Düymə ilə hürən küçük və “quru” təzək əhvalatı - ELDƏNİZ QULİYEV YAZIR

Baxış sayı:
3163

Bu günlərdə sadə bir yaponiyalı qəribə eksperiment aparıb. O, öz balaca küçüyünün belinə iri səsgücləndirici cihaz bağlayaraq, gülməli nəticə əldə edib. Yaponiyalı əlindəki düyməciyi basmaqla səsgücləndiricini işə salır, küçük quyruğunu bulaya-bulaya düz burnunun ucuna bərkidilmiş mikrofona hürür və... onun bu hürüşü eynilə, yekə və qorxunc bir it hürüşünə bənzəyir. Məqsəd, oğruları və digər şübhəli şəxsləri hirsli-hikkəli hürüşlə qorxudub evin həndəvərindən uzaqlaşdırmaqdır.
Sahibi səsgücləndiricini söndürən kimi, küçüyün səsi də əsil küçük səsinə çevrilir. Yəni əks-sədayla səslənən vahiməli və qorxunc “ham-ham” əvəzinə, “çik-çik"i xatırladan bapbalaca küçük hürüşü! Qəfil baş verən bu səs transformasiyası, istər-istəməz gülüş doğurur. Hətta küçüyün özü də diksinib-çaşıb qalır...
Görən, bu məzəli “ixtiranı” niyə xatırladım? Və onu xatırlayan kimi nədən yadıma hər danışanda "quş buraxan" bəzi deputatlar düşdü?.. Onlar indinin özündə də misli görünməmiş yalanlar danışır, camaatın qulağına paçka-paçka əriştə asır və öz “quyruqbulama” funksiyalarını canla-“başla” yerinə yetirirlər. Deyilənə görə, hətta bu yaxınlarda onlar üçün “qazan dibi yalamaq” vəzifəsinə irəli çəkilmək şansı da yaranacaq...
Bu zavallılar elə zənn edirlər ki, yüz agıllı işini-gücünü buraxıb, onların quyuya atdığı daşı çıxarmağa borcludular. Onlar düşünmür, anlamırlar və ya qanmaq istəmirlər ki, atdıqları o daş bumeranq formasındadı və nəticədə, haçansa gəlib öz başlarına düşəcək,- əlbəttə, əgər həmin an başları qazan dibində olmasa...
Amma əslində, burada təəccüblü bir şey də yoxdur; bu da onların yaşam tərzi, mövcudluğu, ilhamverici "çax-çux" mənbəyidir. Əmr və qısqırtmayla fəaliyyət göstərənlərin təbiəti belədir. Bu sayaq tiplər məhz onunçün gündəmdə qalmağa can atırlar ki, gündəyməzdə rahat şəkildə otura bilsinlər...
Lənət şeytana! Ləzzətlə “ham-ham” hürdüyü yerdə, düyməcik basılandan sonra “çik-çik”-ə keçən həmin o bapbalaca it balasını görəndə, niyə yadıma həlləm-qəlləm adamlar düşdü?–bilmirəm!..
Bu məqamda çox-çox illər əvvəl şahidi və iştirakçısı olduğum xoşagəlməz bir əhvalatı diqqətinizə çatdırım.
Lap balacaydım. Ömrümdə ilk dəfəydi ki, yaylağa getmişdik. Alaçıqda yaşayırdıq. O vaxtlar nə qaz vardı, nə də işıq, ocağı təzəklə yandırırdılar. Bir gün mən də kənd uşaqlarına qoşulub sevinə-sevinə təzək yığmağa getdim. Həmin uşaqlar bu işdə nisbətən təcrübəliydilər, qısa müddət ərzində torbalarını yarıyacan quru təzəklə doldurdular. Mənimsə bəxtim gətirmədi. Elə birinci təşəbbüsdəcə əlim biləyəcən... Nə isə... Nə biləydim, şəhər uşağıydım; andır, ilk baxışda quru təzəkdən qətiyyən fərqlənmirdi. Girdə və yastı təzəyin üstü günəşin istisindən əməlli-başlı qaysaq bağlamışdı...
Hə, həmin o qaysaqlanmış “quru” təzək indiyəcən hafizəmdə ilişib qalıb. Televizoru, yaxud kompüteri açıram, qəzet-jurnallara baxıram – bir-birindən qəşəng, gözəl, ağıllı-kamallı ekspertləri, şərhçiləri, aparıcıları, müğənnlıəri və sair və ilaxır “maralları” görürəm, onların "müdrik" çıxışlarını və "mərifətli" atmacalarını eşidirəm, oxuyuram, - yenə həmin andıra qalmış nəm təzək düşür yadıma... Qeyri-ixtiyari, dübarə qayıdıram uşaqlıq illərinə. Xəyallara senzura qoymaq olmur axı...
Yəni demək istəyirəm ki, belələrinin kənardan qalstuklu, eynəkli, səliqə-səhmanlı görünmələri və onların qatı açılmamış dollar “paçkasını” xatırladan “vid-fasonları” gərək sizləri aldatmasın. Bilin ki, ehtiyat təkcə igidin yaraşığı sayılmır... Bu sıraya, az qala bir iqtidar sığalına görə öz sözünü, əqidəsini, nəfəsini, səsini, hətta öz dədəsini belə satmağa hazır olan paqonlu-paqonsuz məmurları, siyasətbazları, qurama vətənpərvərləri, eləcə də avtobus, trolleybus, tramvay, velosiped və s. müxalifətini də əlavə etmək olar.
Nə isə...desəm öldürəllər, deməsəm ölləm!..
...Həmin o qaysaq bağlamış yaş təzək haradansa ləng kino lenti kimi, fırlana-fırlana gəlib durdu gözüm önündə. Oturub özümçün bir xeylaq çək-çevir elədim ki, ayə, bəlkə, hansısa hökumətsevər TV kanalında quyruqlu toy toğlusuna oxşayan siyasi-ictimai ekspertin toy tostuna bənzər pafoslu çıxışını görməsəydim, heç o təzəyi də xatırlamazdım. Və ya əksinə, təzək yadıma düşməsəydi, heç yalan-palan nağıllar quraşdırıb xalqa sırıyanların sürtük sifətləri də xəyalımda canlanmazdı!..
Doğrudan da, qəliz məsələdi... Hesab eləyin ki, mən heç nə demədım və ya heç zad yazmadım. Siz də heç nə oxumadınız və heç zad eşitmədiniz. Gəlin, ağrımayan başımıza yaylıq bağlamayaq; noolsun ki, papağımızı çoxdan salıb itirmişik...
Əlqərəz, haqqında söhbət açdığımız "adamlar", qarşısına heç vaxt rəqəm yazılmayacaq sıfır kimidilər. Belələri təhlükəli sürünənlər fəsiləsinə daxildilər və "xozeyn" əmri yerinə yetirməkçün bəzən lap qanadlı dəvəyə də çevrilə bilirlər!.. Kefləri gələndə, istənilən günahslz insana qara-qura yaxıb, şər-böhtan (bəzənsə daha natəmiz şeylər) atmağa da müntəzirdilər...
"Dayan!", "Ehtiyyatlı ol!!", "Toxunma, əlin batar!!!"
... Düymə ilə hürən küçük və quru-yaş təzək! Qoy, məhkəməyə obyektiv, peşəkar və vicdanlı rəy əvəzinə donos verməyə öyrəşmiş linqvistika üzrə ekspertlər rəhm eləsinlər...Sadəcə, ərz elədiyim ifadələrin özgə fonetik transkripsiyasını tapa bilmədim...
Eldəniz QULİYEV
P.S. Şər deməsən xeyir gəlməz, indi öz-özümə sual edirəm: Ki, görən, iqtidarın isti-ilıq tumarı sayəsində qaysaqlanmış bu girdəfason yastısifətlərin ekzotik səsləri, ötüb keçən karvanı saxlaya, yaxud öz yolundan sapdıra bilərmi?..