“Elə olur ki, günlərlə quru çörəyə möhtac qalırıq” – 9 YAŞLI VALEH: “Atam həbsdədir, anamın işlə təmin olunmasına köməklik edin” / PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
37144

Göyçay rayonu Müskürlü kənd sakini 9 yaşlı Əliyev Valeh Firdovsi oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən azyaşlının məktubunu olduğu kimi dərc edirik: “Hörmətli Prezident ! Hörmətli Mehriban xanım ! Bu ərizəmdə yazıb Sizə bildirirəm ki, mənim atam Əliyev Firdovsi Valeh oğlu 1 il əvvəl Göyçay rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilib. Atam cəzasını hazırda Penitensiar xidmətin 5 saylı Cəza Çəkmə Müəssisəsində çəkir. Hazırda anamla mən Göyçay rayonu Müskürlü kəndində yerləşən qazalı vəziyyətdə olan evdə qorxu, həyacan içində yaşayırıq. Evimiz qəzalı olduğu üçün hər an uça bilər. Buna görə həyat və sağlamlığımız ciddi təhlükə altındadır. Maddi imkansızlıqdan qəzalı vəziyyətdə olan evimizi təmir etdirə bilmirik. Anam heç bir yerdə işləmir. 3-cü sinifdə oxusam da, imkansızlığa görə dərsə gedə bilmirəm. İşlə əlaqədar anam Göyçay rayon İcra Hakimiyyətində qəbulda olan zaman birinci müavin İkram Rəhimov anama bildirib ki, imkanın yoxdur, uşağın məktəbə getməsin. Qohum-qonşuların köməyi ilə yaşayırıq. Əgər buna yaşamaq demək mümkündürsə. Elə olur ki, günlərlə quru çörəyə möhtac qalırıq. Hətta belə olanda kimdənsə çörək istəməyə utanırıq. Bəlkə də Azərbaycan Respublikasında bizim kimi yoxsulluq həddində yaşayan ikinci bir ailə yoxdur. Bizim yaşadığımız evi və vəziyyətimizi gəlib gözləri ilə görən olsa, dəhşətə gələr. Mən də istəyirəm ki, evimiz təmirli, rahat olsun, normal qidalanaq, anam işlə təmin olunsun, məktəbə gedib dərsimi oxuyum. Qeyd edim ki, dərslərimi yaxşı oxuyuram. İmkansızlığa görə elə olur ki, dərsə gedə bilmirəm. Ümidimi Allaha, Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevayadır. Hörmətli Prezident! Hörmətli Mehriban xanım ! Sizdən xahiş edirəm, bu ərizəmin yerində araşdırılmasına tapşırıq verəsiniz, qəzalı vəziyyətdə olan evimizin təmir edilməsinə və anamın işlə təmin olunmasına köməklik göstərəsiniz”. Muxalifet.az