"DEVALVASİYA HƏR GÜN BAŞ VERİR..." - Tanınmış ekspert dolları olanlara çağırış etdi

Baxış sayı:
283

Tanınmış ekspert Əkrəm Həsənov manatın məzənnəsi ilə bağlı tez-tez verilən “Devalvasiya olacaqmı?” sualına münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanda faktiki olaraq devalvasiya və revalvasiya prosesi demək olar ki, hər gün baş verir.

Ə.Həsənov qeyd edib ki, manat dollara bağlandığı üçün “sabit məzənnə” anlayışı yalnız dollar-manat münasibətinə aiddir. Lakin dolların özü dünya bazarlarında ucuzlaşdıqda və ya bahalaşdıqda, manat avtomatik olaraq digər valyutalara nisbətdə dəyər itirir və ya möhkəmlənir.

Ekspert Mərkəzi Bankın rəsmi məlumatlarına diqqət çəkərək bildirib ki, son günlər məzənnə dinamikası bunu açıq şəkildə göstərir. Onun sözlərinə görə, bir gün əvvəl dolların digər valyutalara nisbətən bahalaşması fonunda manat da əksər valyutalara qarşı möhkəmlənib. Nəticədə manat bir sıra valyutalara münasibətdə dəyər qazanıb.

Lakin növbəti gün vəziyyət dəyişib. Dolların ucuzlaşması ilə manat da əksər valyutalara qarşı devalvasiyaya məruz qalıb. Əkrəm Həsənovun sözlərinə görə, bu proses real devalvasiya kimi qiymətləndirilməlidir, çünki idxal olunan malların qiyməti bahalaşır. O misal kimi avronun məzənnəsini göstərib: bir gün əvvəl 1 avro 2,0185 manat olduğu halda, növbəti gün bu rəqəm 2,0401 manata yüksəlib. Nəticədə Avropa istehsalı olan mallar Azərbaycan bazarında daha baha başa gəlməyə başlayıb.

Ekspert vurğulayıb ki, bu tendensiya gələcəkdə daha da güclənəcək. Onun fikrincə, dolların qlobal hegemonluğu zəifləyir və dünyada yeni iqtisadi modelə keçid qaçılmazdır. Əkrəm Həsənov ABŞ-ın böyük borc yükü və qlobal iqtisadi proseslər fonunda ciddi dəyişikliklərin baş verdiyini bildirərək vətəndaşlara maliyyə məsələlərində ehtiyatlı olmağı tövsiyə edib.