​Döyülən Mingəçevir sakininin şikayətinə baxılmır? – POLİSDƏN AÇIQLAMA

Baxış sayı:
3368

Sosial şəbəkələrdə və bəzi saytlarda Mingəçevir şəhər sakini Nazir Əliyevin onun müraciətinə baxılmaması ilə bağlı fikirləri yer alıb.
Məsələyə münasibət bildirən DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Muxalifet.az-a bildirib ki, vətəndaş N.Əliyevin Mingəçevir Şəhər Polis Şöbəsində onun müraciətinə baxılmaması və araşdırılmaması ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir. Müraciət daxil olduğu andan etibarən həmin məsələyə hüquqi qiymət verilməsi istiqamətində zəruri bilinən tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Belə ki, martın 23-də DİN-in “102” Zəng Mərkəzinə və ayın 26-da  Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Nazir Əliyev  Vüqar Ələkbərov adlı şəxs tərəfindən döyüldüyünü bildirib.
Daxil olmuş müraciət əsasında Mingəçevir ŞPŞ-nin Təhqiqat bölməsində araşdırmalara başlanılıb, N.Əliyevin bədənində olan xəsarətləri müəyyənləşdirmək məqsədilə tibbi ekspertiza təyin edilib və ona burun sümüyünün sınığı diaqnozu qoyulub. Eləcə də, hadisə şahidlərinin izahatları alınıb.
Araşdırma zamanı müəyyən olunub ki, bu iki şəxs arasında mübahisə borc üstündə yaranıb.  Təxminən 3 ay öncə V.Ələkbərova borc pul verən N.Əliyev həmin pulu ondan ala bilmədikdə aralarında mübahisə yaranıb və sonuncunun xəsarət alması ilə nəticələnib. Hazırda baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlərin görülməsi davam etdirilir.
Muxalifet.az