Erotik zarafatlar, qara yumor, sərt suallar – serial yoxsa, şou?

Baxış sayı:
26742

Azərbaycanda bir ilk: tok-şou tipli serial yayımlandı

“Qəsrin Ulduzu” adlı yeni YouTube ləyihəsi 30 avqust tarixində yayımlandı. Qeyd edək ki, layihənin müəlliflərinin sözlərinə görə, bu, Azərbaycanda bir ilkdir. Həm tok-şou, həm də absurd komediya serialı kimi təsvir olunan bu layihənin ideya və ssenari müəllifləri Orxan Bahadırsoy və Kənan İbrahim Məmmədlidir.
Rollarda əməkdar artistlər Qorxmaz Əlilicanzadə, Nəsibə Eldarova, İlqar Cahangir, aktyorlar Türkay Cəfərli, Ümüd Abbas Nihani, Kamran Muradlı, Ceyhun Əhəd və başqaları çıxış edirlər. Layihənin 1-ci bölümünün qonağı müğənni-bəstəkar, əməkdar artist Elza Seyidcahandır.

Orxan Bahadırsoy: “Günümüzdə televiziya öz yerini internet portallarına verib tarixə qovuşmaqdadır. Biz də tarixin bu keçid mərhələsində yeni dövrə hansı yeniliklərlə qədəm qoyacağımız barədə düşünürdük ki, bu yeni formatı tapdıq. Dərhal layihələşdirib Racool Studio-ya təqdim etdik. Racool Studionun rəhbəri, həm də bu layihənin icraçı direktoru və prodüseri olan Balaş Mirzəbəy də bizim təsəvvürümüzdəki formatı öz təsəvvüründə canlandırdı və dəstəklədi. Beləcə, birinci bölümü pilot bölüm kimi ərsəyə gətirdik. Ümid edirik ki, bu format Azərbaycan tamaşaçısı üçün maraqlı, baxımlı olacaq”.
Kənan İbrahim Məmmədli: “Təsvir edilən kimi – tok-şou tipli absurd komediya serialı. Bu, həm şoudur, həm də serial. Serial hissəsində cərəyan edən hadisələr, dramaturji xətt var. Bakının ehtişamlı qəsrlərindən birində yaşayan iki gənc oğlan – Əli və Vəli karonavirus pandemiyası ilə iflasa uğrayır və bir milyondan çox borc içində naçar qalırlar. Baxmayaraq ki, Vəlinin ulu babasından onlara qalan böyük bir qəsr var, onu da sata bilmirlər. Çünki bütün baba və nənələr bu qəsrin həyətində dəfn olunub. Bu qəsri 19-cu əsrdə Vəlinin ulu babası tikdirib. O, Bakı milyonçularından olub və bu qəsrdə tarixin müxtəlif dönəmlərində Lenin, Stalin, Eynşteyn, Koko Şanel, Pikasso, Tolstoy, Merlin Monro kimi tarixi şəxsiyyətlər  qonaq olublar. İndi Əli və Vəli borcdan xilas olmaq üçün bir fikir tapırlar ki, öz qəsrlərinə bugünkü məşhur şəxsləri qonaq çağırıb onları müxtəlif layihələrə cəlb etsinlər və pul qazanıb borclarını ödəsinlər. Bununla da layihənin tok-şou tərəfi başlayır”.

Qeyd edək ki, “Qəsrin Ulduzu” layihəsinin əsas qəhrəmanları, həm də aparıcıları olan Əli və Vəli obrazlarını Orxan Bahadırsoy və Kənan İbrahim Məmmədli canlandırır. Bakı milyonçusu Hacı Qənbər Buralı obrazını Kamran Muradlı, Bağban İkinci Qənbərqulu Oralı obrazını Qorxmaz Əlilicanzadə, Xadimə Məstan Xanım obrazını Nəsibə Eldarova, Müstəntiq Həmid Bəy obrazını İlqar Cahangir, Vəkil Şücaət İldırımlı obrazını Türkay Cəfərli, Həkim Əbdülməhəmmədqasım Beytullahi obrazını Ümüd Abbas Nihani, İkinci Qənbərqulu Oralı obrazını Ceyhun Əhəd və birinci bölümdə qonaq olan tarixi şəxsiyyət Lenin obrazını Əjdər Zeynalov canlandırır.
Layihənin icraçı direktoru və prodüseri Balaş Mirzəbəy, quruluşçu rejissoru Firdovsi A. Nəbiyev, ikinci rejissoru Fətai Hüseynov, səs rejissoru Orxan Ağalarov, qrim rəssamı Sevda Ağayevadır.
“Qəsrin Ulduzu” layihəsinin birinci bölümündə qəsrə dəvət olunan ulduz Elza Seyidcahandır. Xanım sənətçi bu layihədə fərqli formatla yanaşı, fərqli suallarla qarşılaşıb. O, öz boşanmasından, niyə və necə şeir yazmağa başlamasından, dini inancından və digər məsələlərdən danışıb. Elza Seyidcahan özünün yeni şeiri olan “Korset” şeirini də səsləndirib.
“Qəsrin Ulduzu” tok-şou tipli absurd komediya serialının birinci bölümünü buradan izləyə bilərsiniz: