FIRILDAQÇILAR YENƏ İŞ BAŞINDA - 500 dollara Türkiyənin tibb universitetinə “qəbul olunmaq” necə mümkün olur…

Baxış sayı:
2344

Koronavirusla əlaqədar dünyada gedən proseslər bütün ölkələrə təsir göstərdiyi kimi Azərbaycana da təsirsiz ötüşmədi. İqtisadi, siyasi, eyni zamanda təhsil sisteminə də bir qədər zərbə vurdu. Daha doğrusu, sözdə təhsil adlandırılan bu sistem daha da uçuruma sürükləndi. Həmişəki kimi yaranmış vəziyyətdən istifadə edənlər də oldu. Xaricdə təhsil şirkətləri, rüşvətxorlar, məktəb direktorları və digər işbazlar təhsil sistemini kommersiyadan asılı vəziyyətə saldılar.
Məsələn, Türkiyədə təhsil almaq istəyənlər üçün bu yaxınlarda imtahan təşkil olunacaq. Bu, Türkiyə universitetlərinə qəbul imtahanıdır, özü də onlayn şəkildə keçiriləcək. İmtahanın virtual keçirilməsinə sözümüz yoxdur. Amma köçürmə hallarına qəsdən yol verilməsi nə dərəcədə düzgündür?
Heç iki üstünə iki gələ bilməyən şəxsə müəllimin "Sən 500 dollarlıq imtahan biletini al, cavabları biz deyəcəyik, sən yazacaqsan, həm də 100 bal yığıb tibb universitetini qazanacaqsan" deməsi ağlasığmaz və bir o qədər də dəhşətlidir. Elə ona görə də bu gün səhiyyəmiz bərbad vəziyyətdədir.
Digər bir məsələ isə odur ki, rüşvətxorlar vasitəsilə bu  universitetlərə təkcə on birinci siniflər yox, onuncu siniflər də daxil ola bilər. Burada sual yaranır ki, tələbə attestatı olmadan universitetə necə qəbul olacaq?
Əgər rüşvətxor məktəb direktorlarımız olmasaydı, sözsüz ki, mümkün olmazdı. Görünür, Nazirlər Kabinetinin "Bu il xaricdə təhsil almaq istəyən abituriyentlər buraxılış imtahanı vermədən attestatını ala bilər" qərarından məktəb direktorları yaxşıca istifadə edirlər.
Açığı, təhsilimizin vəziyyəti acınacaqlıdır...
Xədicə ƏLİZADƏ,
Tələbə