Fəallar axtarılır (Yenilənib)

AXCP Sumqayıt şöbəsinin fəalı Ruslan Qaraya məhkəmənin qərarı ilə 20 sutka həbs cəzasına məhkum edilib.
***
Avqustun 11-də müxalif yönümlü bir neçə fəal polis tərəfindən axtarılıb. Onlardan birindən bir neçə saatdır xəbər yoxdur. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır.
Demokratik Gənclər Təşkilatının rəhbəri İsmayıl İslamoğlunun atasını Şirvanda polis saxlayıb. Bu barədə İsmayıl İslamoğlunun özü bildirib.
Onun sözlərinə görə, bir neçə saat öncə gənc fəala zəng ediblər ki, Şirvan Polis Şöbəsinə gəlsin.
“Dedilər ki, özün gəlməsən atanı buraxmayacağıq. Mən razılaşdım. İndi zəng gözləyirəm. Bakıda hansı polis bölməsinə desələr oraya gedəcəm”, İslamoğlu qeyd edib.
O axtarılmasının səbəbini siyasi məhbuslar barədə tədbir keçirməsi və etiraz aksiyası kerçirəcəyi haqqında status yazması ilə bağlı olduğunu bildirib.
AXCP Sumqayıt şöbəsinin fəalı Ruslan Qaranın isə telefonu artıq bir neçə saatdır cavab vermir.
AXCP Sumqayıt şöbəsindən bildiriblər ki, Ruslan Qara bu gün səhər saatlarında evlərinin qarşısında mülki geyimli şəxslərin olduğu barədə onları məlumatlandırıb.
“Artıq, Ruslan Qaradan 4 saatdan çoxdur ki, xəbər yoxdur”, fəal Elçin Həsənzadə bildirib.
Avqustun 11-də mülki geyimli şəxslər Press-az.com saytının rəhbəri Polad Aslanovun evinə gələrək onu axtardıqlarını bildirib. Telefon nömrəsini soruşublar. Bu barədə P.Aslanovun özü bildirib.
Aslanov axtarılmasının səbəbini siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı apardığı işlə əlaqələndirib.
Hüquq mühafizə orqanları gənc fəalların hansı səbəbdən axtarıldığı ilə bağlı hələ məlumat verməyib.