​Ermənilər Paşinyana daha az pul verdi – Səbəb

Baxış sayı:
3445

Ermənistana ayrılan pulların miqdarı getdickə azalır.
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq 1992-ci ildə yaradılan ümumerməni “Hayastan” fondunun bu il də Los-Ancelesdə baş tutan növbəti telemarafonuna diqqət çəkib:
“Dünyada yaşayan ermənilər dünənki telemarafona təxminən 11 milyon dollar göndərdilər. Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan da fonda ianə köçürdü. Prezident Armen Sərkisyan isə ümumiyyətlə yarım illik maaşından keçdi. 2016-ci ildə telemarafonda 15 milyon dollar, 2017-ci ildə 12 milyon dollar, bu il isə bundan bir milyon dollar az pul yığıldı. Əlbəttə, bu o demək deyil ki, erməni lobbisinin varlı üzvləri kasıblaşır. Sadəcə, erməni lobbisinin üzvləri pulların Ermənistanda və Dağlıq Qarabağda “təyinatı” üzrə xərclənmədiyindən şübhələnir”.
Politoloq bildirib ki, Nikol Paşinyan hakimiyyəti dövründə ilk dəfədir telemarafona qoşulub və erməni lobbisinin ona inanmasını, keçmiş illərdən fərqli olaraq, daha çox ianə ayırmasını arzulayardı:
“Ancaq hələ ki, erməni lobbisinin varlı təmsilçiləri Paşinyana inanmadığını ortaya qoydu. Əks halda builki telemarafon zamanı toplanan pullar Serj Sərkisyanın prezident olduğu ildə keçirilən telemarafonda yığılan məbləğdən çox olmalı idi”.
Politoloq qeyd edib ki, yığılan pulların əsas hissəsi həmişəki kimi işğal altındakı torpaqlarda layihələrin reallaşması üçün nəzərdə tutulub:
“Bu dəfə iki layihə maliyyələşdiriləcək. Separatçılar yığılan pulla Dağlıq Qarabağda torpaqların damcı texnologiyası ilə suvarılmasının tətbiqinə başlamaq istəyirlər. İkinci layihə də diqqəti cəlb edir. Separatçılar Dağlıq Qarabağda enerji qaynaqlarını müəyyənləşdirmək üçün qazıntı işlərinə başlayacaq. Dağlıq Qarabağda nə neft var, nə də qaz. Olsaydı, SSRİ illərində aşkarlanardı. Böyük ehtimalla separatçılar işğal altındakı torpaqlarda, özəlliklə də Kəlbəcərdə faydalı qazıntıların miqyasını genişləndirmək istəyirlər. Təəssüf ki, biz separatçıların bu çalışmalarını əngəlləyə bilmirik. Kim təminat verə bilər ki, 11 milyon dollar məhz separatçıların elan etdiyi layihələrə xərclənəcək? Yığılan pulla Ermənistan vasitəsilə üçüncü ölkələrdən silah alınması da istisna deyil”.
Qeyd edək ki, Hayastan Ümumerməni Fondunun keçirdiyi illik telemarafonda cəmi 11.106.633 dollar toplanıb.