DƏLİ YIĞINCAĞI – Eldəniz Quliyev yazır

Baxış sayı:
3169

Şanlı-şöhrətli hökumət yolunda can qoyub ömrünün qalan hissəsini "podarka" verməyə müntəzir olan bəzi "şərafətli"   məmurlarımız BİRMÖVZULU adlanan qorxunc xəstəliyə yoluxublar...
Son dövrdə pırıl-pırıl siyasi fəalların, sonra məşhur-məşhur alimlərin, daha sonra isə fağır-füğara jurnalistlərin birdən-birə, yəni hoppadan şərlənib tutulması, məndə bir əminlik yaratdı ki, bu BİRMÖVZULU mərəz hakimiyyət orqanları içərisində çox sürətlə, az qala dedi-qodu sürətilə yayılmaqdadır!.. Adətən belə mərəzlər ağır, bəzən hətta, sağalmaz ruhi xəstələrdə təzahür edir: "Mən Napaleonam!", "Mən qazan qapağıyam!", "Mən məstan pişiyəm!" və sair bu kimi sərsəm iddialar səsləndirib, öz dediyinə inanmaq, bu mövzudan kənar başqa heç nəyi qəbul etməmək, habelə bunu usanmadan saatlarla, günlərlə, aylar və illərlə mızıldana-mızıldana təkrar etmək!.. Əlbəttə, bu, həmin insanların psixikasında ciddi pozuntular olmasından xəbər verir. Səhv etmirəmsə, belə ruhi sapıntılar psixatriya elmində şizofreniyanın ağır formalarından biri sayılır. Loru dillə desək, - ipləmə!..
Nə isə, sözümün canı budur ki, bəzi  yüksək dövlət məmurları müvafiq olaraq, onların tabeçiliyindəkilər, daha dəqiqi, qapazaltıları məhz bu  sağalmaz xəstəliyə yoluxduqlarından  öz fərqli siyası baxışları olan, yaltaqlıq-tulalıq, işverənlik etməyənləri, o cümlədən  yalandan, saxtakarlıqdan uzaq durub haqq-ədalət  tələb eləyən insanların hamısını "optovoy" şəkildə potensial cinayətkar (bəzənsə narko-baron, ya narkoman) kimi görürlər...
Görür və "Mən  narkotik  tapan Şerlok Holmasam" deyə, bunu  dönə-dönə təkrar edirlər. Ən acınacaqlısı budur ki, tapırlar da! Özü də, olmayan yerdə(?!) - qramla, kiloyla, bəzən hətta, tonla!
Əsil dəli yığıncağıdır, vallah.
Başqa bir bərkgedən məmur qəfildən asqırıb yuxudan ayılır və lappadan deyir ki, bəs, mən olmasam Yer kürəsi öz məhvərində çıxıb "buksavat" eləyər,  məmləkət əhli də durub mitinqə-zada çıxar və şimal-şərq küləyi əvəzinə, yelpik yelləyib cənub-qərb küləkləri əsdirər!.. Və həmin o dərisi bir abbasıya dəyməyən məmur, müəllim, cənab bütün varlığıyla özünə təlqin edir ki, nə az, nə çox, o, Şah Abbasın doğmaca xalası nəvəsidi!.. "Bəli, mən Şah Abbasın nəsliyəm, vsyo!"- deyibən, mıx kimi adamın üzünə durur.
Əlbəttə, Şah Abbasın xalası nəvəsidirsə, deməli, könlündən, kefindən nə keçirsə eləməyə küllü-ixtiyarı var və buna görə ona heç, "gözün üstə qaşın var" deyən də olmayacaq. Lazım gəlsə, ərzağın, nöyütün-benzinin, işığın-qazın və sairənin qiymətini bir andaca elə qaldırar, elə qaldırar ki, yazıq camaat heç "mıqq"da eləməyə macal tapmır...
Digər qəşəng, gözəl, ən əsası xalasıgöyçək bir hakimiyyət yetkilisi yatıb yuxuda görür ki, o elə bir oğlandı ki, "çayda balıq yan gedir".  Yuxudan oyanan kimi, nədənsə onun könlündən "tək əldən səs çıxmaz" kəlamını təkzib eləmək keçir. Və başlayır tək əllə çırtma çalıb səs çıxarmağa. Sonra da, "Mən çırtmaçı ələm və yeganə adamam ki, tək əldən səs çıxarmağı bacarıram!" deyibən, məmləkət məhkəmələrini tək əlinin şəhadət barmağı ilə idarə eləməyə başlayır. Kimə nə hökm, nə şəbədə çıxarmaq, kimi tutmaq, kimi buraxmaq, kimə neçə il cəza vermək və s. və i.a. səlahiyyətləri əlinin bircə barmağıyla həyata keçirir!.. Özü də, tutulan və ya tutdurulan adamın (adamların) günahı-suçu var, yoxdu, cinayət törədib, ya törətməyib, şərlənib ya qanuni tutulub... dəxli yoxdu, əsas, - şəhadət barmağı amiranə tərzdə silkələmək və zaman-zaman bir əlin üç barmağından ibarət olan məlum kompozisiyanı xalqa göstərməkdi...
Şizofreniyanın aşkar simptomları göz  qabağındadır, deyilmi!..  Bir də, dəli yığıncağının nə buynuzu olur, nə də qapı-pəncərəsində dəmir barmaqlıqları!..
Müxtəsəri, BİRMÖVZULU olmaq yəqin taleyimizə yazılmış min bir dərddən biridir...
Deyirlər, Allah-taala kimisə öldürmək istəyəndə əvvəl o adamın ağlını əlindən alır, sonra Əzrayıl müəllimi göndərir... Bu məsəl güman ki, hər hansı adamdan, fərddən, şəxsdən başqa, başını, başıyla birgə ağlını da itirmiş hakimiyyət və dövlətlərə də aiddir!..
"Allah şəfa versin!" deməkdən savayı əlimizdən nə gəlir ki?!
Eldəniz QULİYEV