“Elçibəy fiziki varlıqdan çox, ideyadır!” – CAHANDAR BAYOĞLU

Baxış sayı:
2251

Elçibəyçilik - Azərbaycan mərkəzli siyasət aparmaqla, Türklüyün əzilməsinin qarşısında durmaqdı, Bütöv Azərbaycan uğrunda mübarizədi, Türk dünyasına sahiblənməkdi!
Son günlər Elçibəy şəxsiyyətinə qarşı yeni bir dalğalanma var. Bu dəfəki hücumların görünən tərəfi Elçibəy “komandası”nın üzvü kimi tanınan Sülhəddin bəy Əkbər və onun kimi düşünənlərdi.

Elçibəyi müdafiə edənlər daha çox Sülhəddin bəyin ittihamı ilə üzləşən “komanda” üzvləri və xalqın böyük əksəriyyəti və aydınlardı.
Əslində, Sülhəddin bəy kimi düşünən adamlar, özünü Elçibəyçi kimi tanıdan müxalifət partiyalarında çoxunluqdu. İstər Musavat Partiyasında, istər Xalq Cəbhəsi Partiyasında görüntüdə partiya sədrlərindən və bir neçə funksionerindən başqa, çoxunluq Elçibəyə qarşı yüklənmiş adamlardı. Partiya üzvlərinin belə düşünmələrinin səbəbkarı “ElçibəyçI” görüntüsü verməyə çalışan başqanları və sədrləridi. Məqsəd 30 illik uğursuzluqlarını, yarıtmaz siyasətlərini Bəyin adına bağlamaqla, varlıqlarını qorumaqdı.
Belə olduğu halda "“Elçibəyçi” görüntüsü vermək nəyə lazımdı" sualı ortaya çıxır.
Əziz oxucu! Bu, ondan ötrü lazımdı ki, xalqın içərisində Elçibəy sevgisi güclüdü və bunlara da tərəfdar qazanmaq lazımdı. Onlar partiylarında anti-Elçibəyçiləri güçləndirməklə, xalqa “Elçibəyçilik” sırımağı “siyasətin ustalarıdır” obrazının fonunda yaradırlar. “Əgər belə deyilsə, onda partiyalarında bu qədər anti-Elçibəyçi necə formalaşıb” sualının cavabı olmalıdı.
Əziz oxucu! Mən yanlışamsa, qonşularınızdan, qohumlarınızdan Müsavat və Xalq Cəbhəsinin üzvü olanları danışdırın. Böyük əksəriyyətinin aşağı-yuxarı Sülhəddin bəy kimi danışacağının şahidi olacaqsınız. Tək fərq liderlərinə toz qondurmamaq olacaq.

Elçibəyçilik partiya başqanlarının Elçibəyin rəsmini başlarının üstündən asmaq deyildir. Elçibəyçilik Elçibəy düşmənləri, dövlət düşmənləri ilə bloklaşmaq deyildir.
Elçibəyçilik Azərbaycan Respublikasında Azərbaycan mərkəzli siyasət aparmaqla, Türklüyün əzilməsinin qarşısında durmaqdı, Bütöv Azərbaycan uğrunda mübarizədi, Türk dünyasına sahiblənməkdi! Elçibəyin rəsmini asma, adını belə dilə gətirmə, amma millətin ideyaları uğrunda mübarizə apar, bax budur Elçibəyçilik!
Amma bu gün Elçibəyin rəsmini asanlar Azərbaycan mərkzli demokratik, Bütöv Azərbaycan, Türklük davası aparırlarmı? Təbii ki, yox! “Elçibəy” adı onlara tərəfdar toplamaq üçün lazımdı.
Bu partiyaların gözləri ya Amerikadadı, ya Avropada, ya Moskvada, ya da Tehranda. Bəziləri də yerli “para babaları” mafiozların əlinin altında. Bu, “para babaları” da kürəsəlçi gücclərin qucağında!
Əziz oxucu! Gerçək qərarı sən vermisən, yenə də sən verəcəksən. Sən görüntülərə deyil, əməllərə inanacaqsan. Bu ölkədə Azərbaycan mərkəzli (gözü orda-burda olmayan) siyasət yürüdənlərin, Türklüyün, Bütöv Azərbaycanın yanında olacaqsan.
Cahandar BAYOĞLU,
Turan Partiyası GK Başqanı