“ELŞƏN SÜLEYMANOV SƏRXOŞ OLANDA HƏR YERDƏ DEYİR Kİ, BU VƏZİFƏYƏ TƏYİN OLUNMAQ ÜÇÜN 200 MİN MANAT VERMİŞİK” – Qarabağ qazisi: “O, 5 ay ərzində atasının “yuxarı”ya verdiyi pulu çıxarmışdır”

Baxış sayı:
871

Ucar şəhəri, H.Əliyev prospekti, bina 138, mənzil 1-də yaşayan 1-ci qrup Qarabağ müharibəsi əlili Babayev Famil Cümşüd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən Birinci Qarabağ Müharibəsində ağır yaralanıb, 1-ci qrup əlil olmuşam. Mən buna görə də fəxr edirəm, qürur duyuram. Ancaq mən şəxsən xəcalət çəkirəm ki, Yevlax rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki baxış şöbəinə Süleymanov Elşən Fikrət oğlu kimi bir rəis təyin ediblər.
Yevlax rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki baxış şöbəinin rəisi polis kapitanı Elşən Süleymanovun atası Fikrət Süleymanov Göyçayda böyük biznes sahibidir.
Elşən Süleymanov atasının kapitalı hesabına Texniki baxış şöbəsinə rəis təyin edilib. Daha doğrusu, dövlət idarəsində özü üçün biznes qurub. Elşən Süleymanov bu vəzifəyə rəis təyin ediləndən sonra avtomobillərin texniki baxışı rüsumundan 5 dəfə artıq qiymətə qaldırılb. Hətta avtomobilləri Texniki Baxış Şöbəsinə gətirmədən, yoxlanışdan keçmədən texiniki baxış sənədi almaq olur. Bunu isə orada olan video müşahidə kameralarına baxmaqla subut etmək çox asandır.
Həmçinin ora gələn avtomobillərə heç bir baxış keçirilmir, texniki baxış sənədi təqdim edilir. Bu minvalla Elşən Süleymanov vəzifəyə təyin olunduğu 5 ay ərzində atasının “yuxarı”ya verdiyi pulu çıxarmışdır.
Spirtli içki aludəçisi olan Elşən Süleymanov sərxoş olanda hər yerdə deyir ki, bu vəzifəyə təyinat almaq üçün yuxarı 200.000 (iki yüz min) manat pul vermişik.
Qeyd edim ki, polis kapitanı Elşən Süleymanov sərxoş vəziyyətdə sürətli avtomobil sürməsi nəticəsində 11 may 2019-cu il tarixdə Göyçay rayonunda ağır yol nəqliyyat hadisəsi baş vermişdir. “Mercedes” və “Toyota” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Müskürlü kənd sakin Qurbanov Vusal Fərman oğlu ölmüş, Göyçay şəhər sakinləri Kərimli Məmməd Əlimövsüm oğlu, Azadov Pərviz Yelmar oğlu, Rüstəmov Nofəl Oqtay oğlu və Kərimli Simran Akif oğlu ağır xəsarət almışdılar.
Həmin vaxtı Elşənin atasının pulları onu məsuliyyətdən kənarda saxlaya bilmişdi. Elşən Süleymanov tərəfindən baş vermiş cinayət hadisəsinin məsuliyyətini bir nəfər şəxs öz üzərinə götürmüşdür. Ancaq avtombilin həmin vaxt hərəkətdə olduğu yoldakı müşahidə kameralarında aydın görünüb ki, sükan arxasında Elşən Süleymanov özü olmuşdur.
Cəzasızlıq mühitindən istifadə edən Elşən Süleymanovun indi belə bir vəzifədə işləməsi yolverilməzdir.
Bu vəzifəyə təyin etməmişdən əvvəl Elşən Sülüymanovun şəxsiyyəti, səviyyəsi və əməlləri yoxlanılmalı idi.
Mən şəxsən Qarabağ müharibəsində iştirak edib əlil olmağıma görə fəxr etsəm də, Elşən Süleymanov kimi korrupsionerin belə bir vəzifədə təmsil olunmasına görə çox xəcalət çəkirəm.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalovdan xahiş edirəm, şikayətimi mənim iştirakımla araşdırılmasına göstəriş verəsiniz və korrupsiya əməlləri ilə məşğul olan Yevlax rayonlararası Qeydiyyat İmtahan İdarəsinin Texniki baxış şöbəinin rəisi Elşən Süleymanovun barəsində ciddi tədbirlər görəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.