Ermənilər niyə Nərimanovu düşmən bilirdilər? - FİRDOVSİYYƏ ƏHMƏDOVA YAZIR

Baxış sayı:
22899

Əbülfəz Elçibəyin abidəsinə toxunmağa icazə vermədiyi, ermənilərin qatı düşmən saydıqları Nərimanovun büstünü götürmək “məharəti”nin əks sədası

Yazıçı, həkim, maarifçi, ictimai xadim kimi qəbul olunan, siyasət və dövlət xadimi kimi birmənalı qiymətləndirilməyən Nəriman Nərimanov əqidəsinin gerçəkləşməsinə gedən yolu sosializmdə tapmışdı. Amalı insanın insanı istismar etməyəcəyi, köləliyin olmayacağı bir cəmiyyətdə xalqının xoşbəxtliyini görmək idi; Millətini tərəqqi etmiş millətlər cərgəsində görmək idi; Şərqin müstəmləkə boyunduruğundan azad olmasına nail olmaq idi; Azərbaycanın nümunəsində Şərq üçün ideal respublika modeli yaratmaq idi...

Bütün ictimai-siyasi fəaliyyətini amalına xidmətə həsr etmiş Nərimanov həm sağlığında, həm də vəfatından sonra dəfələrlə yasaqlandı, yamanlandı. Həm sovet dövründə, həm müstəqillik zamanı. Sovet dövründə hakim bolşevik elitası onu millətçi, türkçü, burjua millətçisi, müsavatçı adlandıraraq təqib etdi. Əvvəlcə siyasi təcridi başladı, sonra da fiziki həyatı hələ də müəmmalı sayılan tərzdə sona yetdi.

Özündən sonra adı belə yasaq edildi, siyasi bəraətdən sonra 100 illiyini qeyd edib, abidə ucaltmaq istəyəndə erməni millətçi-kommunistləri haray qaldırıb qarşısını almağa səfərbər olundular. Niyə ermənilər Nərimanovu düşmən bilirdilər? Nərimanov yeganə müsəlman-türk kommunist idi ki, 1918-ci ildən rəsmi çıxışlarında, yazılarında erməni kommunistlərini riyakarlıqda ittiham edir, kommunist cildinə girmiş daşnaklar adlandırırdı. Onlara vəzifə verilməsinin əleyhinə idi.  Onun iradəsi ilə Mikoyan daxil olmaqla vəzifədə olan 30 erməni kommunisti sovet hakimiyyətinin ilk illərində Azərbaycandan kənarlaşdırıldı. Ermənilərin iddia etdikləri ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu davamlı şəkildə Mərkəz qarşısında müdafiə etdi, təkbaşına mübarizədə Zəngəzurun dağlıq hissəsinin erməni dövlətinə verilməsinin qarşısını ala bilmədi. Qarabağın dağlıq hissəsinin erməni dövlətinə keçməsinə imkan vermədi, təzyiq qarşısında Azərbaycan tərkibində muxtariyyət verilməsinə razılıq bildirsə də özünün Azərbaycanda olduğu müddətdə buna imkan vermədi. Azərbaycan respublikasının quberniya kimi Rusiya SFSR-in tərkibinə qatılması niyyətini neytrallaşdırdı. Bakının Azərbaycandan ayrılıb Rusiyaya verilməsinin qarşısını aldı.  Azərbaycan türkcəsinə dekretlə dövlət dili statusu verdi. Ana dili-Türk dilinin dövlət dili statusunun qorunması üçün mübarizə apardı. Türkiyə milli-azadlıq savaşına hərtərəfli dəstək verdi. Rusiyanın türk-müsəlman xalqlarının tərəqqisi yolunda hələ də həmin xalqlar tərəfindən minnətdarlıqla anılan xidmətlər göstərdi.

Milli mətbuatın, milli ədəbiyyatın, milli teatrın, təhsilin tərəqqisinə önəmli töhfələr verdi.

Azərbaycanın maarifçilik tarixində əvəzsiz xidmət göstərdi. Bütün ictimai-siyasi fəaliyyətini insanlığa xidmət meyarı ilə yönəltdiyi halda arzuladığı cəmiyyətin mövcud bolşevik modeli ilə ziddiyyətini görüb məqbul bilmədiyi üçün mənəvi iztirabları ilə ömrünü başa vurdu.

Xalq yolunda sadalandığından da artıq xidmətlərindən sonra niyə düşmənlərimizin millətçi deyə nifrət etdikləri Nərimanovu özünü milli hesab edənlərimiz qəbul etmək istəmir? Əsilzadə zümrəsinə mənsub olsa da maddi cəhətdən sıxıntılı həyat sürmüş Nərimanov bütün qayəsi ilə Xalq adamı idi. Onu bolşeviklərin proqramı öz cazibəsinə salmışdısa, Nərimanovu da hakimiyyətə onun Xalq arasında nüfuzuna görə gətirmişdilər. İllərlə qazandığı nüfuzunu başda Stalin olmaqla bolşevik elitası öz maraqları yönündə sərf etməyə səy göstərdi. Onlara müsəlmanların etibar etdiyi şəxs lazım idi. Bu nə Qarayev idi, nə Axundov, nə də başqaları. Bu amili Nərimanov da anlamışdı və etiraf etmişdi. Artıq müsəlmanlar arasındakı nüfuzu onun mərkəzi bolşevik hakimiyyətinə qarşı mübarizədə əsas təzyiq silahı idi. Bu silahdan da axıra qədər istifadə etdi. Amma yalnız mərkəzlə deyil, Azərbaycanın quberniya kimi Rusiyanın tərkibinə daxil olmağına tərəfdar olan, formal müstəqilliyini belə itirməyə razı olan yerli türk-müsəlman kommunistlərlə mübarizə aparmalı oldu. Bu təkbaşına mübarizəsində hər zaman istəyinə nail ola bilmirdi. O cümlədən, özünün etiraf etdiyi kimi, Zəngəzurun bir hissəsinin ermənilərə keçməsi ilə bağlı.

Bütün bunların baş verməyəcəyini Nərimanovun adı ilə bağlamaq isə dövrün reallığını nəzərə almamaqdır.  Nərimanov kommunist olmasaydı, Cümhuriyyət xadimi olsaydı, Rusiya yenidən Qafqazı zəbt etməyəcəkdimi? Mübarizə ağ və qırmızı Rusiya arasında getdiyi halda hər ikisi üçün Qafqaz itirilməyəcək ərazi, Xəzər hövzəsi, Bakı həyati vacib məkan idi. Qafqaz respublikalarını bolşevik təcavüzündən qurtara biləcək dəstəyi Avropa dövlətləri vermədi. 1920-ci ilin yazındakı regional və beynəlxalq geosiyasi durum Azərbaycan Cümhuriyyətinin süqutunu labüd etdi. Belə miqyaslı mənzərədə Nərimanovu prosesi önləyə biləcək amil kimi qiymətləndirmək qeyri-ciddidir. Əksinə onun qeyri-azərbaycanlı hakim bolşevik çoxluğu arasında mövcudluğunun nəticələrini diqqətə alıb vəziyyəti düzgün dəyərləndirmək olar. Əks təqdirdə 1920-ci ilin yazındakı vəziyyətdən gərgin olan indiki situasiyada daxili qüvvələrimizi lüzumsuz qütbləşdirməkdən yalnız zərər görərik.

Firdovsiyyə ƏHMƏDOVA