Fransada məşhur rus oliqarxa qarşı sensasiyalı əməliyyat – 60-dan artıq polis villaları axtardı, topa-topa pullar çıxdı

Baxış sayı:
1911

Rusiyalı iş adamı, “Alfa Group”un həmsahibi Aleksey Kuzmiçev Fransada saxlanılıb.

Bu barədə “Le Monde” qəzeti yazır.

Qeyd olunur ki, Fransa prokurorları çirkli pulların yuyulması ilə bağlı işi araşdırır və oliqarx buna görə saxlanılıb.

Milli Maliyyə Prokurorluğu xəbəri təsdiqləyib və Kuzmiçevin Parisdəki malikanəsi də daxil olmaqla, bir sıra ünvanlarda axtarışların aparıldığını dəqiqləşdirib. “Le Monde” yazır ki, bazar ertəsi Kuzmiçevin Sen-Tropedəki villasında da axtarış aparılıb.

“Bu, Ukraynanın işğalından sonra Fransa ədalətinin rus oliqarxına vurduğu ən güclü zərbələrdən biridir”, - “Le Monde” yazır.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Kuzmiçev Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilib. Nəzəri olaraq, bu, onun əmlakına həbs qoyulması və ölkəyə girişinə qadağa qoyulması demək idi, lakin sanksiyalar tətbiq olunan zaman o, artıq Fransa ərazisində idi və “Le Monde”nin yazdığı kimi, “ölkədə ailə əlaqələri” var.

Nəşrin məlumatına görə, axtarışlara 60 nəfər, o cümlədən Korrupsiyaya, Maliyyə və Vergi Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin polis əməkdaşları cəlb olunub və hadisə yerində topa-topa pullar aşkar edilib. Kuzmiçevin nümayəndələrindən olayla bağlı hələ ki, şərh yoxdur. Biznesmenin nədə ittiham olunduğu və barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməyəcəyi barədə də təfərrüatlar yoxdur.