Faiq Əmirli gözlənilməz azadlıq qərarı barədə: "Qızlarım üçün darıxırdım"

"Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirli sentyabrın 15-də Bakı Apellyasiya məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.
 
O, verilmiş cəzanın 2 il 3 ayını şərti azadlıqda keçirəcək.
"Sevincimin həddi-hüdudu yoxdur", yenicə şərti azadlığa çıxmış Faiq Əmirli BBC Azərbaycancaya deyib.
Faiq Əmirli Səbail rayon məhkəməsinin qərarilə 3 il 3 ay müddətinə həbs edilmişdi. Əmirliyə "Gülençiliklə" bağlı ittihamla əlaqədar 3 il, "vergidən yayınma" ilə əlaqədar maddə görə isə 3 ay həbs cəzası verilmişdi. Faiq Əmirli bu ittihamları rədd edib.

"..qızlarım üçün darıxırdım"

Faiq Əmirli deyir ki, o nə həbsini gözləyirdi, nə azadlığa buraxılacağını: "İnanmırdım ki, Appelyasiya məhkəməsi məni azadlığa buraxsın. Ədalət qələbə çaldı".
1 il 20 gün həbsxanada qaldığını deyən Faiq Əmirlinin sözlərinə görə, yalnız azyaşlı qızları üçün darıxıb:
"Siyasətçi üçün belə həbslər gözlənəndir, sadəcə, qızlarım üçün darıxırdım".
Gələcək planlarından danışan Faiq Əmirli hələlik səhhəti ilə bağlı müalicə alacağını, sonra siyasi fəaliyyətini bərpa edəcəyini deyir.
"Bizim üçün gözlənilməz oldu, həm də böyük hədiyyə", keçmiş məhbusun xanımı Lalə Əmirli təəssüratını BBC Azərbaycanca ilə bölüşür:
"Sabah Faiqin ad günüdür, azadlığa buraxılması ona da, bizə də hədiyyə oldu".

Həbs və ittihamlar

Əmirli 2016-cı il avqustun 20-da saxlanıb və o, Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham edilib. İstintaq orqanları onu ABŞ-da yaşayan Fəthullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edib.
Daha sonra ona qarşı yeni ittihamlar irəli sürülüb: vergidən yayınma və vəzifə səlahətindən sui-istifadə maddələri.
Faiq Əmirli özünə qarşı ittihamları qəbul etməyib və AXCP Faiq Əmirlinin həbsini siyasi motivli adlandırır.
Faiq Əmirlinin saxlanılması ilə əlaqədar ötən ilin sentyabrın 6-dan "Azadlıq" qəzetinin çapı dayanıb. Buna səbəb qurumun maliyyə əməliyyatlarını apara bilməsi üçün notarial kontorun Faiq Əmirlini əvəz edəcək şəxsin imzasını tanımaqdan imtina etməsidir.