaq adam öz-özlüyündə təhlükəli deyil, amma o, təşəbbüskar olanda çox ziyanlı olur.
Bunu niyə xatırladım?
Son zamanlar məmləkətdə hər şey bir-birinə elə qarışıb, elə dolaşıb ki, nə ayranı ayranlıq olub, nə də yağı yağlıq. Nə yaxşılıq məlumdu, nə də yamanlıq... Haqq-ədalət özbaşınılıqla, halallıq haramla, məhəbbət nifrətlə qol-boyun olub toxunub-hörülüblər...
Bir sözlə, həyatımız əcaib-qəraib bir həftəbecər  burulğanında fırlanır...
Fırlanır və ürək bulandırır...
Şəxsən mən, "Tarixi-Nadir"i  yarıyacan oxumuş, hətta konspektləşdirmiş bir adamam. Amma nə illah eləyirəm, bu qarmaqarışıqlıqdan baş çıxara bilmirəm ki, bilmirəm...
Məsələn, heç cürə kəsdirə bilmirəm ki, müxalifət dediyimiz bu "nəmənələr" iqtidar adlandırılan  "zadlar"dan nə istəyirlər? Niyə qoymurlar, kişilər rahatca oturub xımır-xımır öz çaqqa-çuqlarıyla məşğul olsunlar?..
Kor tutduğunu buraxmayan kimi, yapışıblar saqqalı ağarmış iqtidarın yaxasından ki, nə var, nə var, - “İyirmi beş-otuz ildi şellənib oturmusuz yumşaq-yumşaq kreslolarda, qır-saqqız kimi yapışmısız  qəşəng-qəşəng vəzifələrdən, - əlinizdən gö... gövdənizdən də bir iş gəlmir!.."
Əcəb işdi, vallah! Kimsə qayıdıb məndən, yəni həmin o irad sahiblərindən soruşsa ki: "Ayə, axı tarixin arşınıyla 30 il nə matah bir vaxtdır və bircə çimdiklik bu zaman ərzində neynəmək olardı ki, binəvalar eləməyiblər?.. Bəyəm bilmirsiz, ilk 70 il həmişə çox çətin və məşəqqətli keçir; buna birtəhər dözmək, səbr eləmək, (hətta min dəfə şükür eləmək) lazım deyilmi?.."
Belə solaxay suallara cavab varmı, əcaba? Bilmirəm...
Bircə onu bilirəm ki, sözdə "demokratiya", "Hürriyyət" deməyi mənim nənəm də bacarır! Hünəri olan, o mənsəb sahibləri kimi, sözü deyər, amma dediyinin əksini eləyər. Özü də bunu elə məharətlə, elə üsulluca eləyər ki, nəticədə, hamı məmnun və şad-xürrəm qalar. Yəni hər şeyin pis olmasına rəğmən, sözü elə ifadə etmək, elə "yedirtmək" (özü də, təkrar-təkrar) olar ki, camaat hər şeyin və hər zadın əladan da əla olduğuna inansın... Bəli, ən vacib şərt külli-məmləkət əhlinin qulağını yağır eləyib, onu yalana, "gopa"  inandırmaqdı.
O ki qaldı "Haqq nazilər, - üzülməz!" və ya "Ayrana doyuran demədim, mən Dədə Qorqud"- filan-beşməkan nəsihətlərə... bunlar nağıllar aləminə səyahətdən başqa bir şey deyil...
Sözümün "məmmədqulusu" budu ki, ağappaq qatığı qapqara kimi qəbul etdirmək...adamdan əsl ustalıq, "master-klas"-lıq tələb edir. Etiraf eləməliyik ki, saqqalı ağarmışlar bunu bacarır! Çünki onların dilləriylə bərabər, dilçkləri də var!
Yox, əgər kimlərsə bunu inkar edir, yaxud belə "fokus-mokusları" bacarmırsa, onda kirimişcə otursun, oturduğu yerində; gəzmək istəyəndə də, siyasətdən, ən azı 25-30 kilometr qıraqda hərlənsin... Əksinə, - ağlı, fəhmi, fərasəti çatırsa... baxsın, müşahidə aparsın,  dərk eləsin, ən əsası, "gözünə su versin" ki, cənabi başbilənlər bu mütəqəlqəl məsələləri necə həll edirlər? Necə edir, hansı fənd işlədirlər ki, hər adamın, yəni hər bir əlidöyənəkli vətəndaşın başı üzərində iki əlidəyənəkli saxlayır, üstəlik, ona allı-güllü don da geyindirə bilirlər?.. Nəticədə nə olur? Əlbəttə, bütün dünyaya proletar... demokratlarına mesajlar verilir ki, "heç o yan-bu yanı yoxdu, demokratiyanın xalisi də, ədalətin azadlığın "nastoyaşi" də ancaq və ancaq bizdədi, vsyo!" Qıraqdan baxanlar da, uzaqdan-yaxından eşidənlər də, çar-naçar, bu mesajlara inanmaq zorunda qalır... Və elə qənaətə gəlirlər ki, deyilənlər həqiqətən, düppədüzdü, - lap dəvənin boynu kimi!..
Səd heyif ki, əsas məsələ, necə olmaq yox, necə qəbul olunmaqdı!  Neynəmək olar, hər igidin bir eybi olduğu kimi, dünyanın da eybi belə paradokslardı...
"Bəli, mənim iqtidarım məni qoruyur və mən bununla fəxr edirəm!" - məncə, naftalin "ətiri"  verən "qət-təzə" deputatların bu sürüşkən sitatını, yüngülvari yarınmaq kimi də ("yalmanmaq" yox ha!) qəbul etmək olar...
Razılaşaq ki, “buğda göstərib, arpa satmaq” istedadı hər məmləkətə, eləcə də, hər hökumətə nəsib olan "xoşbəxtlik" deyil. Bu sarıdan bizim bəxtimiz gətirib. Və bunu bilə-bilə, nədən hər işə qulp qoyuruq, niyə hər şeyə ağız büzürük - anlamıram!? Yekə-yekə məmurları görəndə üzünə irişirik, dalda-bacada isə "ağ yuyub, qara səririk"... Haçalı yanaşma budur də; yəni ikili standartların buynuzu olmur ki!..
Bayaq dedim ki, mən "Tarixi-Nadir"in ikinci hissəsini hələ oxuyub itmamə yetirməmişəm, hərçənd, bir çox şeyləri yaxşı bilirəm. Adam gərək dalınca danışandan yox, üzünə tərifləyəndən qorxsun...
Bu məqamda "bəy tərifinə" keçid almaq zorundayam; yəni "daş atıb başını tutan" və çox vaxt sözüylə əməli üst-üstə düşməyən bəzi bəy əfəndilərə bəzi-bəzi sözlər deməliyəm... Bir qədər maraqlı, bir qədər də müammalıdı: Ki, görən, niyə onların çoxusu həm üzə tərifləyənşik, həm də dalca danışanşikdilər? Bu bir yana. Kimsə ağız bahəm eləyib deyə bilərmi ki, sözü maddiləşdirib mişar daşına çevirmək və ondan ev tikmək olarmı? (düzdü, sözlə ev yıxmaq olar və bu, mütamadi rastlaşdığımız iyrənc bir bəladı, ancaq hazırda bu məsələyə başqa tərəfdən, yəni tikinti-inşaat kontekstindən yanaşıram). Ancaq və ancaq sözdən, ifadədən istifadə edib də mövcud bir sistemi dəyişmək, mövcud bir rejimi yıxıb tərs-məssəb çevirmək mümkündümü?
Məncə yox.
Qəşəng və fantan vuran emosiyalı çıxışlarla, sığallı-tikanlı, ütülü-ütüsüz, ağıllı-ağılsız və s. sözlərlə Fatıya tuman tikmək zamanı çoxdan keçib... Hər hansı bir sözü usanmadan, dalbadal, təkrar-təkrar deyəndə (hətta o söz şirin, qiymətli və müqəddəs olsa belə), tədricən öz mənasını itirib quruca səsə çevrilir...
Hə, indi keçək sarı simə...
Çox söz deyirsiz, nə bilim, vallah, - birdi, ikidi, ondu, on beşdi məgər?.. Misal üçün:
Deyirsiz: - Balıq başdan iylənər.
Deyirəm: - Noolsun, quyruğunnan ki soyular!..
Deyirsiz: - Bir tərəfdən cərimələr, bir tərəfdən qiymətlər, bir tərəfdən də təpəgöz məmurlar millətin anasını ağladır, dərisini soyur.
Deyirəm: - Noolsun? "Günəş qürub edəndə, əlbəttə ki, saralar!" O boyda Nəsimidən ibrət götürə bilmirsiz?!.
Deyirsiz: - Quru yollar bağlı, ağzımız bağlı, gözümüz bağlı, bəxtimiz-taleyimiz bağlı... Bir yannan da Tarif Şurası, vergi, gömrük, məmurları,  işıq, qaz, su işçiləri, sosial təminat nazirliyinin bürokratları, paqonlu-paqonsuz DİN əməkdaşları hücum çəkib, eynən Ərəbzəngi kimi, camaatın nəfəsini, ruzisini, yol-yolağasını kəsir, normal adam kimi yaşamağa qoymurlar bizi...
Deyirəm: - Pah! Noolsun ki? İstəyirsiz, Əzrayıl kimi ömrünüzü kəsib hamınızı "optovoy"şəkildə hoppalara aparsın?..
Deyirsiz: - İqtidar yalan-yalan, şirin-şirin vədlər verir, amma "halva-halva" deməklə də ağız şirin olmur...Allah baisin başını qoyub ayağına daş salmasın!
Deyirəm: - Ehtiyat təkcə igidin yaraşığı sayılmır, naşükür olmayın. Bax, belə qarğışlarla axırı özünüzə ehsan halvası çaldıracaqsız!..Ehtiyatlı olun: "Əl vurma-öldürər!"
Deyirsiz: - Bu hakimiyyət rüşvətə, korrupsiyaya qurşanıb, məzlum xalqın dərd-sərini vecinə almır, yerlibazlıq, pulbazlıq, qohumbazlıq eləyir.
Deyirəm: - Bə neynəsin? Yatan öküzün başına duran öküz "o məsələ" eləməlidi da bə. Bir də, deyirsiz, bizimkilər də  keçmiş ABŞ prezidenti kimi, "kiş-kişlər" olsun, başqa-başqa bazlıqlar eləsin?..
Deyirsiz: - Nə qədər həmvətənimiz urusiyetdə, qəribçilikdə, orda-burda sərgərdan qalıb... Vətənə qayıdanda da acınnan ölürlər... Bunu Allah götürərmi bəs?
Deyirəm: - Ay "tupoybaşkalar", bə bilmirsiz ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşıdı?..
Deyirsiz: - Azərbaycanın geosiyası mövqeyinnən özünnən savayı bütün ölkələr istifadə edir. Bir qəpik faydasını  görmürük... Andır "Formula -1" nəmənə şeydisə...formulası cəhənnəm, amma onun "1" rəqəmi əsil paza cevrilib... millətin gündəyməzini axtarır!..
Deyirəm: - Belə deməyin, ağzınız əyilər. Bizim xalq ta qədimnən böyük-kiçik yeri bilən, böyük qardaşı başı üstündə saxlayan, qəribə-yada xətir-hörmət bəsləyən, qonaqpərvər və son tikəsini də qonaq-qaraya yedirdən ulu bir xalq olub...
Deyirsiz: - Qarabağ bizimdi, ancaq... 
Deyirəm: - Hə, hə, əlbəttə, sizindi...
Deyirsiz: - Erməni bizim düşmənimizdi...
Deyirəm: - Zato, urus bizim dostumuzdu.
Deyirsiz: - Prezident öz oğlunu prezident eləmək istəyir...
Deyirəm: - Bala baldan şirindi!..
Deyirsiz: -  Sözünnən belə çıxır ki, bu iqtidarın səhvi-zadı yoxdu, süddən çıxmış ağ qaşıqdı, həə?
Deyirəm: - Var! Səhvi var. Gərək, ədalətsiz hakimiyyəti ədalətlə dəyişmək üsullarını arayıb-axtarmaq yerinə, yalannan çığır-bağır salanları bittə-bittə dənləyəydi. Və onların yazılı-yazısız sözlərindəki bütün nida işarələrini dubinkaya çevirib... "turşulu aş" qonaqlığı verəydi!..
Deyirsiz: - Hələ ümidimizi itirməmişik...ən axırıncı ölən şey ümiddi...
Deyirəm: - Ümidinizi qoz eləyin.
Deyirsiz: - Ölkə qanunlarla yox, qaydalarla idarə olunur. Avto-pilot olmasaydı çoxdan çezmişdik...Belə ölkənin prezidenti istefa verməlidi!
Deyirəm: - Get, ay batannan sonra gəl!
Deyirsiz: - Bahh...
Deyirəm: - atonnan!
Deyirsiz: - bə...ə... be... belə getsə, acınnan ot yeyəcəyik, ot!..
Deyirəm: - Gördünüz, vot!
İndi isə, gəlin, əyri oturaq, düz danışaq. Yəqin hamıya maraqlıdı ki, görəsən, belə iqtidarın və bu cürə müxalifətin son akkordları nətər olacaq?..
Bu suala cavab vermək üçün kiçik bir haşiyə çıxmalıyam və deməliyəm ki, hər şeyin bir nizam-tərəzisi və məntiqi sonluğu var, olmalıdı, olur da!..
Yəni bacarıq, qabiliyyət, savad, ağıl, istedad və sairə sayəsində qazanılmayan GÜC axırda iki finalla nəticələnir: 1 - faciə ilə, 2 - komediya ilə!
Yox, əgər bu iki finalın heç hansı biriylə bitmirsə, onda mütləq hər ikisiylə birgə sona catmalıdı, yəni - tragikomediya ilə!
Eldəniz QULİYEV