Əfqanıstan İranla sərhədi bağladı, koronavirusla mübarizəyə 15 milyon dollar ayırdı - CƏMİR BİR NƏFƏRDƏ VİRUS AŞKARLANIB...

Baxış sayı:
1942

Dünyanın ən yoxsul və ən miskin ölkələrindən olan Əfqanıstan ölkədə cəmi 1 yoluxma halının aşkarlanmasından sonra Covid-19 virusu ilə mübarizə tədbirləri üçün əlavə 15 milyon dollar ayırıb. Virtualaz.org xəbər verir ki, bu haqda Əfqanıstan prezidenti Əşrəf Qəninin mətbuat xidməti bildirib.

15 milyon dollar Əfqanıstan üçün böyük puldur və bildirilir ki, bu məbləğin ayrılması prezidentin rəhbərliyi ilə keçirilmiş müşavirədə qərara alınıb. Müşavirədə səhiyyə naziri Ferozuddin Feroza, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Həmdulla Mohiba və digər rəsmilər iştirak ediblər.

Covid-19 virusu ölkəyə İrandan keçib. Bir neçə gün əvvəl İranın Qum şəhərindən qayıdan Herat sakinində yoluxma əlamətləri aşkarlanıb və analizlərin cavabı müsbət olub. Daha sonra Əfqanıstanın bir neçə əyalətində də yoluxma şübhəsi olan adamlar barədə xəbərlər yayılıb, amma hökumət cəmi bir nəfərin yoluxduğunun təsdiqləndiyini bildirir.

Səhiyyə naziri bildirib ki, Əfqanıstan üzrə cəmi 1 yoluxma halı təsdiqlənib və vəziyyət nəzarət altındadır. Hökumət virusa qarşı mübarizə tədbirləri çərçivəsində əyalətlərin qubernatorlarına tapşırıq verib ki, əhali arasında təbliğat-təşviqat işləri aparsınlar və zəruri dezinfeksiya işləri görsünlər, insanlara qoruyucu vasitələri pulsuz paylasınlar. Habelə dövlət və özəl tibb müəssisələri mümkün yoluxma hallarına qarşı hökumətlə koordinasiya olunmuş şəkildə birgə mübarizə aparacaq.

Xatırladaq ki, İranda virusun yayılmasından sonra Əfqanıstan hökuməti bu ölkə ilə sərhədləri bağlayıb.