“Dövlət Təhlükəsizlik Xidməti Elman Rüstəmovu məsuliyyətə cəlb etməlidir...”

Sərdar Cəlaloğlu: “Mehman Əliyevin buraxılması müqablində Azərbaycan iqtidarının ifşası dayandırılacaq”

“Mehriban Əliyevanın prezident gəlməsi Rusiyanın və İranın maraqlarına uyğun olmadığına görə, onlar hakimiyyətdə lider dəyişikliyinə çox da yaxşı baxmırlar”

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad olması cəmiyyətdə çoxları tərəfindən gözlənilməz oldu. Məsələn, ABŞ-da Azərbaycan rəsmiləri haqda sanksiya müzakirələri gündəmə çıxandan sonra belə, “Hürriyyət”ə açıqlama verən Müsavat Partiyasının başqanı Arif Hacılı bildirmişdi ki, Mehman Əliyevin yaxın vaxtlarda azadlığa çıxacağına böyük ümidləri yoxdur”. Prezidentin məlum tövsiyəsindən sonra isə, bəzi ekspertlər bəyan etdi ki, Mehman Əliyevin həbsdən azad olunması Qərbin, xüsulə ABŞ-ın təzyiqi ilə baş verdi.
Bu ərəfədə xaricdə olan ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə də ilk olaraq bu sualla başladıq:
- Sərdar bəy, Sizcə, Mehman Əliyev ABŞ-ın təzyiqi ilə azad olundu?
- Birmənalı şəkildə qəbul etmək lazımdır ki, Azərbaycanda bu cür həbslər də, bu həbslərdən azadetmə də siyasi motivlidir. Ona görə də sualı belə qoymalıyıq ki, Mehman Əliyev niyə həbs olundu, niyə azad olunub? Mehman Əliyevin və bundan əvvəl digər qeyri-hökumət təşkilatlarının liderlərinin həbs ediməsi, sonda da onların ölkədən getməsinə gətirib çıxaran fəallığın arxasında duran məsələlər hakimiyyətin Azərbaycanda demokratik institutlara qarşı apardığı bəlli bir məqsədin, siyasətin nəticəsidir. Əvvəlcə, demək olar ki, siyasi partiyalar siyasi səhnədən sıxışdırıldı. Bunun üçün siyasi partiyaların mətbuat orqanlarına çıxışları qadağan olundu, sonra müxalifət iqtisadi blokadaya alındı. Ondan sonra müxalifətin xalqla təmasının qarşısı alındı və nəticədə müxalifət siyasi gücünü kifayət qədər itirdi. Ondan sonra hökumət digər bir demokratik institutu, yəni azad mətbuatı susdurmaq siyasəti həyata keçirdi. Yenə eyni prinsiplə, belə deyək, “dikbaş” jurnalistlər, redaktorlar həbs edildi, Daxili İşlər Nazirliyinə, Prokurorluğa çağırıldı, təzyiqlər göstərildi, hədə-qorxu gəlindi və iqtisadi sanksiyalar tətbiq edildi. Dözülməz şərait yaradıldı, nəticədə Azərbaycanda azad mətbuat susduruldu. Azərbycanda “525-ci” qəzet adını oradan götürmüşdü ki, o azad mətbuatın 525-ci dövlət qeydiyyatından keçən bir nümayəndəsi idi. Təsəvvür edin, neçə il bundan əvvəl 525 qəzet qeydiyyatdan keçmişdi, ondan sonra da nə qədər mətbuat vasitələri qeydiyyatdan keçib, amma bu gün Azərbaycanda cəmisi 2-3 qəzet “Müsavat”, “Hürriyyət” qəzeti kimi formal olaraq müxalifət qəzeti və bir neçə müxalif sayt mövcuddur. Yerdə qalan demək olar ki, 525 qəzetdən  müxalifətçilik edən, müxalifətin siyasətini aparan müəyyən bir informasiya vasitəsi yoxdur. Eləcə də pis-yaxşı “ANS” və “Sara” televiziya kanalları bəzən az-çox müxalifətə yer ayırırdı. İndi onlar da yoxdur. Artıq “Azadlıq” radiosunun, eləcə də “Amerikanın səsi”nin Azərbaycanda fəaliyyəti xeyli məhdudlaşdırılıb. Onlar da müxalifətin əsas tribunalarından biri idi.
- Hesab edirsiniz ki, sonra da növbə qeyri-hökumət təşkilatlarının susdurulmasına gəldi?
- Bəli. Qeyri-hökumət təşkilatlarının susdurulması müxalifətin və mətbuatın susdurulmasından fərqli bir qayda da həyata keçirildi. Müxalilfət və mətbuat iqtisadi blokdaya alınaraq məhv edildisə, qeyri-hökumət təşkilatları dövlət vergisindən yayınma, alınan qrantların mənimsənilməsinə görə tamamilə fərqli bir yöndə susdurulmağa başlandı. Baxın, İntiqam Əliyev, Leyla Yunus, Anar Məmmədov və digərləri həbs olundu, ölkədən getməyə məcbur edildi. Hansı ki, o qeyri-hökumət təşkilatlarının rəhbərləri həbs olunmadı, onlar da hakimiyyətlə gizli razılaşmaya getdilər və hakimiyətin siyasətinin həyata keçirilməsində iştirak etməyə başladılar. Mehman Əliyev sonuncu mogikan, hakimiyyətlə əlaqəsi olmayan və qeyri-dövlət təşkilatlarının Avropa ilə pis-yaxşı əlaqəsi olan, azadlıqda qalan yeganə nümayəndəsi idi. O, özü də bunu etiraf etmişdi ki, “ev təklif ediblər, almamışam, bu isə o deməkdir ki, mən mütləq həbs olunacam”. “Ev təklif ediblər, almamışam” o deməkdir ki, “məni ələ almaq istədilər, mən satılmadım”. Doğrudan da onu həbs etdilər.
Birmənalı şəkildə deyim ki, bu qrantlarla  bağlı qeyri-hökumət təşkilatlarında böyük nöqsanlar var. Amma bu nöqsanlar hakimiyyətin dövlət büdcəsindən pul oğurlamasının yanında ən ədalətli bir hərəkət sayıla bilər. Məslən Mərkəzi Bankın sədri devalvasiyadan əvvəl 700 milyon dövlət bankından pul götürüb, guya, investisiya qoyub. Qanuna görə, onun biznes fəaliyyəti göstərməsi qeyri-qanunidir. Mərkəzi Bankın sədri kimi heç bir girov qoymadan 700 milyon həcmində maliyyə vəsaitini xaricə çıxartması böyük bir iqtisadi cinayətkarlıqdır və bu, həcminə görə dövlət təhlükəsizliyi üçün önəm daşıdığı üşün Dövlət Təhlükəsizlik Xidməti bununla bağlı cinayət işi qaldırıb, bu adamı məsuliyyətə cəlb etməlidir. Görün, Elman Rüstəmova “güldən ağır söz” deyən var?! Dövlət büdcəsindən milyardlarla pul oğurlayanlara qarşı cinayət işi qaldırılıb? Yox. Amma Mehman Əliyev 100-150 min manat həcmində qrantdan vergi vermədiyi iddiası ilə həbs olunur. Yəni bu həbsin siyasi motivli olduğu aydın olur. O baxımdan da Qərb özünün buradakı sonuncu mogikanını qorumaq üçün sonuncu silahına əl atdı. Baxın, Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlara rüşvət verməsi ilə bağlı faktı kim aşkarladı? Yenə xaricdə olan mətbuat vasitləri, yəni Mehman Əliyevin həmkarları. Yəni faktiki olaraq xaric də Mehman Əliyevin həbsinə görə Azərbaycan iqtidarına qarşı onu açıqladı. Elə bilirsiniz ki, doğrudan da o faktlar təzə aşkar olunmuşdu? AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin üzvü olan Andreas Qross 7-8 il bundan əvvəl bəyanat vermişdi ki, Avropa Şurası rəhbərləri rüşvət aldığına görə, mən Azərbaycanla bağlı Monitorinq Qrupunun rəhbərliyindən protesto olaraq imtina edirəm. Bunu neçə il bundan əvvəl Qross demişdi. Yəni biz Avropa Şurasının üzvlərinin, bəzi Avropa dövlətlərinin liderlərinin Azərbaycan hakimiyyəti tərəfindən rüşvətlə ələ alınmasını bilirdik. Bunu biz yox, avropalılıar özləri etraf ediblər. Qross açıq yazmışdı ki, Avropa Şurasında hamı rüşvət alır və Azərbaycanda gedən anti-demokratik proseslərə göz yumurlar. İndi də bu məsələ ortalığa çıxdı. Çünki dediyim kimi, artıq Qərbin Azərbaycanda heç bir dayaq nöqtəsi qalmayıb. Axırıncı dayaq nöqtəsi Mehman Əliyev idi. Mehman Əliyevin də həbsi ilə Azərbaycan hökuməti Azərbaycan demokratik institutları üzərində sonuncu qələbə addımını atırdı. Bunun buraxılması da siyasidir.
- Bəs bunun Azərbaycan üçün nəticəsi nə olacaq?
- Çox güman ki, Mehman Əliyevin buraxılması müqabilində Azərbaycan hökuməti Qərbin müəyyən dairələrində hakimiyyətin ifşa olunmasını dayandıracaq. Deyilən fakt ki var, yəni 3 milyard manatın arxasınca heç kəs getməyəcək. Sonradan araşıdırılmayacaq ki, o pullar daha sonra kimlərə verilib? Bu 3 milyard pulun bir hissəsi Avropanın qeyri-rəsmi nümayəndələrinə verilibsə, böyük bir hissəsi rəsmi nümayəndələrinə verilib. Əslində, hansı hökumətin prezidenti, baş naziri, senatoru bu pullardan alıbsa, bunlar ifşa olunmalıdr. Amma bu dayancaqdır.  Dərinə gedilərsə, böyük bir siyasi skandala səbəb olacaq. Ya bu pul gedib hansısa prezidentin, senatorun seçkilərinə xərclənib, ya da rüşvət kimi hansısa dövlət funksionerinə verilib. Amma Azərbaycan hökuməti bu addımı atmaqla, mənə elə gəlir ki, bir alver predmetinə çevirə bildi.
- Mehman Əliyevin həbsdən azad olunması üçün prezidentə bir çox ziyalı da müraciət etmişdi. Sizcə, bunun da təsiri oldu?
- Mehman Əliyevlə bağlı imza atan adamları biz yaxşı tanıyırıq. Bunlar siyasətə heç vaxt qarşımayıblar. Elə Anarın özünün bəynatları var ki, “biz siyasətə qarışmırıq”. Heç vaxt da ağır siyasi həbslərlə bağlı ağızlarını açıb bir kəlmə də olsun etiraz bildirməyiblər və yaxud da prezidentə müraciət etməyiblər. Bu ziyalıların müraciətinin özü də hakimiyyət tərəfindən təşkil edilmiş bir şeydir. Azərbaycan hökuməti ziyalının özünü həbsxanaya salır. O baxımdan, ziyalının sözünə qulaq asıb, hansısa bir ədaləti bərpa etməsi nə dərəcədə ağlabatandır? Bunlar hamısı məsələnin formal tərəfidir. Əslində, Qərbin Mehman Əliyevin həbsi ilə bağlı aşkar narahat olması və Azərbaycan hakimiyyətini ifşa etməsi Azərbaycan hökumətinin geri çəkilməsinə səbəb oldu. Amma bu geri çəkilmə heç də Azərbaycan xalqına, Azərbaycan demokratiyasına xeyir verəcək bir geri çəkilmə deyil. Bu geri çəkilmə yalnız iqtidarın maraqlarına xidmət edir. Mehman Əliyevin buraxılması müqablində Azərbaycan iqtidarının ifşası dayandırılacaq. Azərbayan hakimiyyəti ilə Qərbin müəyyən dairələrinin qeyri-qanuni əməlləri ilə bağlı məsələlər yenə də qaranlıq qalacaq.
- Sərdar bəy, əvvəlki illərlə müqayisədə indi Qərbin Azərbaycanda demokratiyaya dəstəyi nə yetərlidirmi?
- Hələ 2000-ci ildə Azərbaycan Avropa Şurasına üzvlüklə bağlı bir Komitə yaradılmışdı. Vulkanev adında bir bolqar ona rəhbərlik edirdi. O vaxtı Azərbaycanda çox məşhur adamlardan biri onun evində olmuşdu. O mənə dedi ki, mən onun evində 50-60 ədəd tarixi Azərbaycan xalçası gördüm. Yəni o, hər dəfə Azərbaycana gedib-gələndə ona rüşvət olaraq qədim xalçalar veriblər. Təbii ki, pul rüşvəti də veriblər. Ondan sonra məlum oldu ki, “kürü siyasəti” həyata keçirilib. Kürü şəklində artıq rüşvətlər verilməyə başladı. İndi də məlum olub ki, nağd pul şəkildə rüşvətlər verilməyə başlanıb. Biz özümüz bunu çoxdan biliridik ki, Qərbin demokratiyaya dəstək verməli olan dairələri Azərbayan hakimiyyəti tərəfindən ələ alınıb. Çünki bunu biz aydın görürdük. 2000-ci il ilə indi Azərbaycanda olan diplomatik korpusun Azərbaycan müxalifəti ilə əlaqələrini, eləcə də xaricdə olan təşkilatların Azərbaycan qeyri-hökumət təşkilatları ilə əlaqələrini müqayisə edək. Vaxtilə Norveç səfiri demək olar ki, Azərbaycanın küçələrində müxallifətin monitorinqini keçirirdi. İndi isə Azərbaycanda Norveç səfiri varmı? Bu sualı müxalifət liderlərindən soruş, heç kəs bilmir. Biz Norveç səfirini tanımırıq, görməmişik. Eləcə də Amerikanın səfirliyi varmı? Yəni səfirliklər, demokratik institutlar Azərbaycan demokratik institutları ilə bu dərəcədə məsafə saxlayırlar. Bu məsafə saxlamağın iki səbəbi var. Birincisi, Azərbaycan iqtidarı bunları müəyyən mənada sıxışdıra, siyasi oyunlar oynaya bilir. Digər səbəb isə həmin o ələalmalardır. Belə deyək, “Pişiyin könlü samanlıqda idi, it də vurdu ora saldı”. Onsuz da demokratiyaya dəstək vermək istəmirlər. Bir tərəfdən də iqtidar Azərbaycan xalqına məxsus olan vəsaitin bir hissəsini onlara verməklə, onları demokratiyaya dəstək verməkdən məhrum edib. Tam məsuliyyətimlə deyirəm ki, son 10 ildə Qərb tərəfindən Azərbaycanda demokratiyaya dəstək verilməsi sıfır həddinə enib.
- Sizcə, Mehman Əliyevin həbsinin bundan əvvəlki siyasi motivli həbslərlə əlaqəsi varmı?
- Mehman Əliyevin həbsi bundan əvvəlki həbslərin məntiqi davamıdır. Leyla Yunus, Anar Məmmədov həbs olunub. Əlövsət Əliyev xaricə qaçıb gedib. Digər qeyri-hökumət təşkilatları da susdurulubdur. O cümlədən, Mehman Əliyevin ofisində oturan Emin Hüseynov qaçdı xaricə getdi, qardaşını da həbs etdilər. Emin Milli xaricə qaçdı getdi. Yəni qeyri-hökumət təşkilatlarının bütün nümayəndələri sıradan çıxarılıb. Bir dənə Mehman qalmışdı. Nəyə görə Mehmanın həbsini olan həbslərdən ayırmalıyıq? Mehmanın həbsi Azərbaycan hakimiyyətinin Azərbaycan demokratiya institutlarına vurduğu sonuncu zərbədir. Yəni indiyə kimi zərbələr vurulub, qəzetlər, qeyri-hökumət təşkilatları susdurulub. Müstəqil qalan Mehman Əliyev idi ki, o da susduruldu. Mehman Əliyev digər qeyri-hökumət təşkilatlarından nəyə görə sonda həbs oundu və nəyə görə Qərb onu bu dərəcədə ciddi şəkildə müdafiə etdi, digərlərini müdaifə edə bilmədi? Məsələn, Anar Məmmədovu azadlığa buraxmaq üçün Qərb niyə bu qədər təzyiq göstərmir? Çünki Mehman Əliyev Soros Fondunun Azərbaycandakı rəhbərliyində olub və eyni zamanda bəzi demokratik institutların emissarı rolu oynayırdı. O baxımdan, Mehman Əliyevi daha ciddi şəkildə müdafiə etdilər. Hətta Mehman Əliyevin zaman-zaman müxalifətin prezidentliyə vahid namizdi ideyası meydana çıxmışdı. Burada sual doğur ki, bu qədər siyasi partiya lideri, ictimai xadim ola-ola, bir jurnalist nədən Azərbaycan müxalifətinin vahid lideri olsun ki? Deməli, müəyyən dairələr var idi ki, onlar Azərbaycanda qeyri-hökumət təşkilatlarını təkcə elə qeyri-hökumət təşkilatı kimi yox, həm də lazım gələndə siyasi məqsədlər üçün istifadə etməyi də planlaşdırıblar. Azərbaycan müxalifətinə dəstək verib, Azərbayan müxalifətini gücləndirmək, Azərbaycan müxalifət liderlərinin hər hansı birinin vahid namizəd kimi seçkilərdə iştirakına kömək etmək əvəznə, qeyir-hökumət təşkilatlarından bir nəfəri yetişdirirlər ki, müxalifətə vahid namizəd kmi təqdim etsinlər. Bütün bunlar göstərir ki, Mehman Əliyev bir siyasi fiqurdur, qeyri-hökumət təşkilatının  nümayəndəsi deyil. Bir adamın prezidentliyə namizəd kimi adı hallandırılırsa və zama-zaman o hədəfə gətirilirsə, Mehman Əliyevi jurnalist kimi hesab etmək düz deyil. O hədəfə gəlmək də təsadüfi deyil, müəyyən dairələrin təsiri ilə olur. Deməli, bu bir siyasi fiqurdur.
- Yerigəlmişkən, deputat Qüdrət Həsənquliyev də belə bir açıqlama verdi ki, Mehman Əliyev müxalifətin namizədi ola bilər...
- Mehman Əliyev hansı kriteriyalara, nəyə görə müxalifətin vahi namziədi ola bilər?! Həbsə qalsa, biz Mehman Əlyevdən daha çox həbsdə qalmışıq. Siyasi fəaliyyətə qalsa, biz Mehman Əliyevdən daha çox siyasi fəaliyyətlə məşğul olmuşuq. Hətta jurnalist fəaliyyətinə qalsa, biz özümüz də az  fəaliyyət göstərməmişik. İndiyə qədər mənim az qala 10 minə yaxın müsahibəm çıxıb və yaxud ayrı-ayrı məsələlərlə bağlı analitik şərhlər yazmışam. Bu insanlar iddialar irəli sürürlər ki, filankəs prezident olsun. Hansı kriteriyalar əsasında deyirlər ki, filankəs müxalifətin vahid namizədi olsun?! Mehman Əliyevi insan kimi şəxsən yaxından tanımıram. O ki qaldı siyastçi və yaxud jurnalist kimi də yaxndan tanımıram. Bilirəm ki “Turan” İnformasiya Agentliyinin rəhbəridir. Azərbaycan müxalifətinin bir nümayəndəsi kimi birdən-birə nəyə görə ona səs vermliyəm, yaxud vahid namizəd olmalıdır? Mehman Əliyev nə dərəcədə bir siyasi liderdir və müxalifəti, xalqı təmsil edə bilər? Bütün bunlar hamısı müəyyən dairələrin oyunlardır. Baxın, keçən seçkilərdə Rüstəm İbrahimbəyov, indi Mehman Əliyev hədəfə gətirilir. Bu, nə deməkdir? Siyasi liderlər siyasi proseslərdən kənarda qalsın. Bu ideyanı yayanlardan biri də Azərbaycan iqtidarıdır. Azərbaycan iqtidarı qarşısında bir siyasi lideri yox, bir ictimai fiquru, Cəmil Həsənli kimi bir alimi görməyə daha çox üstünlük verir. Rüstəm İbrahimbəyov kimi bir yazçının olmasına maraqları var. Ona görə də İsa Qəmbərin, Əli Kərimlinin, Sərdar Cəlaloğlunun, Etibar Məmmədovun prezidentliyə namizədliyi məsələsi həmişə arxa plana keçir və şayiə şəklində bu cürə şeylər yayırlar. Burada məqsəd odur ki, müxalifət seçkilərə siyasi lidersiz getsin. Belə çıxır ki, Mehman Əliyevin, bir jurnalistin simasında Azərbaycan müxalifəti qarşıdan gələn seçkilərə siyasi lidersiz gedəcək. Bu gülünc bir şeydir, qeyir-ciddi bir yanaşmadır. Elə Azərbaycanın evini yıxan budur. İllərdir bu eksperiment Azərbaycanda aparılır. Çətinliyə düşəndə bir ziyalını, qeyri-siysi lideri qabağa verməklə, guya, həmin dövrün ən ciddi qərarını qəbul edirlər. B,u tamamilə yanlış bir şeydir. Hadisələr nə qədər gərgindirsə, ciddidirsə, daha çox siyasiləşmiş şəxslər müxalifəti təmsil etməlidir ki, ağlı başında olsun, bilsin ki, qlobal, regional siyasət nədir. Bir adama biz jurnalist deyirik, həm də deyirik ki, o müxalifətin namizədi olacaq. O xalq xilas ola blər?
- Sizin ölkədə olmadığınız müddətdə bir çox hadisələr, o cümlədən Xızıda hərbi hissədə partlayış, ardınca isə Qəbələ və Oğuz rayonlarında meşə yanğınları baş verdi. Sizcə, bu hadisələr bir xəbərdarlıqdırmı?
- Bu partayışdan 1-2 gün əvvəl Eldar İbrahimov Mehriban Əliyevanın prezident olması zərurəti ilə bağlı bəyanat verdi. Halbuki, ondan bir qədər əvvəl Yeni Azərbaycan Partiyası Əli Əhmədov və digərlərinin simasında məhz İlham Əliyevin YAP-ın lideri, prezidentliyə namizəd olacağı ilə bağlı bəyanatlar verilmişdi. Ondan dərhal sonra o partlayış oldu. Bunu bir dəfə demişəm, bir də təkrar edirəm ki, Mehriban Əliyevanın prezident gəlməsi Rusiyanın və İranın maraqlarına uyğun olmadığına görə, onlar hakimiyyətdə lider dəyişikliyinə çox da yaxşı baxmırlar. Ona görə də Mehriban xanımın Birinci vitse-prezident gətirilməsi və onun adının prezidentliyə namizəd kimi hallandırılması müqabilində Rusiya tərəfindən çox ciddi addımlarla qarşılaşırıq. Hesab edirəm ki, Eldar İbrahimovun bəyanatı, ondan dərhal sonra hərbidə partlayışın olması və meşə yanğınları arasında bir əlaqə var. Bu günə qədər silah anbarının partladılması ilə bağlı aydın bir fikir yoxdur ki, o yanğın nədən meydana çıxıb? Çox maraqlıdır, böyük silah anbarında partlayış olub, orada əsgər ölməyib, hərbiçilərdən heç kəs yaralanmayıb. Onda belə çıxır ki, o anbarı heç kəs qorumayıb. Yaxud da oradan canlı qüvvə çıxarılıb, təxribat edilib, partladılıb. Ona görə, orada heç kəs ölməyib. Yoxsa, o boyda anbarın mühafizəsində yüzlərlə mühafizəçi olmalı idi. Necə olur ki, böyük partlayış olub, yaxınlıqda hərbi hissədə əsgərlərə heç nə olmayıb?
Azərbaycanda istintaq işləri çox gizli aparılır. Hökumət Tərtərdə olan hadisə ilə bağlı bəyanat verdi. Onların axırı nə oldu? 3-4 nəfər həbsxanada öldü, ondan sonra hələ də cəmiyyətə məlumat verilmir ki, vətənə xəyanət edənlərlə bağlı aparılan istintaq vəziyyəti nə yerdədir. Bunların arxasında kimlər durmuşdu, dövlətdə bunları kim dəstəkləyir, uzun illər bu cinayətkar dəstəyə kimlər himayədarlıq etmişdi, heç bir məlumat yoxdur. Eləcə də bu partlayışla bağlı məlumat verilmir. Çünki Azərbaycan iqtidarının fəaliyyəti şəffaf deyil. Partlayışla bağlı Müdafiə Nazirliyi tərəfindən cəmiyyətə rəsmi məlumat verilməli idi ki, bunun səbəbi nədir. Partlayışın üzərindən xeyli müddət keçib. Amma çox təəssüf ki, bu günə qədər hələ də biz bilmirik ki, səbəb nədir.
Bu partlayışa oxşar bir partlayış da vaxtilə Naxçıvanda Heydər Əliyev Naxçıvan Ali Sovetinin sədri olanda olmuşdu. Azərbaycanda Naxçıvan silah anbarlarının yoxlanılması ilə bağlı komissiya təşkil edimişdi. O vaxt şayiə yayılmışdı ki, silahların bir hissəsi çevrilşçilərə verilib. Komissiya gəlməmişdən bir az öncə həmin silah anbarında böyük partlayış oldu. Heç bilinmədi ki, orada silah var idi, yoxsa yox.
Zaman-zaman hərbi obyektlərdə bu cür partlayışlar olur. Burada çox ciddi bir məsələ var. Azərbaycanın vaxtilə dövlət büdəcsi 25-30 milyard dollar idi. Onda bəlkə də bu silah anbarının partladılması önəmli olmazdı. Dərhal Azərbaycan dövləti bir neçə milyard verib, o anbarı bərpa edə bilərdi. Amma indi bu gün dövlət büdcəsində pul azdırsa və hərbi xərclər azaldılıbsa, bu, çox çətindir. Ermənilərlə 10 il müharbə aparsaydıq, hərbi texnika baxımından heç bu qədər itkiyə məruz qalmazdıq. İndi biz nə bilək, bəlkə də Tərtərdə olan xəyanətkarlar orada da fəaliyyət göstərir. Hələ də Azərbaycan ordusunda Rusiyaya xidmət edən, Rusiyanınn kəşfiyyat orqanları ilə əlaqəsi olan adamlar ifşa edilib, kənarlaşdırılmayıb. Ona görə də Azərbaycanda baş verən bəzi təxribatların yuxarıdan təşkil edilən təxribatlar olmasını da istisna etmək mümkün deyil. Neçə ki, Rusiyaya xidmət edən adamlar kənarlaşdırılmayıb, biz hələ də düşünməliyik ki, bunların arxasında təxribatlar, o cümlədən meşə yanğınları da ola bilər. Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin rəsmisi deyirsə ki, bunun arxasında qəsdən törətmə var, onda sual oluna bilər, Azərbaycanda meşələri qəsdən kim yandıra bilər? Deməli, ya o zonada iqtisadi maraqları olan adamlar, ya da xarici güclər bunu edə bilər.
Ona görə də bu cür məsələlərdən çox əvvəl demişdim ki, Azərbaycan iqtidarı lider dəyişikliyinə gedəcəksə, Azərbaycanda çox ciddi kataklizmlər gözləməliyik. Mən bunu deyəndən 6 ay sonra partalyış, sonra meşə yanğınları olub, cəhbədə də gərginləşmə olub və bu davam edəcək. Azərbaycan müxalifətinin sözünü Azərbaycan iqtidarı dinləməsə, ən azı bunu təhlil etsə, bəlkə də bu cür hallar olmaz. Düşünürəm ki, prezident seçkiləri yaxınlaşdıqca Azərbaycanda bu cürə təxribat halları artacaq.
 
Hurriyyet.org